Facemark.az "Starcom" şirkətinin direktoru Ziya Yusifov ilə müsahibəni təqdim edir:
1. Ziya bəy, salam. Zəhmət olmazsa, sizi daha yaxından tanıyaq.
Salam, mən Ziya Yusifov. 16 ildir ki, "Starcom" şirkətində Azərbaycan da daxil olmaqla, Qazaxıstan, Türkmənistan, Monqolustan və digər Orta Asiya ölkələrinin media təcrübəsinə yiyələnmişəm. Qeyd etdiyim Asiya ölkələrindəki "Starcom" agentliklərinin Azərbaycandan idarə edilməsi mənə bu təcrübə imkanını yaradıb.
2. Sizcə, müasir zamanda hansı agentliklər daha effektivdir? Bütün reklam mediasında xidmət təklif edə bilən reklam agentliyi olmaq vacibdir, yoxsa müəyyən reklam mediasında ixtisaslaşmaq?
Müasir zamanda reklam mediaları çox şaxələndiyinə görə, müəyyən reklam mediasında ixtisaslaşan reklam agentliklərinin sayı artır. Bunlardan misal olaraq rəqəmsal agentlikləri, SMM agentlikləri, influenser marketinq agentlikləri və digərləri göstərmək olar.
Düşünürəm ki, bütün reklam medialarında və ya müəyyən bir reklam mediasında ixtisaslaşmağınızdan asılı olmayaraq, fəaliyyət göstərdiyiniz sahə üzrə tam professional və keyfiyyətli iş görməlisiniz. Bizim agentliyimiz 360 dərəcə reklam mediası üzrə xidmət göstərir və komandamızı hərtərəfli inkişaf etdirməyə çalışırıq. Onlar bütün sahələri əhatə edəcək bacarıqlara sahibdirlər.
Zənnimcə, müxtəlif sahələrdəki mütəxəssisləri işinizə cəlb edə bilərsiniz, lakin bunlar hamısı birmənalı şəkildə komanda şəklində bir-biriləri ilə təmasda olaraq fəaliyyət göstərməlidirlər. Bu halda ərsəyə çıxan işin nəticəsi məhsuldar olacaq.
3. "Starcom" şirkətinin reklam və marketinq strategiyası haqqında nələr deyə bilərsiniz?
Müştərilərimizin marketinq strategiyasını istehlakçının media davranışlarını, demoqrafiyasını, məhsul kateqoriyasındakı keçmiş təcrübəsini və hətta psixologiyasını araşdıraraq qururuq. Biraz öncə qeyd etdiyim kimi keyfiyyətli iş komanda işidir və bu prosesdə bizim əməkdaşlarla birgə digər ixtisaslaşmış agentlikərin mütəxəssisləri və brend menecerlər iştirak edirlər. Bu prosesi biz "Starcom" daxilində "Human Experience" adlandırırıq və hər bir iştirakçının öz rolu olur. Məsələn, kreativ komanda mediadakı tövsiyələrimizi nəzərə alaraq, brendin mesajını hazırlayır, rəqəmsal komanda isə digər iştirakçılardan aldığı məlumatlar üzərindən rəqəmsal strategiyanı müəyyən edir. Biz kommunikasiya agentliyi olduğumuza görə bu prosesin tam mərkəzində oluruq və bu prosesi idarə edirik.
4. Xidmət agentlikləri ölkəmizdə öz vəzifələrini yerinə yetirə bilirlərmi? Digər agentliklərlə müqayisədə üstünlükləri və çatışmazlıqları nələrdir?
Təəssüf ki, cavabım xeyr olacaq. Bir çox xidmət agentlikləri öz vəzifələrini tam şəkildə anlamırlar və daha çox vasitəçi rolunda çıxış edirlər. Xidmət agentlikləri əksər hallarda bütün sahələri peşəkar şəkildə əhatə edə bilmirlər və nəticə etibarı ilə bir-iki sahə üzrə ixtisaslaşırlar. Üstünlüyü isə ondan ibarətdir ki, bütün sahələrdə peşəkar olan xidmət agentlikləri müştərinin iş yükünü azaldır və vaxtına qənaət edir. Bundan başqa, xidmət agentlikləri müştərilərə strategiya hazırlayarkən bütün media növlərini qərəzsiz şəkildə dəyərləndirib öz tövsiyələrini verirlər.
5. Rəqəmsal reklamın əhəmiyyəti və bu reklam dünyasının mənfi və müsbət tərəflərindən danışaq. Rəqəmsal reklam və ənənəvi reklam arasındakı fərqlər nələrdir?
Rəqəmsal reklamın ümumi büdcədəki payı son 5-6 il ərzində 40-50% qədər artmışdır. Bu reklam növünün üstünlükləri çoxdur: Dəqiq və canlı statistika, sürət, istehlakçıları yönləndirə bilmək imkanını (rəqəmsal marketinq "funnel"da olduğu kimi ) misal gətirə bilərik. Lakin bu üstünlükləri ilə yanaşı bazar dolduqca istehlakçıların diqqətini cəlb etmək çətinləşir və bahalaşır. Sırf Azərbaycan reklam bazarı üçün ən böyük mənfi cəhəti reklam investisiyalarının xarici platformalara axınıdır. Məsələn, "Google", "Facebook", "Instagram" və s. Əlavə olaraq digər mənfi cəhəti monitorinqin olmamasıdır.
Rəqəmsal monitorinqin olmaması bizim ümumi rəqəmsal bazarı analiz etməyimizi məhdudlaşdırır. Dijitaldan fərqli olaraq, TV-dəki mövcud datalar rəqib analizi etməyimizə şərait yaradır və həmin analiz düzgün strategiyanın qurulmasında əvəzsizdir.
6. Hazırki zamanda insanlar sosial mediadan aktiv istifadə edirlər. Sosial media reklamı qısa zamanda daha çox insana çatmağı hədəfləyən reklam növüdür. Şirkətlər artıq demək olar ki, bütün büdcələrini sosial media marketinqinə məhsul və ya xidmətlərin tanıtımı üçün xərcləyirlər. Nəticədə onlar dərhal hədəf auditoriyasına reklam verə bilirlər. Sosial media reklamlarında nələrə diqqət edilməlidir?
Sosial medianın rolunu bütün məhsul kateqoriyalarına eyni şəkildə şamil etmək olmur. Müəyyən kateqoriyalar və yaş qrupları üçün keçərli olsa da, digər kateqoriyalar üçün uyğun olmaya bilir və hətta əks-təsirə malikdir. Ümumiyyətlə, uğurlu marketinq strategiyası tək sosial media üzərində qurula bilməz və istehlakçının gündəlik həyatında istifadə etdiyi media kanallar üzərində qurulmalıdır. Sosial media reklamlarında ən çox kreativliyə, interaktivliyə və trendə diqqət edilməlidir.
7. Sizcə, bir markanın sosial mediada uğur qazanması üçün ən vacib amil nədir?
Hər hansı bir markanın sosial mediada uğur qazanması üçün ən önəmli nüanslardan biri onun sosial media strategiyasının olmasıdır. Bu strategiyanın daxilinə yatırım edə biləcəyi büdcə, seçdiyi kanallar, hədəflər, şirkətin prinsiplərinin qorunması və daimilik kimi faktorlar daxildir. Əlavə olaraq, hər bir şirkət sosial media üzərindəki fəaliyyətini dəyərləndirmək üçün KPI-lar (Key Potential Indicators) müəyyənləşdirməlidir və davamlı olaraq onları inkişaf etdirmək üzərində çalışmalıdır.
8. İyun ayının 10-11 tarixlərində baş tutacaq Milli Marketinq Forumunda spiker olaraq çıxış edəcəksiniz. Forum haqqında təəssüratlarınız necədir? Hansı mövzulara toxunacaqsınız?
Öncəliklə, Milli Marketinq Forumu kimi dəyərli bir tədbirə spiker olaraq dəvət edildiyim üçün təşkilatçılara öz dərin minnətdarlığımı bildirirəm. Öz biliklərimi bu sahədəki insanlarla bölüşmək və digər spikerlərin müxtəlif media mövzularında fikirlərini öyrənmək üçün səbirsizlənirəm. Forumdakı çıxış mövzum isə “Rəqəmsal və ənənəvi reklam arasındakı fərqlər və trendlər” olacaq.
9. Ölkəmizdə bu tip forumların keçirilməsini necə dəyərləndirirsiniz?
Ölkəmizdə bu tip forumların keçirilməsini yüksək dəyərləndirirəm. Marketinq sahəsindəki peşəkarların bir-birindən dəyərli bilgilər əldə edərək daha da maariflənməsində, sahələrindəki insanlarla düzgün netvorkinq qurmasında və hətta spiker kimi çıxış edərək öz fikirlərini insanlara çatdırmasında bu tip forumlar çox böyük rol oynayır. Ölkədə bu sahənin düzgün inkişaf etməsi və yeni peşəkarların yetişməsi baxımından forumların keçirilməsini dəstəkləyirəm.