Kompüter istehsalçısı Dell şirkəti dördüncü rübdə ardıcıl olaraq itkilərlə üzləşəcəyini proqnozlaşdırır. Sərmayədarlar şirkət tərəfindən məhsulların şaxələndirilməsi və data-mərkəzlər üçün daha gəlirli məhsullara keçid üzrə səylərin hələ ki öz bəhrəsini vermədiyini bildirirlər.
Bu gün elan edilən proqnoza əsasən, dördüncü maliyyə ilində Dell-in mədaxili 14-14,4 milyard dollar arasında olacaq ki, bu da analitiklərin düşündükləri 14,5 milyard dollardan və ötən ilin analoji dövründə əldə edilən 16 milyard dollardan azdır.
Treyderlər qeyd edirlər ki, Dell şirkəti hazırda kompüter və noutbuk satışlarında azalma ilə üzləşir, çünki istifadəçilərin əksəriyyəti gündəlik iş və şəxsi həyat üçün smartfon və planşet kompüterlərdən istifadə etməyə üstünlük verirlər. Hətta şirkətin rəhbəri Maykl Dellin gəlir mənbələrinin şaxələndirilməsi üzərində işləməsinə, son vaxtlar ərzində çoxlu yeni serverlər, məlumat saxlama sistemləri və internet-servislər buraxılmasına baxmayaraq, şirkət yenə də klassik fərdi kompüterlər və noutbukların satışından mədaxilin təxminən yarısını əldə edir.
Bu gün rüblük məlumatlar dərc edildikdən sonra şirkətin səhmlərinin dəyəri 3,9 faiz artaraq bir qiymətli kağız üçün 9,19 dollar təşkil edib.