Facemark.az "Army Group" şirkətinin direktor müavini Kamal Mirzəyev ilə müsahibəni təqdim edir:
1. Kamal bəy, salam. Zəhmət olmazsa, bizə özünüz haqqında qısa məlumat verərdiniz.
Salam. Mən Kamal Mirzəyev, "Army Group" şirkətində icraçı direktorun müavini vəzifəsini icra edirəm. 10 ildir ki, pərakəndə sahəsində çalışıram.
2. Rəqəmsal transformasiya, xüsusən də böyük data və sosial medianın effektivliyi brendinq və marketinq proseslərinə necə təsir edir?
Marketinq proseslərinin təkmilləşdirilməsində bir neçə məqsəd var: Müştərini qoruyub saxlamaq, yeni müştəri qazanmaq və daha çox satmaq. Rəqəmsal transformasiya şirkətin sürətinin artırılması, prosesləri düzgün idarə etməsi, məlumatın sürətli əldə edilməsi və emal edilməsinə böyük töhfə verir. Bu isə özlüyündə böyük datanın düzgün və sürətli emalından sonra marketinq proseslərinin qurulması üçün zəmin yaradır.
Sosial media hazırda çox güclü təsirə malikdir. Rəqəmlə ifadə etsək əgər bu gün ölkəmizdə əhalinin 50%-ə yaxını sosial mediadan istifadə edir. Hətta yaxın 10 ildə ənənəvi marketinq kanallarının gücü sürətlə azalacaqdır. Xüsusilə Z və Alfa nəslinin bu tendensiyanın dəyişməsində təsiri güclüdür. Uzunmüddətli düşünən brendlər öz mövqelənmələrini indidən sosial media üzərindən sağlam qurmalıdırlar.
3. Müştəri marka seçimi edərkən, satın aldığı və ya almağı düşündüyü müəyyən bir markanın xüsusiyyətlərini öz tərzi ilə əlaqələndirə bilirsə, bu markaya üstünlük verir. Bəs marka kimliyi və brend imici yaradarkən, eyni zamanda onu qoruyarkən nələrə diqqət edilməlidir?
Bu yanaşma markanın təklif etdiyi məhsula görə dəyişir. Ümumilikdə güclü markalara baxdıqda isə dediyiniz kimi dəqiq imic formalaşdırmağa çalışırlar. İlk öncə hədəf kütlə dəqiq təyin olunmalıdır. Biz məhsulu kimə satmaq istəyirik? Bu sual ən vacib və tələsik qərar verilməyəcək sualdır. Hədəf kütlə artıq marka kimliyinin formalaşdırılması üçün bazadır. İmicin formalaşdırılması isə fərqli və uzun bir yoldur. Şirkətlər ilk öncə həyəcanla imicin formalaşdırılmasından danışır, strategiyalar formalaşdırırlar. Ancaq çıxılan yolda hərdən strategiya unudulur və emosional qərarlar verməyə başlayırlar. Strategiyanı unutmamaq və kənara çıxmalar etməmək ən vacib nüansdır. Davamlılıq şərtdir.
4. Hazırda rəqabətli bazarda kommersiya mənfəəti əldə etmək üçün brendlərin öz xidmətlərini hədəf auditoriyaya çatdırması vacibdir. Bunun üçün marketinq strategiyası lazımi vaxtda düzgün tətbiq olunarsa, məqsədyönlü nəticələrə nail olmaq olar. “Army Group”un marketinq strategiyası haqqında nələr deyə bilərsiniz?
"Army Group"un bazara daxil olduğu gündən etibarən ən vacib üstünlüyü qiymət rəqabətində rəqiblərindən fərqlənməsidir. Hazırda bu üstünlüyü qoruyub saxlamağa və müştərilərə çatdırmağa çalışırıq. Restaylinq etməklə bağlı müzakirələri davam etdiririk. Ehtimal ki, bununla bağlı qərar verəcəyik. Bu prosesdən sonra şirkət müştərilərlə kommunikasiyada yeni dövrə keçid edəcəkdir. Rəqəmsal media xüsusilə diqqətimizdədir, şirkətlər bu istiqamətdə daima aktiv olmalıdır.
5. Rəqəmsal dünyada istehlakçı davranışlarını necə dəyərləndirirsiniz?
Artıq yeni erada müştərilər hər şeyin onlar üçün daha əlçatan və rahat olmasını arzulayırlar. Bu, oturduğu yerdən hər şeyi idarə etmək arzusudur. Bank xidmətlərinin necə sürətlə inkişaf etdiyini, alış-veriş təcrübələrinin dəyişdiyini artıq görə bilirik. Rəqəmsallaşma isə bu prosesdə şirkətlərin əlində olan əsas silahdır. Müştəri üçün maksimum rahatlıq yaradan və onun üçün əlçatan olan şirkətlər bu keçid dövründən sonra qalib çıxacaq və sürətlə böyüyəcəklər.
6. Sizcə, uğurlu bir brend olmaq üçün reklam və tanıtım yoxsa xidmət birinci yerdə olmalıdır? Brendləşmə prosesində ən vacib addım hansıdır?
Əvvəlcə müştəriyə təklif etmək üçün məhsul olmalıdır. Keyfiyyətli məhsul. Daha sonra isə güclü markaya əlavə dəyərlər yükləmək lazımdır. Xidmət özü bir dəyər yaradır. Reklam isə fərqli məqsədlər üçün istifadə oluna bilər. Sürətli satış, imic, mövqelənmə və s.
7. Bu gün brendlər arasında olan kommunikasiya əsasən rəqəmsal platformalar vasitəsilə idarə olunur. Rəqəmsal və ənənəvi rabitəninin idarə edilməsində hansı fərqlər var?
Əgər biz bu gün rəqəmsal və ənənəvi kanalları müqayisə etsək bu fikirləri ortaya qoyarıq. Rəqəmsal kanallar daha sürətli kommunikasiya üçün əlverişlidir, daha sərfəlidir, hadisələrə daha çevik reaksiya vermək olur, dəqiq analizlər aparmaq və auditoriyanı dəqiq seçmək olur. Bu həm də markanın kimliyi ilə bağlıdır. Markanın müştərisi daha çox hansı kanaldadır, harada olmağı seçir? Ənənəvi kanallarda yuxarıda saydığım imkanlar daha da dar formada təzahür edir.
8. Bəzi mütəxəssislər də daxil olmaqla bir çox insan satış və marketinqin eyni olduğunu düşünür, bəs satış üçün marketinqin əhəmiyyəti nədir?
Satış prosesdir. Marketinq isə marka dəyərin qorumaq, artırmaq üçün işlənilən layihələr toplusudur.
9. Sizcə, getdikcə rəqəmsallaşan dünyada uğur qazanmaq üçün gənclər hansı istiqamətdə özlərini inkişaf etdirməlidirlər?
İlk öncə tövsiyə edərdim ki, arzularının arxasınca getsinlər və istədikləri hər nə olursa, ürəkdən istəsinlər və əldə edənə kimi dayanmasınlar.
Hansı sahəni seçmələrindən asılı olmayaraq, seçdikləri sahənin mütəxəssisi olsunlar. Ardınca karyera planlamaların nəzərdən keçirsinlər, artıq növbəti mərhələlərdə digər keyfiyyətləri də inkişaf etdirmələri gərəkəcəkdir.
10. İyun ayının 10-11 tarixlərində baş tutacaq Milli Marketinq Forumunda spiker olaraq çıxış edəcəksiniz. Forum haqqında təəssüratlarınız necədir? Hansı mövzuda çıxış edəcəksiniz?
Yaşadığım təcrübəni insalarla bölüşmə hissi məni çox həyəcanlandırır. Təşkilatçılar artıq uzun illərdir bazarda yeniliklər edir və fərqli tədbirlər həyata keçirirlər. Netvorking üçün və təcrübəli şəxslərin öz təcrübələrini bölüşməsi konteksindən baxdıqda çox faydalı olacaqdır. Mən pərakəndə bazarında strategiyanın vacibliyi, kateqoriya menecment və ticari marketinq mövzularında çıxış edəcəm.
11. Ölkəmizdə bu tip forumların keçirilməsini necə dəyərləndirirsiniz?
Forumların keçirilməsi artıq biz insanlara və şirkətlərə bir mesaj olmalıdır ki, inkişaf qaçılmazdır. Forumlarda verilən mesajlara artıq daha peşəkarca baxmalı və dəyərləndirməliyik. Daha ciddi qəbul etməliyik. Təqdirə layiq addımdır. Ümid edirəm ki, davamlı olacaq və mənim özümün də düşündüyüm fərqli sahələri də əhatə edəcəkdir.
Təşəkkür edirik!