Facemark.az marketinq meneceri Fərid Abdıyev ilə müsahibəni təqdim edir.
1. Fərid bəy, salam. Sizi daha yaxından tanıyaq.
Salam. Mən Fərid Abdıyev, hazırda yerli şirkətlərin birində marketinq meneceri olaraq çalışıram. İlk onu qeyd edim ki, marketinq hər zaman mənim üçün maraqlı olub. Bu səbəbdən də bakalavr ixtisasım fərqli olsa da, master təhsilimi Dokuz Eylül Universitetində, marketinq sahəsi üzrə almışam. Marketinq sahəsində artıq 4 ildir ki, fəaliyyət göstərirəm. Həm FMCG, həm də xidmət sahəsinin marketinqində çalışmışam. Digər tərəfdən də blogging fəaliyyətimi genişləndirməyi düşünürəm. Onu da qeyd edim ki, bu yaxınlarda təqdimatı keçirilən " Bu günün marketinqi 4" kitabında da 7 fərqli mövzuda yazılarım dərc olunub.
2. Biz sizi həm də fərqli mövzularda olan yazılarınızdan tanıyırıq. Gələcək yazılarınızdan bəhs edərdiniz biraz.
Qeyd etdiyiniz kimi, Facemark.az saytında daha öncə rəqəmsal marketinq, brendinq, reklam, bazar araşdırması kimi mövzularda yazılarım dərc olunub. Ümumiyyətlə, yazılarım konkret olaraq marketinqin hansısa sahəsi üzrə olmur. Çalışıram ki, bütün sahələri əks etdirə bilim. Eyni zamanda hər hansısa bir yazını yazarkən adətən əvvəlcədən planlaşdırmıram. Bundan sonrakı yazılar da qeyd etdiyim sahələr üzrə olacaq.
3. Marketinq sözü müxtəlif insanlar üçün müxtəlif mənalar ifadə edir. Çoxu isə sadəcə reklam adlandırır. Sizcə marketinq sadəcə reklamdır?
Bəli, qeyd etdiyiniz kimi, marketinq hələ də hər kəs tərəfindən tam olaraq öz həqiqi anlamını almayıb. Xüsusən də, yaxın 10 ilə qədər bir çox şirkətdə ümumiyyətlə elə bir şöbə olmayıb və ya ən yaxşı halda sadəcə reklam işləri ilə məşğul olublar. Təbii olaraq, bu sahəyə yad olan insanların düşüncəsi də yanlış formalaşıb. Amma unutmamalıyıq ki, reklam marketinqin ayrıca bir sahəsidir və marketinqi bütövlükdə reklam adlandırmaq yanlışdır. Açığı, bu yanlış adlandırmadan ən çox zərər çəkən də elə marketoloqlardır.
4. Bazara yeni bir məhsul və ya yeni bir xidmət çıxarmalı olsanız, bunun üçün atacağınız ilkin addımlar nələr olacaq?
Bazara yeni bir məhsul və ya xidmət çıxarmaq uzun və çətin bir prosesdir. Hansı sektor üzrə məhsul və ya xidmət yaradacağıqsa, ilk öncə detallı bazar araşdırması aparmağa ehtiyac duyulur. Biz bu sayədə həm bazardakı mövcud rəqibləri, həm də potensial hədəf kütləsini müəyyən etmiş olacağıq. Məhsulu bazara çıxarmadan öncə mütləq şəkildə həmin məhsulun, brendin mövqelənməsinə və uyğun olmasına diqqət yetirilməlidir. Bəzən markalar bir-biri ilə əlaqəsi olmayan məshulları eyni marka altında bazara təqdim edirlər ki, bu da marka kimliyinin pozulmasına gətirib çıxarır. Marka kimliyin tərkib hissəsi olaraq, yeni məhsul və ya xidməti üçün ad, rəng, yazı stili və qablaşdırma kimi amillərə diqqət yetirmək lazımdır.
5. Sizcə bir marketoloqda hansı bacarıq və xüsusiyyətlər olmalıdır?
Marketinq ictimai-sosial sahə olduğu üçün digər sahələrlə müqayisədə bir çox insana kənardan daha əlçatan, hər kəsin fikir bildirə biləcəyi sahə kimi görünür. Əslində isə marketinq özündə iqtisadiyyat, psixiologiya, sosiologiya kimi bir çox fərqli sahələrin sintezini yaradan mürəkkəb bir sahədir. Peşəkar marketoloqun sahib olmalı olduğu bacarıq və xüsusiyyətlərə gəldikdə isə bir marketoloq daim araşdırmalı, trendləri izləməli, analiz yönümlü olmalı və mütaliə etməlidir. Çünki marketinq durğunluğu sevməyən dinamik sahədir.
6. Rəqəmsal və ənənəvi marketinqin üstünlüklərindən danışaq. Hazırda rəqəmsal marketinqə daha çox əhəmiyyət verilir, sizcə buna səbəb nədir?
Beynəlxalq və yerli markalar uzun illər boyu ənənəvi marketinq alətlərindən istifadə ediblər. Rəqəmsal marketinq isə dünyada son on ildə, ölkəmizdə son beş ildə sürətlə inkişaf edir. Bunun əsas səbəbi texnologiyanın dinamik inkişafı və buna paralel olaraq müştərilərin davranış və düşüncələrinin dəyişməsidir. Xüsusən də, gün gecdikcə ümumi müştərilərin içərisində Z nəslinin üzvlərinin faizinin artması markaların rəqəmsal marketinqə əhəmiyyət verməsinə gətirib çıxarır. Ənənəvi marketinqlə rəqəmsal marketinq yekun nəticədə eyni məqsədə xidmət etsələr də onların arasında istər maliyyət, istər hədəf müştərilərə çatma üsulları, istərsə də təqdim olunan kontent baxımında ciddi fərqlər var. Ənənəvi marketinqdə daha çox TV, radio, qəzet, "outdoor" reklamlar, broşür, flayer kimi kommunikasiya alətlərindən istifadə edilirsə, rəqəmsalda artıq sosial media, veb sayt, e-mail, mobil tətbiqdən və digər internet resurslarından istifadə edilir.
7. Bu gün həyatımızın böyük bir hissəsi demək olar ki, rəqəmsal dünyada baş verir. Bəs rəqəmsal dünyada ənənəvi marketinqin əhəmiyyəti nədən ibarətdir?
Sizin də qeyd etdiyiniz kimi, rəqəmsal dünya bizi tam olaraq öz əhatəsinə alıb. Təbii olaraq, marketinq dünyası da rəqəmsalı hədəfləyir. Digər tərəfdən hesab edirəm ki, rəqəmsal marketinqdə uğur qazanmağın yolu ənənəvi marketi yaxşı mənimsəməkdən keçir. Ölkəmizdə istər FMCG, istərsə də xidmət sahəsi daha çox ənənəvi marketinq kanalları üzrə fəaliyyət göstərməkdədir.
8. Satış marketinq prosesinin bir hissəsidir. Satış və marketinqi bir birindən hansı amillər ayırır?
Satış və marketinq bir-biri ilə sıx əlaqədə olan sahələr olsa da, bir-birindən təyinatı və fəaliyyət istiqamətlərinə görə ayrılırlar. Marketinqin əsas fəaliyyəti bir məhsul və ya xidmətin satıldığı bazarı araşdırmaq, ölçmək və bazara uyğun strategiyalar müəyyənləşdirmək, mövcud müştəriləri qorumaqla yanaşı, markaya yeni müştərilər qazandırmaq istiqamətindədir. Satış isə bir növ bu fəaliyyətləri məntiqi sonluğa çatdıran proseslər bütünüdür. Satış və marketinqin birgə uğurlu fəaliyyəti şirkətin gələcəyi üçün çox vacibdir.