Risk etmək qorxunuz biznesinizi inkişaf etdirməyə mane olursa, riski tanımaq və tanış olmaq üçün çalışmaq lazımdır. Unutmaq olmaz ki, risksiz müəssisə yoxdur.


Facemark.az xarici mənbəyə istinadən biznesdə risklər haqqında araşdırma yazını təqdim edir.


Yeni bir işə başladığınız zaman və ya şirkətinizi böyüdərkən, sizi dayandıran və ya düşündürən investisiya qorxusudur. Borca girməkdən, biznesin uğursuzluğundan qorxursunuz. Biznesinizi genişləndirmək qərarına gəldikdə, investisiyanın qaytarılması üçün güclü bir iddianız olmalıdır. Bu tezizə uyğun olaraq, qazancınız kapitalın dəyərindən yüksək olduğu müddətcə borc götürə və sərmayənizin bəhrəsini qısa müddətdə ala bilərsiniz. Böyümək qərarı cəsarətli bir qərardır. Bu qərarı verərkən risklə bağlı qorxu və şübhələr hiss etmək normaldır. Əgər siz hesablamalarınızı düzgün aparmısınızsa və tətik nöqtələrini (riskdən çəkinmə və borc almaq qorxusu) düzgün müəyyən etmisinizsə, geriyə yalnız qorxuya qalib gəlmək və özünüzü hazır hiss etdikdə hərəkətə keçmək qalır. Bəs bu zaman nələr etmək lazımdır?


Kiçik risklərlə gələn uğurdan dəstək alın


Güvən əzələ kimidir. İşlədikcə güclənir. Kiçik risklər götürərək uğur qazandığınız zaman özünüzə inamınız artır. Kiçik risklər kiçik uğurlar, uğursuzluqlar isə karyera və ya sahibkarlıq baxımından cüzi itkilərə səbəb olacaq, maddi durumunuza və ümumiyyətlə əhvalınıza təsir etməyəcək.


Uğurlu olmağı planlaşdırın


Yaxşı düşünülmüş və ətraflı iş planına sahib olun. Böyümək üçün hansı mərhələlər var? Uğursuzluğun riskləri nələrdir? Onları tarazlaşdırmaq üçün hansı planları həyata keçirməyi planlaşdırırsınız? Biznes planınızın güclü və zəif tərəfləri hansılardır? Qarşınızda aydın bir mənzərə olsun, yola çıxmazdan əvvəl atacağınız addımları alternativlərlə birlikdə planlaşdırın.


Dəstəyə ehtiyacınız olan sahələrdə kimin yardım alacağını planlaşdırın


Hər mövzunu bilmək, hər işdə təcrübəyə malik olmaq mümkün deyil. Əsas odur ki, özümüzü yaxşı tanıyaq və boşluqlarımızı ən yaxşı şəkildə doldura biləcək vicdanlı insanları daxil edək. Ağıllı və səriştəli insanlar öz mövzularında düzgün təlimat verməklə riskləri azaldacaq və düzgün strategiyaların hazırlanmasında şirkətə dəstək verəcəklər.


Lazımsız risklərə getmədiyinizə əmin olmaq üçün hərəkətlərinizi daim qiymətləndirin


Heç zaman potensial gəlir və itkini unutmayın. Müqayisə edin. Əgər alacağınız risk gəlirdən üstündürsə, bunu etməyin.


Bəzi risklər daha çox dəyər vəd edir. Bəzi risklər kiçik potensial təklif etsə də, böyük itkilərə səbəb ola bilər. Bəzi risklər ya işinizi məhv edəcək, ya da qarışıqlıq yaradacaq. Lakin bu risklərin ortaq cəhəti onların fərqləndirici olmasıdır. Bir çox insan riskdən tamamilə çəkindiyi üçün risk etməyə cəsarət edənlər kütlənin arasından seçilir və öz uğur şanslarını yaradırlar. Onların cəhdi uğursuzluqla nəticələnsə belə, onlar çalışırlar, təcrübə toplayırlar, dərslər alırlar və növbəti təşəbbüslərinə hazırlaşırlar. Riskləri ümumiləşdirmək əvəzinə, onun mürəkkəbliyini başa düşmək və sahibkar kimi hansı risklərin müdrik olduğunu müəyyən etmək lazımdır. Əlbəttə ki, ən vacib sual hansı riski götürməyə açıq olduğunuzu tapmaq olacaq. Bilmək lazımdır ki, risk etməmək yolun sonu deyil. Uğursuzluqlar uğurun xəbərçisidir, təslim olmadan davam etmək vacibdir.