Facemark.az Agile Coach Yusif Qasımov ilə müsahibəni təqdim edir!



1. Yusif bəy, salam. Sizi daha yaxından tanıyaq.


Salam, mən Yusif Qasımov. 33 yaşım var. Bakı şəhərində anadan olmuşam. Evliyəm və iki uşaq atasıyam.


Peşəkar karyeramı bank sektorunda başlamış və 8 ilimi orada keçirmişəm. Əlavə olaraq pərakəndə biznes sektorunda qısa müddət çalışmışam. Hazırda sığorta sektorunun aparıcı oyunçularının birində "Agile Coach" kimi fəaliyyət göstərirəm və ümumiyyətlə agile istiqamətində 4 illik tətbiqi təcrübəyə sahibəm.



2. Rəqəmsal həllərin hökm sürdüyü müasir dövrdə maliyyə-bank sektorunun və ümumiyyətlə biznesin ən mühüm tələblərindən biri də çeviklikdir. "Agile" anlayışını necə dəyərləndirə bilərsiniz?


Düzgün vurğulayırsınız, çeviklik. Təəssüflər olsun ki, bir çox insanlar çevikliyi tələskənliklə eyni tutur və nəticədə istədikləri nəticələrə çatmır. "Agile" isə öz növbəsində bir düşüncə tərzi və fəlsəfədir. Bu fəlsəfənin əsas dəyərlərini təşkil edən bir neçə bünövrəli sütunlar var. İlk növbədə "Agile" insanlar arasında baş verir. Heç bir proses, qayda və ya tələb iki insanın ünsiyyətindən üstün ola bilməz. Digər bir amil müştəriyönümlülükdür. Əgər biz biznes prizmasından baxırıqsa, o zaman müştəri ilə qarşı davranış, onlara təqdim etdiyimiz məhsul çeşidi ön plana çıxır. Burada mütləq şəkildə onların istəklərini qarşılayacaq həllər və xidmətlər ölçü vahidi kimi götürülür. Və təbii ki, dəyişikliklərə açıqlıq və hazır olma. Əsl çeviklik burada özünü sübut edə bilir və biznesin, insanların yetkinlik dərəcəsini nümayiş etdirir.



3. "Agile" transformasiyası ilə hansı dəyişikliklər baş verir? Bəs bu yanaşma müştərilərə nə qazandırır və onları hansı yeniliklər gözləyir?


Müxtəlif dəyişikliklər... İnsani, korporativ mədəniyyət yönümlü dəyişikliklərdən tutmuş biznes konsepsiyanın dəyişikliyi, proses optimizasiyası və texnoloji dəyişiklərə qədər geniş əhatəli işdir. Artıq vurğuladığım müştəriyönümlülük isə bu tortun şirin albalısıdır. Artıq müştərilər özlərini dəyərli hiss etməyə başlayır, prosesin bir parçası hiss etməyə başlayırlar. Təsəvvür edin ilkin mərhələdə sizin ağrılı nöqtələriniz sorğulanır, müsahibələr köməkliyi ilə davranış və empatiya xəritələri təyin olunur. Bunun nəticəsi olaraq sizinlə müvafiq kontakt yaradılır və artıq hissə-hissə müəyyən məhsul gözünüzün qabağında yarımfabrikatdan dolğun məhsula çevrilir. Təbii ki, müəyyən müddətdən sonra.



4. Sizcə "Agile" düşüncə tərzini digər sistemlərdən nə fərqləndirir, hansı üstünlükləri var?


Düşüncə tərzi olması dediyim kimi bu çox insani, canlı və hərəkətli fəlsəfədir. Onu dərk etmədən, yaşatmadan yüksək nəticələri eldə etmək qeyri-mümkündür. Təbii ki, uğurlu nümunələr olduğu kimi uğursuz nümunələr də kifayət qədərdir. Əksər səbəblər isə konteksti dərk etmədən dərhal tətbiqə keçmələridir. Bu isə nəyin əlamətidir? Zəif vizyonun olması və tələskənlikdir. Artıq burada bizim bazarda sevilən “İLK”lər yarışı öz məntiqini itirir. Meydana müştərilərin istəklərini bilən, verilənlərə əsaslanmış qərar verən və yüksək keyfiyyət təqdim edən oyunçu çıxır. Əlavə üstünlük də ondan ibarətdir ki, burada şəffaf mühit hökm sürür. Şəffaf mühit isə o deməkdir ki, görülən işlər çarpaz şəkildə keçir, aidiyyəti tərəflərlə komanda arasında daimi kommunikasiya mövcud olur, bu da öz növbəsində qısa zaman ərzində optimal həllin tapması üçün münbit şərait yaradır.



5. Biraz da “Waterfall” və “Agile” qarşılaşmasından danışaq. Bu metodlar arasında hansı fərqlər mövcuddur?


"Waterfall" və "Agile" çox komfort şəkildə bir-biri ilə işləyə bilir. Təbii ki, tətbiqi tərəflərə baxsaq onların təyinatı və istifadə etdiyi üsullar fərqlənir, lakin bir-birini inkar etmir. Məsələn, götürək iri miqyaslı bir layihəni. Hansı ki, müddəti, büdcəsi və gözləntisi bəllidir. Təbii ki, başlanğıc zamanı iş "Waterfall" (kaskadvari) ilə start verir. "Gantt Chart" vasitəsilə yol xəritəsi cızılır, əsas "milestone"lar fiks olunur və addımbaaddım davam edir. Lakin bu böyük "milestone"lar kiçik, adaptiv "Sprint"lərdən ibarət oluna bilər (əgər bu bir məhsul və ya proqram təminatıdırsa). Əks təqdirdə axın tipli işlər də "Agile" vasitəsilə idarə oluna bilər. Hazırda da mən sizə "Scrum" və "Kanban" nümunələrinin hər birini cüzi olaraq misal gətirdim. Bu baxımdan "Agile" bir sıra freymvörklardan ibarətdir və onların təyinatı hədəfdən asılı olaraq dəyişir.



6. Bu gün bir çox şirkət komanda performansını, müştəri məmnuniyyətini və layihənin çox yönlülüyünü artırmağa kömək etmək üçün sürətli idarəetmə metodologiyalarını qəbul edir. Çevik marketinqin hansı üstünlükləri var?


Çevik marketinq hamar büdcələmə (Lean Budgeting) və bütün digər ortamları birləşdirən qısa zaman ərzində verilənləri inspeksiya edib gəliryönümlü adaptasiya etməkdir. Artıq biz bir illik marketinq planı ilə yox, hissəli və qısamüddətli uğur kriteriyaları ilə meydana çıxırıq (Success Criteria). Proqnoz verdim, yola çıxdım, yoxladım, alındı, uğurluyam. Və ya ikinci format proqnoz verdim, yola çıxdım, yoxladım, alınmadı, təcrübə qazandım, uğurluyam, proqnoz verdim, yola çıxdım, yoxladım... Alındıya qədər. Və bu qısa zaman ərzində biz biznesimizə zərər gətirmədən müvafiq eksperimentlər, yoxlamalar həyata keçirə bilərik. Uzunmüddətli proqnozlar artıq müasir dövrdə çox təhlükəlidir. Həmin dövrü (VUCA, BANI World) adlandırırlar. Başqa bir sözlə desək, dəyişən mühitdə yaşayırıq, ona görə daim proqnozlarımız qısa və ölçüləbilən olmalıdır.



7.Sizcə, "Agile" yanaşma metodunu hansı şirkətlər qəbul etməli və tətbiq etməlidirlər?


Yuxarıda qeyd etdiyimiz biznes ortamda yaşamaq istəyən hər bir şirkət tətbiq etməlidir. Nəinki maliyyə və yüksək texnologiyalar, hətta bizim işgüzar ekosistemimizi təmsil edən bütün şirkətlərə birmənalı olaraq aiddir.



8. Azərbaycanda və qlobalda "Agile" şirkət nümunələrinə hansıları misal gətirə bilərsiniz?


Dünyada bildiyiniz ən aparıcı şirkətlərdə müxtəlif istiqamətlərdə və müxtəlif miqyasda Agile tətbiq olunur. "Apple", "Google", "Netflix", "Tesla", "Amazon", "JP Morgan Chase", "T-Mobile", "BOSCH", "Türkiye İş Bankası", "Allianz Sığorta", "Türkcell" və s. Azərbaycanda isə hazırda əksər maliyyə institutları və telekommunikasiya tərəfdədir. Lakin tendensiya onu göstərir ki, əhatə dairəsi böyüyəcək. Artıq biz bunu dövlət layihələrində də görürük. Yeganə məqam odur ki, bundan dəb xatirinə yox, həqiqətən həll tapmaq və cəmiyyətə töhfə vermək üçün istifadə edək. Hər bir dəbin müəyyən eniş dövrü olur və düşünürəm ki, bir neçə ildən sonra yalançı agile tətbiq edənlər rəqabətə tab gətirmədən özləri bu yolu tərk edəcək.




Təşəkkür edirik!