Facemark.az Ramin Fərəcullayevin yeni yazısını təqdim edir!
Son dövrlərdə bütün telekanallar üçün "Youtube" göstəriciləri televiziya reytinqləri ilə bərabər önəm kəsb edir. Qeyd edək ki, paylaşılan video sayına görə yerli televiziya kanalları ölkənin ən böyük "Youtube" kontenti istehsalçısıdır.
Yerli telekanalların "Youtube" göstəriciləri bu ay da bizi təəcübləndirməyə davam edir. Belə ki, ölkəmizdə öncəki dövrlərdə əsasən şou yönümlü videolar daha çox diqqət cəlb etsə də, ardıcıl 2 aydır ki, "İctimai TV" və “ARB 24” TV gündəmə uyğun xəbər kontenti paylaşaraq ilk iki yerdə qərarlaşmışdır.
Məlumat verək ki, "İctimai TV" və "İtv Plus" adlı 2 "Youtube" kanalı olan telekanal sentyabrda 19,6 milyon, oktyabr ayında isə 2,6 milyon daha çox yəni 22,3 milyon baxış toplaya bilmişdir.
Son 2 ayda ikinci yerdə qərarlaşan “ARB 24” isə ötən aydan yalnız 200 min daha çox yəni 19,7 milyon baxış toplaya bilmişdir.
Qeyd edək ki, İlk 2 yeri bölüşən telekanalların paylaşım strategiyası bir-birindən qismən fərqlənir.
Beləki "İctimai TV" youtube kanalında oktyabr ayında 1900-ə yaxın, "ARB 24" kanalında isə bundan 2 dəfə az yəni 800-ə yaxın video paylaşımı edilmişdir.
"Youtube" alqoritmasına əsasən çoxsayda video paylaşımı yüksək baxış sayına çatıma maneə olsada, "İctimai TV" izləyiciləri telekanalı tək buraxmayıblar.
İstərsə Qarabağda, istərsə də Ukraynada hərbi əməliyyatların aktivləşməsi bu mövzuda videoların gündəmi zəbt etməsinə gətirib çıxarmışdır.
1 aydan çoxdur başlayan televiziya mövsümü şou kontenti istehsal edən telekanallar üçün çox da uğurlu olmayıb deyə bilərik. Cədvəlin ilk beşliyində yer alan "Xəzər", "Arb" və "Atv" ötən mövsüm olan aktivliyini hələki bərpa edə bilməyib.
Yeni mövsümün yeniliklərindən biridə "Arb" telekanalının "Arb Show", "Arb Music", "Arb Film" adlı yeni "Youtube" kanallarının istifadəyə verməsidir. Qeyd edək ki, "Xəzər" və "Atv" telekanallarınında oxşar xüsusi kateqoriyalı "Youtube" kanalları var.
Yuxarda qeyd etdiyimiz kimi paylaşılan video sayı ümumi baxış sayına bəzən mənfi təsir etdiyindən gələcəkdə oxşar addımı digər telekanallarında sosial media strategiyasında görə bilərik.
Xatırladaq ki, bütün xəbər kontenti paylaşan telekanalların "Youtube" kanalının göstəriciləri avqust ayından etibarən 2-6 dəfə artmışdı. Məsələn, ortalama hər ay 200 min baxış toplayan “Real Tv” avqustda 929 min izlənmişdir ki, bu da digər aylara nisbətən 4-5 dəfə çoxdur. Oktyabr ayında 804 mindən çox izlənən telekanal avqust və sentyabr ayına nəzərən geriləsədə 2022-ci il statistikasına əsasən qənaətbəxşdir.
Qeyd edək ki, SEO optimizasiyası yüksək olmayan telekanalın bu baxış göstəricisi məhz paylaşılan kontentin hazırda aktual məsələlər ilə əlaqədardır.
Bəzi telekanalların şou və xəbər video kateqoriyaları üçün "Youtube" kanalları ayrı olduğundan burada da xəbər kontenti üzrə böyük marağın olduğunu görürük.
Belə ki, "Xəzər Tv"nin sahib olduğu beş "Youtube" kanalından biri "Xəzər Xəbər" üzrə də aktivliyin artdığını müşahidə edirik. Məsələn, ilin ilk 10 ayında toplam 29 milyondan bir qədər çox izlənən bu "Youtube" kanalı 16,8 milyon baxışı son 3 ayda əldə edib.
Feedspy.net saytının statiskasına əsasən ilin ilk 10 ayında toplam 43.2 milyon baxış əldə edən "AzTv" bu baxış sayının 45,6%-ni yəni 19.7 milyonunu son 3 ayda əldə etsə də, rəqibləri qədər nəticələrini rekord səviyyədə yüksəldə bilməyib.
Siyasi arenada baş verən aktiv hadisələr səbəbindən xəbər kontentinə artan kütləvi maraq "AzTv" üçündə fürsət yaradırdı ki, son 3 ayın göstəriciləri bu imkandan tam yararlana bilmədiyini deməyə əsas verir.
Məlumat üçün qeyd edək ki, "AzTv" əsas rəqiblərindən fərqli olaraq seo optimizasiyasını stabil olaraq orta səviyyədə aparmağa davam edir.