“Azərbaycan” İstilik Elektrik Stansiyasının modernləşdirilməsi nəticəsində bir neçə yüz milyon kubmetr qaza qənaət etmək mümkün olacaq.
Facemark.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov "Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri" konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Mingəçevirdə yerləşən bu stansiya Azərbaycanın ən iri istilik elektrik stansiyasıdır, lakin ən səmərəsiz stansiyalardan biridir.
“Onun modernləşdirilməsi çərçivəsində bir neçə yüz milyon təbii qazın qənaət edilməsi hədəflənir. Bunun önümüzdəki iki il ərzində həyata keçirilməsi planlaşdırılır”, - nazir müavini qeyd edib.
O bildirib ki, təbii qaza qənaət əlavə ixrac imkanları və daxili istehlak imkanlarının təminatı deməkdir.
Elnur Soltanov onu da əlavə edib ki, Azərbaycanda istehsal olunan elektrik enerjisinin təqribən 95%-i qazın hesabına təmin olunur.
Xatırladaq ki, bir müddət əvvəl Prezident İlham Əliyev “Azərbaycan” İES-də modernizasiya işlərinin aparılması ilə bağlı Sərəncam imzalayıb.