Facemark.az "Slow Food" axını haqqında araşdırma yazını təqdim edir:


Dövrümüzdə sürətli həyat tərzi nəticəsində süfrə arxasında oturub yemək yemək əvəzinə yolda, maşında, televizor-kompüter qarşısında oyun oynayarkən fast-food tipli qidaların istehlakı daha da artmışdır. "Slow-food (Yavaş Yemək) Hərəkatı" 1986-cı ildə İtaliyada Karlo Petrini tərəfindən sürətli yemək vərdişlərini aradan qaldırmaq və yerli istehsalçıları qorumaq üçün "fast-food"a reaksiya olaraq başlamışdır. Yaxşı, təmiz və düzgün qidanı müdafiə edən "Slow-food" istehlak edilən məhsulların dadlı olmasını təmin edir. Həmçinin Yer üzünə, digər canlılara və insan sağlamlığına zərər verməyəcək təmiz şəraitdə istehsal edilməsini və fermerlərin əməyinin qarşılığını almasını da müdafiə edir. Az, lakin tez-tez yemək prinsipini özünə sloqan etmiş "Slow food" ehtiyatlı, yavaş, lakin qətiyyətli addımlarla getdiyi yerdə iz qoyan ilbizi öz manifestlərinə simvol kimi seçib.





"Fast Food" çox insanın damaq ləzzətinə uyğun olsa da, nəzərə almaq lazımdır ki, sağlamlığımız üçün də bir o qədər zərərlidir. Bu qidaların tərkibində çoxlu doymuş yağlar var. Lif, vitamin və minerallar baxımından isə əskikdir. Bu birləşmələr bir araya gəldikdə piylənmə, yüksək təzyiq, uşaqlarda inkişaf pozğunluqları və regional piylənmə ilə yanaşı, artıq çəki kimi problemlərə də səbəb olur. "Slow Food" hərəkatı isə ənənəvi qidaların istehlakının geniş vüsət almasını məhz buna görə müdafiə edir. Təbii ki, hər bir ənənəvi yeməyin sağlam olması da düzgün deyil, bəzi bölgə mətbəxlərində yağlı yeməklərin üstünlük təşkil etdiyini də nəzərdən qaçırmaq olmaz.





"Slow Food" axınına qarşı qonşu Türkiyədə də maraq artıb. İzmirin Çeşme rayonunun Germiyan kəndi Türkiyənin ilk "Slow Food" kəndi seçilib. Belə ki, orada yaşayan kəndlilər çörəyi qatqısız təbii turş xəmirdən bişirir, tərəvəzlərini öz sahələrində becərir, qidalarında isə mövsümdənkənar məhsullardan istifadə etmirlər.