Facemark.az Könül Əliyevanın "Kouçinq prosesi nədir, bizə nə qazandırır?" mövzusunda yazısını təqdim edir.


Hər birimiz həyatımız boyu müəyyən mərhələlərdə özümüzün daha yaxşı versiyasını yaratmağa çalışır, cəhd edirik. Daha peşəkar olmaq üçün əlavə təlimlər alırıq, daha sağlam olmaq üçün həyat tərzimizi, qidalanmamızı dəyişdiririk, zərərli vərdişlərimizdən əl çəkirik, daha yaraşıqlı görünmək üçün idmanla məşğul oluruq, saç rəngimizi, modelimizi dəyişdiririk və s. Bütün bu cəhdlər dəyişimin və dönüşümün mənbəyində duran yenilənmə ehtiyacından, rutin davam edən həyatımıza həyəcan qatmaq istəyimizdən irəli gəlir. Bəzən bu həyəcanlar süni, qısamüddətli, bəzən isə çox yaradıcı və məhsuldar olur. Uzunmüddətli ən əhəmiyyətlisi isə fərq edilə bilən dəyişim və dönüşüm üçün dərin fərqindəlik və seçim çoxluğu yaradaraq yola davam etməkdir.


Ümumiyyətlə həyatımızın müxtəlif dövrlərində özümüzü narahat, etibarsız və ya oyundan kənarlaşdırılmış kimi hiss edirik. Bir şeylər dəyişməlidir, fərqindəyik. Ancaq haradan, necə başlayacağımızı bilmirik. Tam da bu zaman kouçlar bizim köməyimizə gələ bilərlər.


Bəs bu proses necə baş verir? Necə olur ki, dostlarımızla, yoldaşlarımızla oturub söhbət etdiyimizdə, problemə həll yolları axtardığımızda dönüb, dolaşıb eyni yerə qayıdırıq? Bu sualın cavabı da əslində çox sadədir, ancaq addım - addım gedək.


Kouçinq prosesinin təməlində duran ən birinci maddə, insanların doğuştan yaradıcı, bacarıqlı, potensiallı və bir bütün olmalarına inamdır. Kouçlar inanır ki, insanlar öz suallarını özləri cavablandıra bilər, bacarıqlarının fərqinə varıb potensiallarını tam şəkildə ortaya qoya bilərlər. Bu, insanların yaradılışdan təbii, zərər görməmiş, qabiliyyətli və yaradıcı olduğuna inamla əsaslanır. Eric Bern deyir ki, bütün insanlar “şahzadə” olaraq dünyaya gəlir, sonradan “qurbağaya” çevrilirlər. Kouçun vəzifəsi prosesi doğru şəkildə idarə edərək, ona gələn insanları “fabrika ayarlarına” geri qaytarmaqdır.


Digər maddə kouçinq prosesinin bərabərlik müstəvisində davam etməsinin əhəmiyyətini ifadə edir. Burada ünsiyyət tamamilə səmimiyyət və etibar müstəvisində, mentorluq və ya müşavirlikdən fərqli olaraq, bərabər səviyyədə iki insan arasında qurulur və davam etdirilir. Kouç heç bir zaman daha ağıllı və ya hər hansı sahənin peşəkarı olaraq mövqeləndirmir, mövqeləndirə bilməz. Dostlarımızdan fərqli olaraq öz həyatında yaşadığı təcrübələrinə əsaslanaraq rəy bildirməz, fikir söyləməz, istiqamətləndirməz. Səbrlə dinləyər, sizin duyğularınıza ayna tutar, fərqinə varmağınıza kömək edər.


Kouçluq prosesi, insanın gətirdiyi bu və ya digər məsələlərə, problemlərə ayrı-ayrılıqda fokuslanmaq deyil, insanın bütün qəlbi, ağlı, bədən dili ilə işləməyi tələb edir. İnsan həyatının müəyyən bir hissəsini, həyatdakı bir vəya bir neçə rolunu görmək deyil, onun bütün varlığına fokuslanmaq və onunla birlikdə bir bütün olaraq varlıq içərisində anlam aramaqdır. Bütün bu prosesdə mühakimə və dəyərləndirmə olmadığına görə insan özünün daxili bənzərsiz yaradıcılığına raharlıqla çata bilir.


Ən əhəmiyyətli məqamlardan biri də hər iki tərəfin anda qala bilməsi, bütün varlığı, ruhu, düşüncəsi ilə prosesin içində olmasıdır ki, bu zaman peşəkar kouçun bir planı, öncədən hazırlanmış sual seti, tətbiq edəcəyi metodologiya hazırlığı olmaz, anda davam edərək, danışanın o andakı ruh halı, reaksiyası və ehtiyacına uyğun olaraq prosesi davam etdirər.


Kouçların ən güclü alətləri isə suallarıdır. Uşaqlıqdan eşitməyə adət etdiyimiz “suala sualla cavab vermə” qadağası çərçivəsindən cəsarətlə çıxaraq, suallarınıza doğru suallarla cavab verir və sizi daha dərindən düşünməyə, daha yaradıcı seçimlər yaratmağa və bu seçimlər içərisindən ən uyğun olanına azad şəkildə və məsulliyyətini alaraq qərar verməyə təşviq edir. Yeni, cəsur və yaradıcı düşüncələr və seçimlər isə sizə yeni duyğular və yeni davranışlar qazandıraraq, həyatınızda pozitiv dəyişimin və dönüşümün təməlini qoyur.