"Business Insight" şirkəti “Azərbaycanda Z Nəsli adı altında 14-25 yaş arasında olan 1218 respondent arasında sorğu həyata keçirib.


Nəticələri daha operativ əldə etmək üçün sorğu Telefonla həyata keçirilib.


Facemark.az həmin araşdırmanı təqdim edir:


Azərbaycanda gənclərin həyat şəraiti necədir? Onlar necə hiss edirlər? Arzularına çatacaqlarına inanırlarmı? Onların hansı rəqəmsal vərdişləri var? "Business Insight" olaraq Azərbaycanın bütün bölgələrindən 14-25 yaş aralığında olan 1218 gəncin fikirlərini öyrənib sizin üçün təhlil etdik və şərh etdik.


Azərbaycanda 1218 gənc arasında “Azərbaycanda Z nəsli” adında araşdırmanı həyata keçirdik. Bu hesabatda dünya bazarı ilə əlaqəsini daima yeniləyən və inkişaf etməkdə olan ölkənin xüsusi demoqrafik qrupu olan gəncləri sosial-iqtisadi və psixoloji əsaslara görə araşdırdıq. Araşdırmamıza keçməzdən əvvəl əldə etdiyimiz nəticələri vurğulamaq üçün Azərbaycan gənclərinin həyat tərzinə makro səviyyədə nəzər salmağı faydalı hesab edirik. Təəssüf ki, Azərbaycan gənclərinin ən azı 20%-nin ən mühüm problemlərindən biri “nə təhsildə, nə də məşğulluqda (NEET-Not in Education, Employment, or Training)” olmamasıdır. Başqa sözlə ifadə etsək, Azərbaycan gənclərinin əhəmiyyətli bir hissəsini təhsil və iş axtarmayan (bacarmayan), ailəsi ilə birlikdə yaşayan, iqtisadi cəhətdən ailəsindən asılı olan, sosiallaşması və sosial bacarıqları yetərincə inkişaf etməmiş “ev gəncləri” təşkil edir. Belə bir mühitdə gənc seqmentlə bağlı yanlış təsəvvürlərdən biri də yüksək bir ehtimalla “gənclərin ümidsiz, məqsədsiz, cəmiyyətdən uzaq və nə etdiklərini bilməmələridir”. Hesabatımız isə bu yanlış təsəvvürlərin və bu cür qavrayış şəklinin əksini göstərir.


Belə bir sual ortaya çıxır, gənclər hər gün daha da çətinləşən həyatın içərisində çarənin ekran arxasında əyləncə və sosiallaşmada olduğunumu düşünür? Gənclər sosiallaşmaq üçün ilkin olaraq, Mobil telefonda internetdən (üzvlük tələb edən onlayn platformalar və ya üzvlük tələb etməyən onlayn platformalardan-email, sosial şəbəklər, vebsaytlar, forumlar, söhbət, öyrənmə mühiti və s) istifadəyə və milli telekanallar üzərindən məzmunlar izləməyə yönəlirlər. Gənclər bir dəfəyə fasiləsiz 2 saat və orta hesabla ayda təxminən 10 gün serial/film/məzmun izləyirlər. Başqa sözlə, gənclər ümumi olaraq ekran başında əyləncə axtarışındadırlar. Bütün bunlarla yanaşı, gənclər Sosial şəbəkə, xüsusilə İnstagram və Facebook vasitəsilə dostları və qohumlarından xəbər tutub, informasiya mübadiləsi edir, Twitter vasitəsilə gündəmi və TikTok vasitəsilə isə komik mövzuda məzmunları izləyirlər. Gənclərin yarısı ümumi olaraq sosial mediada öz real kimliklərini əks etdirir və imiclərinə önəm verirlər. Sosial şəbəkələrdə yazılan müsbət şərhlər, gənclərin əhval-ruhiyyəsinə təsir etdiyi halda, mənfi rəylərin demək olar ki, gənclərə heç bir təsiri olmur. Bu reallıq gənclərin kiber zorakılığa qarşı dayanqlı olduğunu göstərir. Əgər belədirsə, virtual sosiallaşmanın gücləndiyi və sürət qazandığı bu vaxtlarda brendlər gənclərin diqqətini hansı yolla cəlb edə bilər.


Həyat Şərtləri


Gənclər yaşadıqları evi orta hesabla əlavə 3 nəfərlə də bölüşürlər. Ev təsərrüfatlarında otaqların sayı orta hesabla 3-dür və evlərin 83 faizi gənclərin ailələrinə məxsusdur.Hər 10 gəncdən 7-si bacı və ya qardaşı ilə birlikdə yaşayır. 38% faiz gənc isə bina evlərində yaşayır. Gənclərin aylıq gəliri orta hesabla 221 manatdır. Bu aylıq gəlir cins və yaş kateqoriyaları üzrə fərqlənir. Bu indeks gənclər arasında gəlir bərabərsizliyinin olduğuna işarə edir. Gənclərin yarıdan çoxu (57%) hələ də bank müştərisi olmayıb, 76% gənc isə kredit kartından istifadə etmir. Gənclər ayda orta hesabla 5.7 GB mobil internetdən istifadə edə bilir. 17% gəncin evdə hələ də sabit internetə çıxışı yoxdur.


Aylıq Gəlir


Gənclərin aylıq gəliri orta hesabla 221 manatdır. Yaş artdıqca gənclərin aylıq gəliri də artır. Gənc kişilərin maddi imkanları gənc qadınlardan iki dəfə çoxdur. Həmyaşıdlarına nisbətdə orta səviyyədən yüksək gəliri və rifahı olan gənclər ayda 310 AZN qazandığı halda, orta səviyyədən aşağı gəlir səviyyəsində olan gənclər isə bir ayı orta hesabla cəmi 181 manatla keçirir.


Banklarla Əməkdaşlıq


Gənclərin 57%-i hələ də bank müştərisi deyil. Təhlillər göstərir ki, gənc kişilər qadınlarla müqayisədə daha çox sayda bank hesabına malikdirlər. Yaş və aylıq gəlir artdıqca gənclər arasında bank müştərisi olma faizi artır.


Gənclərin 76%-nin kredit kartı yoxdur. 14-18 yaş arasında olan gənclərin 88%-nin kredit kartları ilə təcrübəsinin olmadığı müşahidə olunur. Bu baxımdan, yeni bank xidmətlərini inkişaf etdirməklə yanaşı, mövcud bank xidmətlərinə çıxışı asanlaşdıran yenilikərin tətbiqi ilə bu seqmentə yayılmanın müsbət nəticələr verəcəyi bir sahə önə çıxır.


İnternetə Malik Olma və İstifadə


Gənclərin 17%-i üçün öz evlərində sabit internet əlçatan deyil. Həmyaşıdları ilə müqayisədə orta səviyyədən aşağı gəliri və rifahı olan gənclərin internetə heç çıxışı yoxdur. Ayda 16-20 GB arası mobil internet istifadə edən gənclərin 41%-i, ayda 20 GB-dan çox mobil internet istifadə edən gənclərin isə 27%-nin evdə sabit internet bağlantısı yoxdur.


Onlayn Alış-veriş


Gənclərin demək olar ki, yarısı onlayn alış-veriş etmir (və ya edə bilmir). Bu nisbət 14-18 yaş qrupunda daha çox müşahidə olunur. Alış-veriş edənlər isə yemək və market alış-verişindən başqa ildə orta hesabla 16 dəfə onlayn alış-veriş edirlər. Digər tərəfdən, 22-25 yaş və yaşıdlarından gəlir və rifah səviyyəsi bir qədər yüksək olan gənclər arasında isə ayda 2-3 dəfə və ya daha çox alış-veriş edənlərin nisbəti yüksək olaraq qalır.


Əhval-Ruhiyyə


Gənclərin əhval-ruhiyyəsini əks etdirən ilk üç sifət (zövqlü, güclü və həvəsli) onların pozitiv əhval-ruhiyyəsini əks etdirir. Neqativ əhval-ruhiyyədən isə əsəbilik və əndişə diqqəti cəlb edir. Narahatlığın, tədirginliyin və təlaşın qadınlar arasında yayqın olduğu müşahidə olunur. 14-18 yaş qrupu ən həvəsli gənclər kimi seçilir. Ancaq 22-25 yaş arası gənclərin həyəcanlarını itirdiklərini görürük.


Gəlir və Rifah


Gənclər öz gəlirlərini başqalarının gəlirləri ilə müqayisə etməyi əhəmiyyətsiz hesab edirlər. Bununla belə, gəlir və rifah səviyyəsi həmyaşıdlarına görə orta səviyyədən aşağı olan gənclərin daha çoxu gəlirlərini müqayisə etməyi vacib hesab edirlər. Aylıq gəliri 0-18 AZN olan gənclər digər gənclərlə müqayisədə öz gəlirlərini başqalarının gəlirləri ilə müqayisə etməyi daha az əhəmiyyətli hesab edir.


Sosiallaşma


Gənclərin 82%-i özlərini tənha hiss etmirlər. Gənclərin 45%-i yaxın ətrafları sayəsində hər zaman sosiallaşa, 42%-i isə asanlıqla dostluq qura bilirlər.Lakin 14-18 yaş arası gənclərin sosiallaşmaq və dostluq qurmaq bacarığı digər yaş qrupları ilə müqayisədə aşağı səviyyədə qalır. Gənc qadınlar isə gənc kişilərə nisbətdə özlərini daha çox tənha hiss edirlər.


Fərqindəlik Qavrayışı


Gənclərin yalnız 50%-i həyatlarının gedişatı üçün iplərin öz əllərində olduğunu qeyd edirlər. Əgər başqa insanlar bunu bacarırlarsa, onların da bacara biləcəklərini düşünürlər.Amma eyni zamanda, hər 10 gəncdən təxminən 2-si kifayət qədər bacarıqlı biri olmadıqlarını düşünür və çətinliklərlə qarşılaşdıqda bunu edə biləcəklərinə dair özlərinə şübhə ilə yanaşırlar. Gənc kişilərin 82%-i və həmyaşıdlarına görə gəlir və rifah səviyyəsi bir qədər yüksək olan gənclərin isə 83%-i adekvat olduqlarını qeyd edirlər.


Brendlərin «Gənc» Kommunikasiyaları


Gənclərin sadəcə 15%-i kommunikasiya kanallarındakı gənc profilini özünə yaxın gördüyünü qeyd edir. Kommunikasiya kanallarında gördükləri həyat tərzini özününkünə bənzədən gənclər isə cəmi 12% təşkil edir. Gəlir və rifah səviyyəsi həmyaşıdları ilə müqayisədə orta səviyyədən aşağı olan gənclər daha yüksək nisbətdə təqdim olunan gənc profilinin onlara yaxın olmadığını və həyat tərzlərinin bir-birləri ilə oxşar olmadığını bildirirlər.


Kontent İzlənən Cihazlar və İzlənmə Şəkilləri


TV-nin, xüsusən də yerli kanalların hələ də çəkisini itirmədiyi müşahidə olunur. Digər tərəfdən üzvlük tələb edən platformaların yüksəlişi diqqət çəkir. Smartfonların və kompüter ekranlarının yarışdığı üzə çıxır. Gənc qadınlar mobil telefondan internet vasitəsilə daha çox məzmunlar izlədiyi halda (üzvlük tələb olunmayan vebsaytlar və ya onlayn platformalar), gəlir və rifah səviyyəsi orta səviyyədən aşağı olan gənclər yerli TV telekanallarında daha çox vaxt keçirirlər.





İstifadə Edilən Sosial Media Platformaları


Youtube və Instagram gənclərin ən çox istifadə etdiyi sosial media kanallarıdır. Hər 2 gəncdən biri Tiktok-dan istifadə etdiyi halda, hər 10 gəncdən yalnız 1-i LinkedIn peşəkar sosial şəbəkəsindən istifadə edir. Gənc qadınlar gənc kişilərə nisbətən Snapchat-dan, gənc kişilər isə gənc qadınlara nisbətən Instagram, Facebook, Tiktok və Twitter-dən daha çox istifadə edirlər. 14-18 yaşlı gənclər digər gənclərə nisbətdə Instagram-da daha az, Snapchat-da isə daha çox iştirak edirlər. Gəlir və rifah səviyyələri həmyaşıdlarına görə orta səviyyədən aşağı olan gənclər digər gənclərə nisbətən Tiktokdan daha çox istifadə edirlər.


Uğur və Çalışmağın Önəmi


Gənclərin 57%-i nailiyyət əldə etməyin yolunun daha çox çalışmaq olduğundan agahdırlar. Digər tərəfdən, demək olar ki, hər 10 gəncdən 3-ü fitri istedadların (doğuşdan gələn bacarıq) zəhmətdən, səy göstərməkdən öndə olduğunu və əldə olunacaq təşəbbüslərin hər şeydən əvvəl bəxtdən asılı, şansa bağlı olduğunu düşünür. Gənc qadınlar kişilərlə nisbətdə başarının daha çox zəhmətdən və çalışmaqdan qaynaqlandığını qeyd edirlər. 22-25 yaş qrupu isə daha çox bəxt və şansın ön planda olduğunu bildirir.


Sosial Media və Şəxsiyyət


Gənclərin yarısı sosial media hesablarında real kimliklərini əks etdirir və hesablarındakı imicə önəm verirlər. Pozitiv, müsbət şərhlər gənclərin əhval-ruhiyyəsinə təsir edərkən, mənfi rəylər onların əhval–ruhiyyəsinə daha az təsir edir. Gənc qadınlar kişilərə nisbətən müsbət və mənfi reaksiyalardan daha çox təsirlənirlər. 14-18 yaşlı gənclər digər gənclərlə müqayisədə sosial mediada öz real kimliklərini daha az əks etdirirlər, imiclərinə daha az önəm verirlər. Gəlir və rifah səviyyələri yaşıdları ilə müqayisədə orta səviyyədən aşağı olan gənclər arasında da oxşar vəziyyəti müşahidə edirik.