Facemark.az ''Moodbana.com''-un rəhbəri gənc biznesmen Fuad Ağayev ilə müsahibəni təqdim edir.
1. Fuad bəy, sizi daha yaxından tanıyaq.
Mən Fuad Ağayev, 19 yaşımdan şəxsi biznesimlə məşğulam. 6-cı sinifdən mən ucqar kəndlərə gedib cücə satırdım. Düzü, ailəmə baxsanız daha çox həkim, mühəndis, müəllim görərsiniz. Məndə biznesə, ticarət etməyə maraq yəqin ki, o yaşlardan yaranıb. 7 ildir ki, Amerikada yaşayıram. Amma heç bir zaman Azərbaycandakı bizneslərimin işini bir gün belə dayandırmamışam. Hər daim yenilikçi sahələrdə olub yeni dövrün bizneslərini etməyə çalışmışam. Yeni dövrün bizneslərini etmək mənim üçün hər zaman çox önəmli yerdə olub. Mənim üçün yeni dövrün biznesində olub və ondan pul qazanmaq çox vacibdir.
2. ‘’Moodbana.com’’un yaranmasından danışaq. Necə qərara gəldiniz ki, bu sahə üzrə biznes qurasınız? Uğurlu hesab edirsiniz mi? Hazırda ‘’Moodbana’’ya rəqib gördüyünüz platforma var?
''Moodbana.com''un yaranmasının ən önəmli faktorlarından biri Azərbaycanda onlayn fəlsəfəsini daha çox məşhurlaşdırmaqdır. Bizdən öncə də saytlar var idi və indi də var. Sadəcə onlar məhsullarını mağazada olan qiymətlərlə eyni qiymətə satırlar. Mənə görə orada qaçırılan bir məqam var. Onlayn olan məhsullar mağazadan daha ucuz qiymətə satılmalıdır. Birincisi, mən bu onlayn mədəniyyətini yaymaq istəyirdim. Bu onlayn mədəniyyətinin yayılması bir çox sahələrdə də inkişafa səbəb olacaq. Bunlardan biri də rəqəmsal marketinq sahəsidir ki, bu sahədə də ciddi uğur əldə etdik. ''Moodbana.com''un rəqibi məsələsinə gəldikə isə Azərbaycanda xarici ölkə saytlarından çoxlu rəqiblərimiz var. Azərbaycanda müştərilər istənilən ölkə saytından hər ay 300$-lıq məhsul ala bilər. Dünyanın hər ölkəsində özünə məxsus ucuz olan məhsulları var. Məsələn: Çin, xırda aksessuarlarda ucuzdur. Amerika, kosmetika və elektronikada ucuzdur. Türkiyədə tekstil ucuzdur. Ona görə bu gün Azərbaycanda ''Moodbana''nın rəqibi Çindən ''Aliexpress'', Amerikadan ''Amazon'', Türkiyədən ''Trendyol'', Avropadan ''Zalondo''dur. Bunların hamısını bir yerə yığdıqda görəcəksiniz ki, bizim rəqiblərimiz bir neçə trilyon dollarlıq şirkətlərdir. Düşünün, biz Azərbaycan şirkətiyik və öz büdcəmizə iş görürük və dünyanın hər ölkəsində olan onlayn şirkətlərlə yarışmaq məcburiyyətindəyik. Yəni biz bəzi şeyləri ''Amazon''dan yaxşı etməliyik ki, insanlar ''Amazon''dan deyil, bizdən alsınlar. Bəzi şeyləri ''Aliexpress''dən yaxşı etməliyik ki, insanlar ''Aliexpress''dən deyil, bizdən alsınlar. Bəzi şeyləri ''Trendyol''dan yaxşı etməliyik ki, insanlar ''Trendyol''dan deyil bizdən alsınlar. Sizcə bu nə qədər məntiqli və mümkündür? Bunu mənə dünyada izah edə biləcək hər hansı iqtisadi bir sistem yoxdur. Hamının tez-tez işlətdiyi ''Trendyol'' 2009/10-cu illərdə yaranıbdır. Sizcə o zaman Türkiyə vətəndaşları digər ölkələrdən 300$ dəyərində məhsul sifariş edə bilsəydi, bu günki ''Trendyol'', ''Trendyol'' ola bilərdimi? Bu misal ''Aliexpress''ə və digərlərinə də aiddir. Əmin olun ki, bu şərtlərlə həmin ölkələrdə normal vebsayt çıxa bilməzdi. Əlbəttə, bu mümkün olmazdı. Bu məsələlərdə dövlətdən önümüzün açılmasını istəyirik. İnsanların öz üzərlərində gətirdikləri məhsullara sözümüz yoxdur, amma karqo yolu ilə məhsul gətirmək bu artıq ticari məhsul sayılır. Siz heç bir yerdə belə bir limit görə bilməzsiniz ki, ölkəyə vətəndaş 300$-lıq məhsul gətirir. Heç 10$-lıq məsələ belə ciddi mövzu deyil. Yoxsa tarix boyu heç bir şirkət belə bir rəqabəti apara bilməz və mümkünsüzdür. Nəinki onlayn saytda, digər sahələrdə də mümkünsüzdür.
3. Uğurlu biznesin sirri nədir sizcə? Necə olur ki, kimlərsə öz biznesini quraraq milyonlara sahib olur, kimlərsə böyük maddi ziyanla bu işdən yan keçirlər. Uğurlu biznes üçün hansı kriteriyalar olmalıdır? Hansı biznesinizi uğurlu adlandırardınız?
Uğurlu biznes dedikdə bu, hər ölkə üçün dəyişir. Bu gün Amerikada iş görürsünüzsə, innovativ işlər görməlisiz və gördüyünüz işi sistemə bağlamalısınız. Amerikada sistem qurmağı bacarmalı və ona dəyər qatmalısınız. Sistemə yenilik gətirməlisiniz. Azərbaycanda isə işlər klassik yolla irəlilədiyi üçün məsələ bir az fərqlidir. Şirkətlərdə liderlik yoxdur, işə sahiblənən yoxdur. Və işə şirkət rəhbəri sahiblənmədiyi üçün işçilər də o işə sahiblənmir. Ən birinci, işini quranlara məsləhətim işin hər sahəsində özləri olsunlar. Anbarından, fəhləliyindən başlamış, marketinq və maliyyəsinə qədər. Belə olan halda bütün işlərin uğura çatacağına inanıram.
Liderlik dedikdə buna sadəcə bir söz kimi baxılmamalıdır. Liderlik odur ki, komandanız sizi izləyir. Sözün əsl mənasında o lider olmalısınız ki, sizi izləyənlər də dəyər yaratmaq üçün işlər görsünlər. Komandalarda elə şərait olmalıdır ki, hər kəs öz yaradıcılığını ortaya qoya bilsin. Beləcə bu şirkətin inkişafında ciddi töfhə verə biləcək.
4. Uğursuzluq həyatın bir hissəsidir və əlbəttə ki, biznesin də. Biz fərqinə varmasaq belə, uğursuzluqlar bizi uğura aparır. Bu yolda hansı uğursuzluqlar sizə motivasiya verib?
Bir şeyin dəyərli və uğurlu olması onun nə qədər çətin əldə edilməsi ilə əlaqədardır. Məsələn, qızıl ona görə dəyərlidir ki, asan tapılan şey deyil, Neft ona görə dəyərlidir ki, hər ölkədə yoxdur. İş həyatında da uğur elə bir şeydir ki, keçdiyiniz yollar çətin olmalıdır. Keçdiyiniz yollar nə qədər çətindirsə və nə qədər yıxılıb-qalxmısınızsa bir o qədər güclüsünüz. Mən də keçdiyim yollarda nə qədər yıxılıb-qalxıramsa bir o qədər motivasiyam artır. Uğursuzluq daha yaxşı və planlı olmağıma şərait yaradır. Növbəti bir layihəni planlayanda daha diqqətli oluram.
5. Günümüzdə hansı sahə üzrə biznes qurmaq daha sərfəlidir?
İstər indi, istər keçmişdən gələn hər sahədə ciddi mənada qazanc əldə edilir. İstər min illərin işini kənd təsərrüfatında, istər informasiya dövründən əvvəlki sənaye dövründə və ya indiki rəqəmsal dövrdə ciddi işlər və ciddi gəlirlər var. Uyğun işi axtarmaq doğru deyil, əsl olan siz hansı işə uyğunsuz. Sizə uyğun olan işi axtarıb tapmaq lazımdır. Bu sizin təcrübənizdən, praktikanızdan irəli gəlir. Hansı təcrübədən gəlmisinizsə axtarıb o sahədə özünüzü inkişaf etdirməlisiniz. O sahə sizə hər zaman qazanc verəcəkdir.
6. Biraz da xarici biznes ilə Azərbaycandakı biznesi müqayisə edək. Nələr deyə bilərsiniz? Xaricdən biznesi idarə etmək çətin olmur?
Bizim Amerikada gördüyümüz işlər daha çox Amerika mühitinə uyğun işlərdir. Hər bir ölkənin özünəməxsus mədəniyyəti var və ona görə işlər qurur. Bu gün İsveçə nəzər salsaq, ora saat şirkətləri, şokolad şirkətləri ilə çox öndədirlər. Bunlar nüfuzu böyük olmayan ölkələrdir. Lakin dünyaya nə qədər dəyər qatacaq işlər görürlər. Azərbaycana nəzər salsaq, o heç bir ölkənin istehsalçısı ola bilməz. Məsələn Türkiyə, Çin isə dünyanın istehsalçı ölkəsi olaraq yol alıblar. Və onlar bununla bizneslərini təşkil edirlər. Azərbaycan dünyaya markalar çıxararaq sata bilər. Öncə Azərbaycanda sahibkara aid bəzi düşüncələr dəyişməlidir. Məsələn, dünyada iş adamı deyilən bir qavram var, Türklər tüccar deyir, İranlılar Tacir deyir. Bizdə isə iş görən adamlara alverçi deyirlər. Bizim bu məsələdə baxışlarımız dəyişməlidir. Sahibkara, biznesmenə baxışımız hələ tam öz yerini tapmayıb. Bu ondan irəli gəlir ki, hələ kapitalist sistemə ayaq uydura bilmirik. Sərbəst bazar iqtisadiyyatına ayaq uydura bilməmişik. Anladıqlarımızın böyük hissəsi səhvdir. Bunu hər sahədə görmək olar.
Uzaqdan iş idarə etmək məsələsinə gəldikdə isə mən yaxşı xatırlayıram, hərbi xidmətə yola düşəndə işlətdiyim mağazanın meneceri ilə hər həftə sonları əlaqə saxlayıb tapşırıqları verirdim. Hazırki dövrdə şirkətlər ofislərini bağlayıb işçilərini evə göndərdiyi, evdən işlədiyi dövrdə mənim harda olmağımın fərqi yoxdur.
7. Heç olub mu ki, ordaki hər hansı bir modeli Azərbaycanda tətbiq etmək istəyəsiniz?
Mən çox istərdim ki, tək mən yox, Azərbaycandakı bütün sahibkarlar xaricdə başverən yenilikləri ölkəmizə uyğunlaşdıra bilsinlər. Hazırda mən bunu edirəm. Deyə bilərəm ki, biz yeganə komandayıq ki, Amerika şirkətlərinə bütünlüklə Azərbaycanda təşkil olunmuş komanda ilə servis veririk. Məni bu elə sevindirir ki, gənclərimizin işləri beynəlxalq arenada rəğbət görür və özəlliklə bu ağıl işində baş verir. Şirkətimizin bu yaxınlarda Amerikada artıq yeni ofisi də açıldı. Hərdən ''Facebook'' səhifəmdə vaxt olduqca baş verən yeniliklərimizi paylaşıram.
8. Müasir marketinq konsepsiyasında bütün strategiyaların başında müştəri faktoru dayanır. Müştəriləri yaxından tanımaq, asan satışın ilk addımıdır. Məmnunluğu təmin edən amillər hansılardır?
Bizdə müştəri məmnuniyyəti bütün bizneslərin əvəzedilməz tərəfidir. HR coğrafiyada bu belədir. Sadəcə bir məsələ var ki, bizdə müştərilər daha çox onu aldadanlara inanır. Ona görə də ortalıq saxta mallarla doludur. Bizdə güvən sistemi digər ölkələrdən fərqlənir. Mən öz biznesimdə düzgünlüyü seçən bir sahibkaram. Aldadanla aldatmayanı eyni səbətə qoymaq düzgün deyil. Biz aldadanlar sırasında olmadığımız üçün istəyərdim ki, düzgün qərar verən şirkətlərlə rəqabət aparaq.
9. Satış və marketinq strategiyasını necə təkmilləşdirmək mümkündür?
Satış-marketinq strategiyasında bir nöqtəyə toxunmaq istəyərdim ki, marketinq bir investisiyadır, xərc deyil. Nə qədər investisiya etsəniz o qədər çox qazanacaqsınız. Marketinq dəyər yaratmaqdır. Onlar dünyanı izləyib və öz ölkəsinin damarını bilməlidir. Siz Avropa, Amerikadan fikirlər alıb, onu birəbir öz ölkənizdə tətbiq edə bilməzsiniz. Ölkə insanını yaxşı tanımalısınız. Ondan sonra isə verdiyiniz marketinq fikrinin tutması üçün böyük şans yaranacaqdır.
10. Marketinq və satışı Yeni biznes qurmaq, işə başlamaq istəyən gənclərə nə kimi məsləhətlər verə bilərsiniz?
Öz biznesini qurmaq istəyənlərə isə öz keçdiyim yollardan, təcrübə etdiyim ölkələrdən, iş gördüyüm Amerikadan öyrəndiyim təcrübələri bölüşə bilərəm. Ən başda yuxarıda bu məsələyə toxunmuşdum ki, işə sahiblənməlidirlər. O iş üçün 24 saat işləməlidir. Burada bir məsələyə diqqət çəkəcəm. Dürüst olmalıdırlar. Dürüstlük dedikdə yalan danışmamaq, oğurluq etməmək dürüstlük deyil. Dürüstlük odur ki, sahibkar getdiyi yolda narahatlıq yaradan zibil varsa və o zibili aradan qaldıra bilirsə, bunu mütləq etməlidir. Əks halda o sahibkar dürüstlük qazana bilməz. Təvazökar olmazlarsa, komanda ruhu yarada bilməzlərsə, onlar uğurlu ola bilməzlər. Dürüstlüyü hər ortamda etmələri lazımdır, ailədə və dostlarla olduqları hər yerdə. Sözün əsl mənasında sahibkar fədakar olmalıdır.
Müsahibə üçün təşəkkürlər!