Facemark.az III Maliyyə və İnvestisiya Forumunun "Maliyyələşmə Strategiyaları" panelinin spikeri Rəşad Həsənov ilə müsahibəni təqdim edir!



1. Rəşad bəy, bildiyimiz kimi, bu il III dəfə keçirilən Maliyyə və İnvestisiya Forumunda spiker olaraq çıxış edəcəksiniz. Hansı paneldə və hansı mövzu ətrafında olacaq çıxışınız?


Bəli, forumun "Maliyyələşmə Strategiyaları" panelində ölkəmizdə dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlar və tətbiq olunan yeni yanaşmalar barədə danışacam. Xüsusən də, Ortamüddətli Xərclər Çərçivəsinin və nəticəəsaslı büdcənin tətbiqini özündə ehtiva edən strateji büdcə planlamasına keçid və qayda əsaslı fiskal çərçivənin tətbiqi ilə bağlı təqdimat edəcəm.


2. Artıq forumun spikerləri bəllidir. Forum zamanı ən çox kimin çıxışı sizin üçün maraqlıdır?


Artıq üçüncü dəfədir ki, təşkil olunan forum dövlət və özəl sektorun, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini, ekspertləri və media təmsilçilərini bir araya gətirərək maliyyə və investisiya sahəsində aktual mövzuların müzakirəsi üçün çox gözəl bir platforma yaradır. Əvvəlki illərdə olduğu kimi bu il də maliyyə, vergi, bank, mühasibatlıq və s. sahələrdə çalışan olduqca təcrübəli və peşəkar insanlar foruma spiker olaraq dəvət olunmuşdur. Bu baxımdan, bütün spiker həmkarlarımın çıxışlarını dinləməyi səbirsizliklə gözləyirəm.


3. Ölkəmizin maliyyə və investisiya sahəsini necə dəyərləndirirsiniz? Sizcə, bu sahədə daha da inkişaf etmək, irəliləmək üçün hansı addımlar atılmalıdır?


Son 10 ilin statistikasına nəzər salsaq, görürük ki, maliyyə sektorunun bütün seqmentlərində sabitlik və likvidliyin təmin olunmasında əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Belə ki, maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normaları 2 dəfəyədək üstələyir. Bu şəraitdə son 10 ildə bank aktivlərinin ÜDM-də payı 26,8%-dən 44,3%-ə yüksəlmiş, iqtisadiyyata kredit qoyuluşlarının həcmi 9,9 milyard manatdan artaraq 17,1 milyard manata çatmışdır. Maliyyə sektorunun sağlamlaşdırılması üzrə həyata keçirilmiş tədbirlər sektora etimadı yüksəltmişdir. Depozitlərin həcmi 3,9 dəfə artaraq 2011-ci ildəki 6,9 milyard manatdan 2021-ci ildə 27,1 milyard manata çatmışdır.


Son 10 ildə iqtisadiyyatımız iki qlobal maliyyə böhranından uğurla çıxmış və xarici təsirlərə davamlı olmuşdur. 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalmasının və 2020-ci ilin əvvəllərindən başlamış COVİD-19 böhranının ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratmasına baxmayaraq, çevik və effektiv iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik qorunmuşdur. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olmuşdur ki, bu da milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam dayanıqlığını əks etdirir.


Hazırda Azərbaycan post-pandemiya və post-konflikt dövrünün yaratdığı reallıqlar və çağırışlar ilə yeni bir strateji inkişaf mərhələsinə daxil olmuşdur. Bu yeni strateji mərhələdə ölkəmizin qarşısında duran əsas prioritet, məqsəd və hədəflər cənab Prezidentin müvafiq sərəncamları ilə təsdiq edilmiş 2030-cu il üçün Milli Prioritetlər sənədində və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapmışdır. Strategiyada qeyri-neft-qaz sektorunun dayanıqlı artımına nail olmaq üçün ölkədə investisiya və rəqabət mühitinin daha da yaxşılaşdırılması və bu sahələrə investisiyaların həcminin artırılması hədəflənir. Eyni zamanda maliyyə sektorunun bütün seqmentlərinin iqtisadiyyatda rolunun artırılması, maliyyə inklüzivliyinin genişləndirməsi, maliyyə xidmətlərinin əlçatanlığının, əhali və biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, dövlət‒özəl sektor əməkdaşlığı çərçivəsində investor və kreditorların risklərinin sığortalanması sisteminin təkmilləşdirilməsi, biznes kreditlərinə təminatların verilməsi mexanizminin əhatəliliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin rəqəmsallaşması, sığorta və korporativ qiymətli kağızlar bazarının dərinləşdirilməsi və s. tədbirlərin görülməsi nəzərdə tutulur.


4. Maliyyə və İnvestisiya Forumundan gözləntiləriniz nələrdir? Bu kimi forumlar ölkəmiz və yerli şirkətlər üçün nə dərəcə rol oynayır sizcə?


Qeyd etdiyim kimi, “Gələcək üçün yenilən” şüarı ilə keçirilən bu forum maliyyə və investisiya sahəsinə dair aktual mövzuların, yeniliklərin müzakirə olunduğu, maraqlı diskussiyaların, təcrübə və fikir mübadilələrinin aparıldığı böyük bir platformadır. Maliyyə və İnvestisiya Forumu ideyaların, təcrübələrin bölüşüldüyü məkan olmaqla yanaşı, həmçinin maliyyəçilər üçün çox yaxşı bir networking imkanıdır. Bu baxımdan, hesab edirəm ki, bu kimi forumların ölkəmizdə keçirilməsi həm yerli şirkətlər üçün, həmçinin də bütovlükdə ölkəmiz üçün çox faydalıdır.


5. Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) Hazırlanması Mərkəzi hazırda hansı layihələri həyata keçirir?


Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) Hazırlanması Mərkəzi ölkəmizdə OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminin tətbiqi ilə bağlı islahatların aparılması, koordinasiyası və bu sahədə müvafiq təlimatlandırmanın həyata keçirilməsi məqsədilə 2019-cu ildə yaradılmışdır.


Məlumat üçün bildirim ki, bu islahatlar dövlət başçısının 2016-cı ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə əsas istiqamətlərdən biri kimi qarşıya qoyulmuşdur. Ötən dövr ərzində bu çərçivədə artıq bir sıra mühüm addımlar atılmış, müəyyən hüquqi və institutsional çərçivə yaradılmışdır. İlkin olaraq üç pilot sektorda (təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi) OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə tərtibi mexanizminə keçidin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsinə başlanılmışdır.