Facemark.az sahibkar və bloqqer Həvva Səfərova ilə müsahibəni təqdim edir!



1. Həvva xanım, salam. Sizi daha yaxından tanıyaq.


Salam, mən Həvva Səfərova, turizmçi, sahibkar, bloqqer. 30 yaşım var, iki uşaq anasıyam, bununla paralel isə fərdi layihələrimi icra edirəm, "Ninja Kids Club by LTC" uşaq klubum var və qadın, biznes, səyahət mövzularından bəhs edən bloqum var.



2. Bloqqerlikdən biznesə doğru addımlamaqdan danışaq. Bu keçid prosesi necə baş verdi?


Əfsuslar olsun ki, ölkəmizdə sən bloqqerlik edirsənsə, düşünülür ki, elə uğur buradadır. Halbuki bloqqerlikdən daha öndə mənim peşəkar tərəfim dayanır. Bloqqerlik sadəcə bir hobbi idi, zamanla inkişaf edərək 3 əsas istiqamətimdən biri ola bilib.


Mən ixtisasca turizmçi-marketoloqam və fərqli biznes ideyalarımı icra etmişəm. Dövlət qurumlarının “Xidmət keyfiyyəti, Marketinq” mövzuları üzrə rəsmi təlimçisi olmuşam və eyni zamanda da bloq idarəsi etmişəm. Bu gün sevmədiyim nüans, bloqqerliyimin peşəkar tərəfimi öncələməsidir ki, çalışıram buna yol verməyim. Bloqqerlik mənə xüsusi nailiyyət və uğur qatmayıb, əksinə sadəcə bu vasitə ilə daha çox auditoriyaya çıxa bilirəm.



3. ‘’Ninja Parents’’ necə yarandı? Biraz hekayəsindən danışaq.


5* hotellərdən birində marketinq meneceri vəzifəsini icra edirdim. Bizə ailə ilə səyahət edən, 70% kontent səyahət olacaq bloqqerlər lazım idi. Heç kimi tapa bilmirdik, sizə danışıram 5 il öncəsini. O zaman travel bloqqerlər ya az idi, ya da solo səyyahlar idi. Heç kimi tapa bilməmişdim. Yoldaşım verdi təklifi ki, niyə də özün olmayasan həmin şəxs. Gəzirik uşaqlarla, özün bu işin ustasısan, həm də turizmçisən. İnsanlara yanlış bildikləri doğruları niyə də elə özün göstərməyəsən. Əvvəl lağlağı etdiyini düşünsəm də, ciddi olduğunu gördüm və başladıq. Kontentimi yerli auditoriya və artıq auditoriyası olan bloqqerlər çox bəyəndi. Hər kəs öz hesablarında paylaşmağa başladı. Çünki həqiqətən də o dönəmdə Azərbaycan bloq bazarında olmayan mövzulara toxunurdum “uşaqla səyahət” mövzusunu aktuallaşdırmağı bacarmışdım. İzləyicilərimdən körpə ilə Taylanddan tutmuş, CAR-a qədər gedənləri belə olmuşdu.



4. Yeni bir biznes qurmalı olsanız bu hansı istiqamətdə olar?


"Ninja Kids Club by LTC" zatən yeni biznesdir və hələ icrada bizi gözləyən çoxlu işlərimiz var. Ona görə də sadəcə 7 aylıq bir biznesim ola-ola yenisinə fokuslanmam, mövcudun daha da yaxşı inkişaf etməsini limitləyə bilər. Hazırda isə bunu istəmirəm.



5. Yaratdığınız ‘’Ninja Kids Club’’ haqqında danışaq. Bu ideya necə yarandı və gözləntiləriniz nələrdir?


Bu ideyanı ilk dəfə 2020-ci ilin yanvar ayında 12 kv m-lik məkanla başlamışdım. İdeya necə yarandı? Frilanser və iki körpə övladı olan bir ana olaraq, işləməli və övladlarıma da zaman ayırmalı idim, çünki yoldaşımın iş qrafiki ilə mənim çalışdığım zamanlama uyğunlaşmırdı. Uşaqlar isə bağça dövründə deyildilər. Evdə bu proses çox çətin olurdu, çünki işə fokuslananda, evdəki mətbəx belə həyati təhlükəli ola bilərdi. Kafelərdə oturub işləyirdim, o zaman da insanların baxışları, öfüldəmələri məni narahat edirdi, hər nə qədər baş qoşmamağa çalışsam da. Təsadüfən bir kafeyə gedirəm, uşaq klubu var, amma nəzarətsizdir və uşaqla anası mütləq qalmalıdır. Marketoloq olaraq təbii ki, ilk hansısa məkana gedəndə özümdən asılı olmadan analiz edirəm, boşluqlara və potensiala fokuslanıram. Kafenin sahibini tanıyırdım deyə, yazdım ki, “Zara salam necəsən? Sənin kafenin uşaq guşəsini icarəyə götürmək istəyirəm, amma sadəcə 300 azn icarə ödəyə bilərəm, artığına gücüm çatmaz. Sənə bu bu bu üstünlükləri də verəcəm və s.”. O da deyir ki, “məkan sənindir, xeyirli olsun”. Sadəcə 5 günə o klubu açıram. 3 ay ərzində çox əla nəticələr əldə edirik. Ciddi maraq qazanır məkan, məşhur bloqqerlər övladlarını gətirir, məmnuniyyətini haqqımızda paylaşaraq bildirirlər və biz qısa zamanda gözəl nəticəyə imza atırıq. Amma 2020-ci il mart ayında pandemiya kök salır və bağlanırıq... İdeya tam 2 il asqıda qalır və mənim içimdə yenə edəcəm alovu ilə uyğun zamanı gözləyirəm. Taa ki, bu ilin yanvar ayına qədər. Fevral ayının 4-ü açılışımız olur və bu dəfə 300 kv m ərazidə.



6. Biznesdə addımlamağa, yeni layihələrə sizi nələr motivasiya edir?


Düşünürəm ki, bu həyatı yaşamaq istəyirəm. Valideynlərim kimi illərlə eyni halqada dövr etmək istəmirəm. Halqanın kənarından da boylanmaq istəyirəm həyata. Buna görə də daim axtarışdayam, daim öyrənirəm, daim tətbiq edirəm. Layihələrin bir qızıl qaydası var: dayanma, başla! Proses zatən zamanla həll olacaq. Mən motivasiyaya çox da inanan insan deyiləm. Məqsədin varsa, hədəfə çatmaq istəyirsənsə, o motivasiya artıq var. Liman olmadan gəmi sularda qalar. Bu da limansız gəmi kimidir.



7. Şəxsi brendin biznesin inkişafındakı rolu nədən ibarətdir və şəxsi brendinqi necə qura bilərik?


Şəxsi brendin ən gözəl üstünlüyü insanların sənin doğru və yanlışlarını, dəyərlərini bilməsi və buna uyğun sənin brendinə güvənməsidir. Şəxsi brend əsasında biznes bəlli yerə qədər inkişaf edə bilər. Amma şəxsi brendin olması hər şey deyil. Bəzən əksimizə də işləyə bilər. Belə ki, sizi sevənlər qədər sizi sevməyənlər də çoxdur. Ona görə də biznesdə şəxsimi uzaq tutmağı sevirəm. Tanıyanlar, bilənlər, zatən yararlanacaqlar. Amma dayanmadan biznesin mənə məxsusluğunu bildirmək mənim üçün gərəksiz hesab etdiyim addımdır.


Şəxsi brendinq siz özünüzsünüz. İnsanlar hekayə dinləməyi və oxumağı sevirlər. Abartısız, nəsiniz, necə etdiniz, nə çətinlikləriniz oldu çox səmimi şəkildə auditoriya ilə paylaşaraq. Şəxsi brendinq üzrə təlimçi olmadığım üçün əlbəttə, daha dərinlərinə enə bilməyəcəm mövzunun. Ən azından mən belə etmişəm və uğurlu alınır.



8. Sizcə hazıda uğurlu biznesin sirri nədir?


Uğurlu biznesin sirri düşünürəm doğru marketinq strategiyasıdır. Bu gün analiz etsəniz bir çox startapların batma səbəbinin marketinqə yetəri qədər güc və ya büdcə ayırmadığını görə bilərsiniz. Doğru marketinq strategiyası hədəfə aparmaq üçün ən əsas qaydadır. Daha sonrasında isə sizinlə eyni vizyona malik əməkdaşları cəlb etmək və boşluqlar üzərində işləyərək, daha da inkişaf etmiş bir məhsul ortaya qoymaq, investisiya etməyə çəkinməmək, yeniliklərə açıq olmaq, təklfiləri real olaraq dəyərləndirmək bir biznes üçün uğura aparan pazle parçalarıdır.



9. Gələcək fəaliyyətinizdə nələri planlaşdırırsınız?


Bunu surpriz olaraq saxlamağı sevirəm. Əvvəllər dayanmadan, saatlarla danışardım, amma son illər sadəcə başımı salıb işləyib, daha sonrasında baxın, etdim deməyi sevməyə başlamışam. Niyə demirəm? Bu əlavə enerji itkisidir və bu enerjini daha lazımlı məsələlərə xərcləyə bilərəm deyə düşünürəm.




Təşəkkür edirik!