Müsahibimiz haqqında qısaca:


1981-ci il, iyul ayının 11-də anadan olmuşdur.


Ali təhsilini dövlət xətti ilə Türkiyədə almışdır.


1999-2003-cü illərdə Ankara Universitetinin iş iqstisadiyyatı bölməsində bakalavr təhsili, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində maliyyə istiqamətli MBA təhsili almışdır. ABŞ-ın CFA (Chartered Financial Analyst) İnstitutu tərəfindən təşkil olunan CFA proqramının 2 səviyyəsini tamamlamış, proqramın son səviyyəsinə namizəddir.


Azərbaycanda peşəkar fəaliyyətinə 2005-ci ilin sentyabr ayında “Bank of Baku”da başlamışdır.


Karyerasına Tədqiqat şöbəsinin mütəxəssisi vəzifəsindən başlamış və sonradan bir sıra digər məsul vəzifələrə təyin olunmuşdur.


Riteyl bank biznesi sahəsinə aid Məhsulların yaradılması və İnkişafı departamentinin və Satışlara nəzarət və dəstək departamentinin direktoru vəzifələrində çalışmışdır.


2010-cu ilin oktyabr ayından etibarən İdarə Heyəti Sədrinin Müavini, Riteyl biznes sahəsinin rəhbəri vəzifəsində çalışır.



1. Abbas bəy, ilk öncə dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Bunu saytımıza və marketinqlə maraqlanan hər kəsə dəstək kimi qəbul edirik. Mövzuya keçmədən öncə belə bir sual. Xoşunuz gəlməyən suala necə cavab verməyə üstünlük verirsiniz? Suallarımız içində ola bilər ki, xoşunuz gəlməyən sual olsun, indidən özümüzü sığortalayaq, deyirik :)


Dəvət üçün mən sizə təşəkkür edirəm. Facemark-ın həqiqətən də Azərbaycanda marketinq adına ciddi təşəbbüs olduğunu düşünürəm, yazıları və maraqlı xəbərləri vaxt imkan verdikcə izləməyə çalışıram. Sualnıza gəldikdə isə, xoşuma gəlməyən sualda xoşuma gələn bir məqam tapıb o istiqamətdə cavablandırmağa üstünlük verirəm :)


2. Bir müddət öncə Facemark olaraq sosial şəbəkədə sorğu keçirdik və 15,000-ə yaxın insanın iştirak etdiyi sorğuda lider Bank of Baku oldu. Bu haqda nə deyə bilərsiniz?


Doğrusu facebook istifadəçisi gənc nəslin bizim haqqımızda düşüncələri məni həmişə maraqlandırırdı. Sorğunuz lap yerinə düşdü. Nəticələr bizim üçün o qədər ürəkaçan oldu ki, hətta bu barədə xüsusi press-reliz də yayımladıq. Həqiqətən də əsasən gənc nəslin toplaşdığı sosial şəbəkədə yerləşən sorğuda “ən çox bəyənilən bank” kimi 1-ci olmaq bu günün və gələcəyin müştərisi olan gənclərin rəğbətini qazandığımız anlamına gəlir.


3. Bank of Baku Azərbaycanda fəaliyyət göstərən banklar içərisində özünü əsasən hansı sahə üzrə güclü hesab edir? Səbəblər nədir ?


Bank of Baku 2002-ci ildən etibarən strateji istiqamətini məhz riteyl bank biznesinə yönəldib və illər ərzində bu sahədə kifayət qədər təcrübə qazanıb. Hal hazırda bank yalnız bu istiqamətdə deyil, eyni zamanda mikrokreditlər, kiçik və orta sahibkarlığın kreditləşdirilməsi, korparativ bank xidmətləri və ticarətin maliyyələşdirilməsi istiqamətlərində bazarda öz keyfiyyətli məhsul və xidmətlərini təqdim edir. Riteyl biznes sahəsində isə ilkləri həmişə Bank of Baku edib - sadələşdirilmiş şərtlərlə istehlak və nağd kreditlərdən tutun, müxətlif peşə sahibləri üçün güzəştli kredit kampaniyalarına, hissə-hissə ödənişli kart layihələrinə, loyallıq proqramlarına qədər. Bu sahədəki artan müştəri sayı və məmnuniyyət sorğularındakı liderliyimiz doğru yolda olduğumuzu göstərir. Yeri gəlmişkən, xüsusilə son bir neçə ildəki uğurlu işimiz maliyyə göstəricilərində də öz əksini tapır. İnformasiya agentliklərinin yayımladığı məlumatlara əsasən Bank of Baku effektivlik və gəlirlilik göstəricilərinə görə son bir neçə ildir ki bazar liderləri arasında yer alır. Bir neçə gün bundan öncə isə, Moody’s beynəlxalq reytinq agentliyi "Bank of Baku"nun B2 uzun müddətli reytinq üzrə proqnozunu stabildən pozitiv səviyyəyə dəyişib. Onların əsaslandığı əsas tendensiyalar məhz riteyl kreditlər bazarında mövqelərin möhkəmlənməsi, yüksək gəlirlilik, aktivlərin keyfiyyəti və itkiləri qarşılamaq üçün yüksək kapitallaşma səviyyəsi olub.


4. Qeyd etdiniz ki siz bank olaraq ilk dəfə Azərbaycanda hissə-hissə ödənişli kart layihələrini tətbiq etdiniz. Səhv etmirəmsə, ən birinci layihə məhz İdeal kartları olmuşdu. Bilmək istərdik, bunu etməzdən öncə bazarı araşdırdınızmı və bu proses ilk olduğu üçün nə kimi çətinliklər yaratdı?


Adətən yeni məhsul və layihələri bazara təqdim etməmişdən əvvəl müvafiq seqmentlə bazar araşdırmaları aparırıq, ancaq bu layihə üçün xüsusi bir araşdırma aparmadıq, buna demək olar ki əsas bir neçə səbəb oldu. Birincisi layihənin alınacağı su kimi aydın idi – həm bizə yaxın psixologiyası və alış-veriş vərdişləri olan insanların yaşadığı Türkiyədə bu layihə çox uğurlu idi, həm də əslində hissə-hissə ödəniş kartları ilə müştərilərə tanış olan klassik istehlak kreditlərinin, texnoloji və müştəri yönümlülük baxımından daha müasir variantını alternativ sektorlarda tətbiq etmiş olurduq. Digər səbəb isə, biz bu layihəni dəstəkləyən və bizə inanan bir partnyor tapmışdıq– İdeal Parfumeriya və Kosmetika mağazaları. Hər iki tərəf də bir an öncə layihəyə başlamaq və nəticələrini görmək istəyirdi. Layihənin ilk iki ayında müştərilərdən gələn “feedback”lər əsasında demək olar ki, hər həftə görüşür, müzakirələr aparır və növbəti inkişaf perspektivləri haqqında düşünürdük. Fürsətdən istifadə edib, layihənin geniş miqyaslı reklam kampaniyaları ilə müştərilərə çatdırılması və inkişafı üçün böyük əmək sərf edən İdeal şirkətinin rəhbəri İlqar bəyə, marketinq müdiri Rafiq bəyə, layihə rəhbəri Emil bəyə və satış komandasına, eyni zamanda layihəni hər yönü ilə dəstəkləyən və inkişaf etdirən Bank of Baku ailəsinə - İdarə heyətindən tutmuş kredit ekspertlərinə qədər hər kəsə - öz təşəkkürümü bildirirəm. Beləcə Azərbaycan bank sahəsində ilk hisə-hissə ödəniş kartları 2011-ci ilin 8 Mart Qadınlar günü ərəfəsində işıq üzü gördü və bazarda yeni bir dönəm başladı. Bu gün sırf İdeal kobrend kartı olan 25 000-dən artıq ortaq müştərimiz, öz kartları ilə İdeal mağazalarında ortalama hər gün 350-dən çox alış edirlər.


5. İdeal kobrend kartlardan bir neçə ay sonra Bolkart çıxdı. Buna zərurət nədən doğdu?


Əslində İdeal layihəsi bizə həm texniki-texnoloji baxımdan, həm də bu tərz müştərilərə xidmət baxımından çox şey öyrətdi. Əsas müştərilərimiz xidmətdə sürəti və asanlığı sevən gənc müştərilər idi. Artıq layihəni eşidən müştərilər digər sektorlarda da bu imkanlardan yararlanmaq istəyirdi, əslində dünyadakı nümunələrinə də baxsaq çox partnyorlu kartların kökü hansısa kobrend layihələrə dayanır. Beləcə İdeal layihəsindən ilhamlanaraq, çox partnyorlu hissə-hissə ödəniş layihəsinə start verməyin zamanı gəldiyini düşündük. Tarix 19 oktyabr, 2011 – şəhərin küçələrini və internet məkanı maskotu arı olan Bolkart reklamları bürüməyə başladı. Təbi ki bu işdə bizə ilk dəstəyi verən, bütün mağazaları ilə yeni Bolkart layihəsinə qoşulan İdeal şirkəti oldu. Sonradan çox sürətlə partnyor şəbəkəsini genişləndirməyə və kart sayını artırmağa nail olduq. Bu gün 30 000-dən artıq Bolkartlı müxtəlif sektorlara aid 350-ə yaxın mağaza və obyektdə rahatlıqla alış veriş edib, dəyərini aylar ərzində ödəyə bilir. Bolkart layihəsindən sonra, daha bir uğurlu layihəmizi - Mybrands endirim şəbəkəsinə aid mağazalarla, artıq mövcud olan endirim kartlarının bazasında Mybrands “Hissə-hissə” kartlarını - buraxmağa başladıq, bu layihə üzrə də kart sayları hər gün daha sürətlə artmağa davam edir. Hal hazırda Bolkart, İdeal kobrend kart və Mybrands Hissə-hissə kartları vasitəsilə gündəlik ortalama 1500-ə yaxın əməliyyat həyata keçirilir.


6. Bəs niyə görə Bolkart layihəsinə başlayarkən layihənin Türkiyədəki adından, yəni “taksit” sözündən istifadə etmədiniz ?


Açığı kartın özünə ad düşünərkən, “adı taksitkart olsun” düşüncələrimiz də var idi. İndi fikirləşirəm ki, yaxşı ki həmin vaxt kartın dizaynını hazırlayan reklam şirkətinin də tövsiyyəsi ilə bu adın seçilməsindən vaz keçdik. İndi Bolkart artıq öz adı ilə kifayət qədər yüksək “brand recognition”a sahibdir. O ki qaldı “taksit” sözünün ümumiyyətlə layihənin tanıdılmasında da istifadə etməməyə, biz onu doğma dilimizdə olan “bala-bala ödəniş” sloqanı ilə əvəzləşdirdik J


7. Hazırda Extracard, Aykart, Albalıkart, Worldcard kimi “taksit” layihələri bazara daxil olub. Onların fəaliyyətini necə qiymətləndirirsiniz?


Bütövlükdə bu layihələrin hamısının ölkədə nağdsız ödənişlər sisteminin inkişafına, müştərilərin və ticarət obyekti sahiblərinin kartlı ödənişlər haqda məlumatlılıq səviyyəsinin artırılmasına öz müsbət təsirinin olacağına əminəm. Bu gün bu istiqamətdə dövlət səviyyəsində tədbirlər görülür - Mərkəzi Bank bankların bu kimi addımlarını bəyənir və dəstəkləyir, eyni zamanda Vergilər Nazirliyi nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə təbliğat aksiyaları keçirir. Ödəniş sistemləri bazarında hələ işin əvvəlindəyik. Sağlam rəqabət həmişə inkişafa gətirib çıxarır. Nəticədə əlində bir neçə kart olan müştəri, yalnız ona ən yaxşı imkanları verən və ən yaxşı xidmət göstərən bankın kartını istifadə edəcək.


8. Bolkartın ən güclü rəqibi Sizcə kim ola bilər?


Qeyd etdiyiniz bütün kartlar partnyor şəbəkəsi, kart təqdim etmə sürəti və asanlığı, aylıq ödənişlərin rahatlığı baxımından müştərilərin ehtiyaclarını qarşılaya bilsələr hər biri potensial rəqib ola bilər. Türk mənşəli bankların kartları Extracard və Worldcard çox ciddi reklam büdcələri ayırıb, satış və xidmət dəstəyi adekvat olarsa uzun müddətdə ən ciddi rəqib olaraq görürəm.


9. Bəs Bolkartın rəqiblərə nisbətdə əsas rəqabət üstünlükləri nələrdir?


Qısaca Bank of Baku-nun riteyl kreditlər bazarındakı rəqabət üstünlüklərini sadalamaq istərdim – ümumilikdə təcrübənin verdiyi “know-how”, bazara ilk daxil olmağın üstünlüyü, kredit/kart verməkdə çeviklik, ödəniş tarixçəsi məlum olan 500,000-ə yaxın potensial müştəri bazası, öz kart prosessinq mərkəzinin mövcudluğunun gətirdiyi texnoloji çeviklik, bütün istiqamətlərdə şəffaflıq, motivasiyalı və hədəf yönümlü insan resursları və dəstək xidmətlərinin səviyyəsi.


Bir az əvvəl də qeyd etdiyim kimi xüsusilə gənc müştərilər, həm kredit/kart alarkən, həm aylıq ödənişlərini edərkən rahatlıq və asanlıq istəyir. Bu gün ödəniş qabiliyyəti olan istənilən şəxs müraciət etdiyi gün Bolkartını yerində ala bilir. Əgər adlı kart istəyiniz varsa və növbə gözləməyi sevmirsinizsə, onlayn sifarişlə əvvəlcədən kartınızı sifariş edib hazır olduğu gün, sizə təyin olunmuş saatda filiala yaxınlaşıb kartınızı növbəsiz əldə edə bilirsiniz. Bolkartla alış veriş etdikdən sonra isə aylıq ödənişləri iş yerini tərk etmədən internet vasitəsilə və ya iş saatlarından sonra 24/7 rejimində işləyən ödəniş aparatları vasitəsilə edə bilirsiniz - hələlik hər iki xidmətin bazarda təkrarı yoxdur.


10. Bu arada niyə görə şirin arıya “Baloğlan” adı verdiniz? Marketoloqlar arasında sosial şəbəkələrdə müzakirə zamanı arıya konkret kişi və ya qadın adının verilməsinin düzgün olmadığı yönündə müzakirələr getdi. Buna münasibətiniz?


Bildiyiniz kimi adla bağlı seçim Bolkartın facebook səhifəsindəki iştirakçılar tərəfindən edilib. Daha doğrusu bank jürisi orada ən çox təkrarlanan bir neçə təklifdən birini – məhz “Baloğlan”ı maskotumuzun adı kimi təyin edib. Şəxsən mənə bu ad xoş gəlir, amma marketinq baxımından müzakirəyə açıq mövzudur.


11. Təxminən 1 il öncə belə bir fikir var idi ki, “taksit”, kredit və bu kimi layihələr brendin imıcını aşağı salır. Sizcə indi vəziyyət necədir? Sizcə, şirkətlər “taksit” layihələrinə niyə qoşulmalıdır?


Bir az əvvəl qeyd etdiyim kimi, bazarda kart layihələrinin sayı artdıqca mağaza sahibləri də şüurlanacaq. Mağaza sahibləri anlayacaq ki bu layihələr onlara yalnız müsbət dəyişiklik gətirəcək – yeni müştəri kütləsi, mövcud müştərilərin artan ödəniş qabiliyyəti və məmnuniyyəti, daha yüksək dövriyyələr. Bu gün artıq bunun şahidi oluruq - layihəyə ilk başlayanda, yəni 1 il öncə, partnyor mağaza tapmaqda çətinlik çəkirdik, indi isə onlar özləri bizi axtarıb tapırlar.


12. Əgər sirr deyilsə, Bolkart layihəsində yaxın zamanda nə kimi dəyişikliklər gözlənilir?


İlk öncə Bolkartın billinq xidmətində bir yenilik etməyi planlayırıq. Bankın internet bankinq sistemində müştərilər bu kartla alış verişlərin detallarını təqib etmək və hər alış verişə görə növbəti ayların ödəniş məbləğini rahatlıqla izləmək imkanı qazanacaq. Hal-hazırda billinq sadə formada, ayda 1 dəfə, yalnız sms vasitəsilə olur. Bundan əlavə, illin sonunadək Bolkartın mobil operatorlarla çox maraqlı ortaq layihələri gözlənilir. Yeri gəlmişkən bu layihə üzrə Bolkartlar Mastercard brendli beynelxalq kartlar olacaq, hazırda Bolkart lokal kartdır. Son olaraq, bu yaxınlarda Dostlar klubu Gümüş, Qızıl və Brilliant kartı sahibi olan sadiq müştərilərimiz xüsusi kampaniyalar dövründə Bolkartları ilə alış verişə görə də əlavə bonuslar qazanacaq.


13. Suallarımızı cavablandırdığınız üçün çox minnətdarıq. Sonda Facemark-a və ya ümumiyyətlə marketinqlə maraqlanan hər kəsə demək istədiyiniz sözünüz varsa, eşitmək istərdik.


Facemark Azərbaycanın ən geniş auditoriyaya sahib marketinq səhifəsidir. Bu günə qədər müşahidələrim onu göstərir ki, daima yenilənən web və facebook səhifəsi istifadəçilərin diqqətini cəlb edə bilir. Qısa zamanda marketinqə aid beynelxalq səviyyəli təsisatların Azərbaycan üzrə nümayəndəsi seçilməyiniz özü uğurun xəbərçisidir. Universiteti yeni bitirmiş və özünə karyera imkanları axtaran gənclər üçün indi özünü inkişaf etdirmək və yetişdirmək daha asandır, çünki artıq virtual ortamda birləşdirdiyiniz iri şirkət marketoloqlarının bloq yazılarını, canlı müzakirələrini və dünyada baş verən yenilikləri sürətli və asan yolla bir ünvanda tapa bilirlər.


Əminəm ki yeni-yeni ideyalarınızla səhifənin daha da maraqlı və faydalı olmasını təmin edəcəksiniz. Gələcək fəaliyyətinizdə uğurlar arzulayır və bir daha dəvətiniz üçün təşəkkür edirəm.