Facemark.az Teymur Məmmədovun "Teatr kommunikasiyadan, sonra asılqandan başlayır" adlı yeni yazısını təqdim edir!


Teatr haqqında bir çox deyimlər var. Həqiqətənmi teatr asılqandan başlanır? Məncə, yox. Hələ asılqana qədər uzun yol var. Bəhs edəcəyim mövzuya bir az fərqli mövqedən yanaşmaq niyyətindəyəm. Təcrübə göstərdiyi kimi teatr ənənəvi incəsənət ocaqları qismində müasir marketinqə sən deyən həvəslə yanaşmır. Bəlkə də bu baxış bucağı teatrın daha konservativ və ənənəviliyə bağlılığından irəli gəlir?


Müasir dönəmdə teatr və marketinq münasibətlərinə ötəri nəzər salmaq kifayətdir ki, iki başlıca trendin mövcudluğunun şahidi olasan. Birinci yanaşma tərzi klassik, konservativ və mən deyərdim ki, ictimaiyyətlə əlaqələrə, marketinqə tam laqeyd tərzi təcəssüm etdirir. Konkret halda belə konservatizm özünü doğruldur kimi təsir bağışlaya bilər. Əgər bu, teatrın özünə, onun daxili repertuar siyasətinə, müştəri zövqünə, rejissor traktovkasına dayanıqlı olarsa...


İkinci yanaşma tərzi tam fərqlidir. O, daha modern, daim axtarışda olan, tamaşaçıya onun xidmətlərindən faydalanan müştəri kimi münisibət zəminində yanaşan, teatrı zövq, əyləncə və mənalı asudə vaxt keçirilməsi məkanı kimi dəyərləndirən baxış bucağıdır. Mən bu yanaşmaların hansının daha doğru və aktual olamsını teatr həvəskarlarının və teatr ictimaiyyətinin öz öhdəsinə buraxıram.





Lakin marketinq baxımından yanaşanda belə, mən bu iki yanaşmanın hər birinin kifayət qədər çoxsaylı tərəfdaşlarının olmasını da şübhə altında qoymaq niyyətində deyiləm. Məni qayğılandıran odur ki, niyə bu gün teatr bir zamanlar olduğu kimi məşhur deyil və nədən gənclik teatr tamaşalarına baxmağa xüsusi həvəs göstərmir?


Kimsə gəncliyi zövqsüzlükdə, yaşlıları isə televiziyaya alışqanlıqda, divan komfortuna bağlantısında ittiham edə bilər. Amma mən belə düşünmürəm. Müasir dönəmdə insanlar hər şeyə maraq göstərir, hər şey barədə bilik almaq və biliyini, eləcə də təəssüratlarını paylaşmağa ehtiyac duyur. Bəs onda niyə teatrların kassaları önündə növbələr yoxdur. Niyə gündəlik həyatımızda teatr tamaşalarından alınan təəssüratların paylaşımına rats gəlmirik.


Bu günlərdə mən – bu sətirlərin müəllifi olaraq, aktrisa Nəcibə Hüseynovanın Xəzər Media Mərkəzinin akt zalında keçirilən yubiley tədbirinə qatıldım. Özəl yazılmış ssenari əsasında aktirasın mükəmməl ifasını izlədim, hətta duyğulandım, bir az da mütəəssir oldum. Böyük təəssüf hissi ilə bu qəbildən olan səhnə ifaçılarının həyatının böyük bir hissəsinin ciddi səhnədən kənarda qaldığına heyfisiləndim. Hiss etdim ki, pandemiyaya qədər də populyar olmayan teatr, indi də populyar deyil. Anladım ki, məni teatra gəlməyə həvəsləndirəcək qədər informasiyam azdır, bu sahədə baş verən proseslərdən tam xəbərsizəm.





Teatr nə ilə yaşayır, bu sferada hansı yeniliklər var, trendlər nədən ibarətdir və bu kimi onlarla suala cavabım yoxdur. Məni bu yöndə mövcud suallara cavablar axtarmağa motivə edəcək səbəblər də yoxdur. Teatr özü üçün yaşayır, mən də bir tamaşaçı kimi öz həyatımla...


Mən teatrı, tamaşanı, peşəkar ifa tərzini yüksək səviyyədə dəyərləndirə biləcək birisiyəm. Amma teatr mənsiz yaşayır. Məni özünə çəkmək üçün qaçılmayası bir addım atmır. Mənimsə seçim imkanılarım əvvəlkindən çoxdur. İnternet var. Televiziya var. Dünya miqyasında kinematoqrafiya əjdaha kimi iri addımlarla irəliləyir. Seriallar yüzlərlə, seriyalar minlərlədir...


Hal-hazırda, ekspertlərin gəldiyi qənaətə görə, bəhs etdiyimiz sahədə elə bazar durumu formalaşıb ki, təklif tələbi qat-qat üstələyib. Yəni teatr var, repertuar var, aktyor oyunu var, amma tamaşaçı azdır, çox azdır...


Mütəxəssislərin rəyinə görə, söhbət gedən sahədə, yəni teatr sənəti sahəsində marketinqdən istifadə imkanları bu xidmət növünün spesifikliyindən irəli gələn bir sıra problemlərlə qarşılaşır və etinasızlıqgöstərilir. Bu nədən qaynaqlanır? Təbiidir ki, tamaşa təkcə kollektiv yaradıcılığın yekun məhsulu deyildir. Tetatrda tamaşanın ilkin özəlliyi, özünəməxsusluğu, eyni zamanda onun estetik və mənəvi fərqliliyi satılır, tamaşaçının şəxsi zövqünün yüksəlişi təmin və tərbiyə edilir.





Bu gün əslində cəmiyyətin teatr sənəti üçün şəxsiyyətin mənəvi, mədəni, əxlaqi və bədii tərbiyəsi kimi təyin etdiyi rol və funksiya ilə teatr sənətinin əhalinin gündəlik həyatında real yeri arasında ziddiyyət uyğunsuzluq var. Çünki indi teatra əyləncə və asudə vaxt keçirmək vasitəsi kimi baxılmağa başlayanlar çoxdur. Onların klassik tetr formatında tamaşalara cəlb olunması çətinləşib. Görünür, çıxış yolu var, amma onu araşdırmaq və tapmaq zərurəti meydana çıxıb. Hal-hazırda teatr sənəti sahəsində müəyyən bazar vəziyyəti formalaşıb ki, tamaşa təklifi tamaşaçıların onlara olan tələbatını üstələyir, eyni zamanda teatr sənətinə maraq azalmaqdadır.


Ekspertlərin fikrincə, rəqabət mühitində (və ya konkret halda rəqabətsizlik mühitində) teatr fəaliyyətində öz mövqelərinin sabitliyini gücləndirmək üçün teatrlar tamaşaçı tapmaq və onları öz orbitinə cəlb etmək problemini həll etməlidir. Bu məqsədlə teatrın fəaliyyəti müxtəlif sosial təbəqə təmsilçilərinin mövcud mənəvi tələbatının ciddi təhlil etməsi aktualdır. Bu yöndə marketinq kommunikasiyası alətlərinin dəstəyi, effektiv aksiyalar, ciddi geri dönüşə vüsət verməli, bütün səylərin teatr qurumu üçün əhəmiyyətli səviyyədə gəlirə çevrilməsinə yönəldilməlidir. Yəni marketinq araşdırması aparmaqla potensial tamaşaçı ehtiyacları öyrənilməli və tamaşaçılar tərəfindən tələb olunan müvafiq tamaşalar gerçəkləşdirilməlidir.





Lakin teatr ənənələrinin dəyişilməzliyi tərəfdarlarının arqumenti ondan ibarətdir ki, belə marketinq strategiyasını tətbiq etməklə teatr klassik reysdən çıxarılır, əyləncə vasitəsi və asudə vaxt keçirmək məkanı olaraq qalır, eyni zamanda insanın mənəvi-estetik baxımından zövqünün formalaşması üçün öz əhəmiyyətini itirir. Bu da öz növbəsində müasir bazar münasibətləri zəminində formaca sabit mövqe tutan teatr institutunu saxlasa da, guya əsl teatrın süqutuna səbəb olacaqdır.


Mən o ekspertlərlə həmfikirəm ki, marketinq elementləri teatr sahəsində kommunikativ resurs olaraq məqbuldur. Amma mövcud problemin həllində və tələbatın ödənilməsinin kateqorik şərhində tam həllər kompleksi deyildir. Teatr tamaşaçı tələbatını stimullaşdırmaq üçün öz müsbət, dinamik müasir obrazının formalaşmasının, teatr təşkilatının nüfuzunun yüksəlməsi baxımından korporativ imicinin qayğısına qalmalıdır. Başqa sözlə, marketinq kommunikasiyalarından kifayət qədər səmərəli istifadə etməlidir, reklama diqqət yetirməli, media ilə işləməli, ictimaiyyətlə əlaqələr sistemini təkmilləşdirməlidir. Hər şey axır, hər şey dəyişir, biz yüksək texnologiyalar erasına qədəm qoyuruq. Zamanın ritmini tutmaq, trendlərlə bərabər irəliləmək, bir az da zamanı qabaqlabaq, məncə, teatrın xeyrnə olardı...



Teymur Məmmədov