Facemark.az III Maliyyə və İnvestisiya Forumunun spikeri Sənan Şabanov ilə müsahibəni təqdim edir!


1. Sənan bəy, bildiyimiz kimi, bu il III dəfə keçirilən Maliyyə və İnvestisiya Forumunda spiker olaraq çıxış edəcəksiniz. Hansı paneldə və hansı mövzu ətrafında olacaq çıxışınız?


İlk öncə məni spiker kimi dəvət etdikləri üçün forumun təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Mən forumun “İnvestisiya strategiyaları” panelində “Asiya İnkişaf Bankı və Dayanıqlı Maliyyə” mövzusu ətrafında öz fikirlərimi bölüşəcəm.



2. Artıq forumun spikerləri bəllidir. Forum zamanı ən çox kimin çıxışı sizin üçün maraqlıdır?


Sözün açığı, bütün spikerlərin çıxışlarını maraqla gözləyirəm. Təşkilatçılar çox maraqlı yanaşma irəli sürüblər: Həm özəl sektor, həm assosasiyalar, həm də dövlət sektoru nümayəndələri panellərdə təmsil olunacaqlar. Beynəlxalq maliyyə institutundan təmsilçi olaraq mən də öz növbəmdə forumun işinə töhfə verməyə çalışacam.



3. Ölkəmizin maliyyə və investisiya sahəsini necə dəyərləndirirsiniz? Bu sahədə daha da inkişaf etmək, irəliləmək üçün hansı addımlar atılmalıdır?


Müstəqil respublikamız kimi maliyyə və investisiya sektorumuz da gəncdir. Müasir maliyyə infrastrukturunun qurulması və investisiya münasibətlərinin inkişafı tarixi 30 ili keçməsə də, bu sahədə əhəmiyyətli işlər görülüb.Güclü qanunvericilik bazası yaradılıb. Azərbaycan maliyyə institutları beynəlxalq maliyyə bazarlarına inteqrasiya olunub. Ancaq necə deyərlər, inkişaf üçün həmişə yer var. Özəl sektor üçün maliyyə vəsaitlərinə çıxışın yaxşılaşdırılması, alternativ maliyyə alətlərinin tətbiqi, zəmanət mexanizmlərinin daha da populyarlaşdırılması da daxil olmaqla bir sıra istiqamətlərdə işlər görülməlidir. Eyni zamanda, maliyyə institutlarının özəl sektora inamının artırılması baxımdan da korporativ idarəetmə standardlarının tətbiqinin daha da gücləndirilməsinə ehtiyac var.



4. Maliyyə və İnvestisiya Forumundan gözləntiləriniz nələrdir? Bu kimi forumlar ölkəmiz və yerli şirkətlər üçün nə dərəcə rol oynayır sizcə?


Gözləntilərim böyükdür. Maliyyə və İnvestisiya Forumunun həm real sektor, konsultant fəaliyyəti ilə məşğul olanlar, həm də maliyyə institutları üçün faydalı olacağına əminəm. Bu kimi forumlar şəbəkələşmə, məlumatlılığın artırılması və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımdan əvəzsiz rol oynayacaq və Maliyyə və İnvestisiya Forumu da bu baxımdan istisna təşkil etməyəcək.



5. Son olaraq Asiya İnkişaf bankı ilə Azərbaycan arasında hansı yeni layihələr, əməkdaşlıqla gözlənilir?


Təbii ki, gözlənilir. Bank olaraq həm dövlət sektoru, həm də özəl sektordan olan tərəfdaşlarımız ilə daimi sıx ünsiyyətdəyik.



Təşəkkür edirik!