Facemark.az "Vergi və Mühasibatlıq Zirvəsi"nin təşkilatçıları ilə müsahibəni təqdim edir!
1. Vüsal bəy, ölkəmizdə ilk dəfə keçiriləcək "Vergi və Mühasibatlıq Zirvəsi" haqqında danışaq. Bu sahədə tədbir təşkil etmək ideyası necə yaranıb?
Baxmayaraq ki, ən böyük mütəxəssis kütləsi bu sahədədir, amma bu istiqamətdə işlər görülməyib və mühasib və maliyyəçilərin qatılmaq istədiyi, bilik mübadiləsi aparmaq, yeni trendləri izləmək imkanları olmayıb. Bunu düşünərək, eyni zamanda, bu bazardakı hərəkətliliyi izləyərək qərara gəldik ki, 40 mindən çox mühasib olan bir bazar üçün bir zirvə keçirmək vacibdir.
2. Maraqlıdır, zirvədə bizi nələr gözləyir, hansı yeniliklər olacaq?
Bu zirvə tamamilə peşəkarların iştirakı ilə təşkil edilib. İlk dəfə olaraq sual-cavab formatında çıxışlar və rəhbər şəxslərlə maliyyə rəhbərləri arasındakı məsuliyyət bölgüsü haqqında müzakirələr yer alacaq. Eyni zamanda, tədbir geniş auditoriyanın marağında olan mövzular əsasında təşkil edilir.
3. Sizcə, ölkəmizdə vergi və mühasibatlıq mühitinin yaxşılaşdırılması üçün nələr edilməlidir? Hazırki vəziyyət sizi qane edirmi?
Bununla bağlı kifayət qədər təcrübəsi olan spikerlərin çıxışları nəzərdə tutulub və onlar konkret olaraq qeyd olunmuş problemə toxunub, bu barədə qısayollar açıqlayacaqlar. Hər kəs bilir ki, mühasiblərin sayı çox olsa da keyfiyyət baxımından kifayət qədər problemlər var. Bu tipli tədbirlər həm də keyfiyyətin artırılmasına xidmət edir.
4. Zirvədə iştirak etmək istəyən şəxslərə və oxuculara nələr demək istəyərdiniz?
İndidən əminliklə deyə bilərəm ki, tədbirdən sonra bu tədbirdə iştirak etməyənlərdə peşmançılıq olacaq. Bu, həqiqətən qeyri-adi, çoxlu yenilikləri olan, həddindən artıq informativ və netvörkinq imkanları geniş olan bir zirvə olacaq. Sonradan peşmançılıq olmasın deyə və faydalanmağınız üçün hər kəsi 11 mart 2023 tarixində keçiriləcək “Vergi və mühasibatlıq Zirvəsi”nə qatılmağa çağırıram. Tədbir mühasib, maliyyəçi, vergi konsultantı, audit və rəhbər şəxslər üçün xüsusilə maraqlı olacaq.
1. Rafiq bəy, bu il ölkəmizdə ilk dəfə "Vergi və Müsahibatlıq Zirvəsi" nələr vəd edir? Sizə görə zirvəni digər tədbirlərdən hansı amillər fərqləndirir?
Qeyd etdiyiniz kimi, bu tədbir tematikliyi ilə seçilir. Ondan əvvəl də biz "Maliyyə və İnvestisiya Forumu" keçirmişik, bilirsiniz. Burada gördük ki, çox böyük sahə olmasına baxmayaraq mühasibatlıq və vergi istiqamətinə çox az zaman qalır, amma xüsusilə kiçik və orta sahibkarlar üçün mühasibatlıq, uçot sistemi çox vacibdir, çoxlu sualları var, amma yetərli cavabı ala bilmirlər. Mənə görə ən fərqləndirici amilimiz tədbirin elə sırf bu iki mövzunun üzərində qurulmasıdır.
2. Hazırda təşkilati işlər hansı mərhələdədir?
Hazırda çox sürətlə gedirik. Ümumi işlərimizin 25%-ni tamamlamış vəziyyətdəyik. Nəzərə alsaq ki, tədbirə 3 ay vaxt var, bu pis göstərici sayılmır. Ən sevindirici məqam isə spikerlərin seçimini 70% tamamlamışıq. Bu çox vacib kriteriyadır. Deyərdim ki, indiyə qədərki tədbirlərimizlə müqayisədə hələ ki, ən sistemli getdiyimiz tədbirdir. Fürsətdən istifadə edib partnyorlarımıza dərin minnətdarlığımı bildirirəm, onların sayəsində hər il keyfiyyəti bir az da artırırıq.
3. “Facemark” MMC olaraq 2023-cü ildə digər hansı forumları həyata keçirməyi planlaşdırırsınız?
2023-cü il bizim üçün çox iddialı il sayıla bilər. Həm öz təsis etdiyimiz forumlar, həmçinin partnyorluq əsasında birgə təşkil etdiklərimizi də nəzərə alsaq, təxmini 10-nun üzərində böyük tədbirdən söhbət gedir. Ondan əlavə olaraq, 2023-cü ildə satış və biznes idarəçiliyi istiqamətləri üzrə də fərqli konseptdə tədbirlər təşkil etməyi düşünürük.
4. Zirvədə iştirak etmək istəyən şəxslərə və oxuculara nələr demək istəyərdiniz?
Aktiv olsunlar, ilk öncə ildə bir dəfə belə müstəvidə 300-dən çox şirkət bir arada ikən fürsəti əldən verməsinlər. Bu həm böyük netvörkinq imkanı, həmkarlarla ünsiyyət, yeni ideyalar, fikirlər paylaşımı, həm də işiniz, biznesiniz üçün onu müsbət istiqamətə aparmağa dəstək olacaq platformadır. Xüsusilə biz bu il zirvədən çıxan nəticələri kitabça şəklində dərc edib aidiyyatı bütün özəl və dövlət orqanlarına da göndərmək niyyətindəyik. Fürstədən istifadə edib ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətləri də zirvəyə sponsor qismində dəstək olmağa çağırıram. Əminəm ki, bu tədbir onların bazarda mövqeyini, müsbət reputasiyasını daha da gücləndirəcək, satışlarının artmasına ciddi təsir edəcək.
1. Zirvənin sloqanında “Rəqəmlərin Ritmi” deyirik. Sloqan ideyası necə yaranıb?
Hər bir şirkətin, sahibkarlıq subyektinin fəaliyyətinin nəticəsi rəqəmlərdən oxunur, rəqəmlər əsasında təhlil olunur. Sahibkara, dövlət qurumlarına və digər şəxslərə həmin rəqəmlərdən formalaşan müxtəlif hesabatlar təqdim olunur, təhlillər aparılır. Həmin hesabat və təhlillər isə şirkət mühasibatlığında formalaşdırılır. “Rəqəmlərin ritmi” də məhz bu presesi, obrazlı formada əks etdirən sloqandır.
2. Teymur bəy, "Vergi və Müsahibatlıq Zirvəsi"nin yerli şirkətlərə və ümumillikdə biznes mühitinə nə kimi faydaları olacaq?
Mühasibatlıq və vergi sahəsi həm qanunvericilik, həm də hesabatlılıq baxımından dinamik istiqamətlərdir. Bu baxımdan mühasiblər arasında təcrübə mübadilə, yeniliklərin öyrənilməsi çox vacib və faydalıdır. Eynilə bu sahədə baş verən proseslərin təqibi, yanaşmalar barədə məlumatlılıq sahibkarlar və rəhbərlər üçün də maraqlı olmalıdır. Ümid edirəm ki, tədbir boyunca iştirakçılar onaları narahat edən bir çox suallara cavab tapa, həmkarların, spiker və moderatorların bu sahədə mütərəqqi təcrübəsini öz fəaliyyətlərində tətbiq edəcəklər.
3. Zirvə zamanı neçə panel və spiker nəzərdə tutulub? Spikerlər hansı amillərə əsasən seçilib dəvət edilir? Yerli yoxsa xarici spikerlər üstünlük təşkil edəcək?
Tədbir 4 paneldən ibarət olacaqdır:
1. "Mühasibatlıq və rəqəmsallaşma"
2. "Ziddiyyətlərin harmoniyası - rəhbər və mühasib"
3."Vergi riskləri"
4."Maliyyə hesabatları və audit"
Spikerlərimiz və moderatorlarımız isə bu sahədə tanınmış əsl peşəkarlar olacaq. Spikerlərdən söz düşmüşkən, aidiyyəti dövlət qurumlarının vəzifəli şəxslərini və xaricdə fəliyyət göstərən mütəxəssisləri də spikerlər sırasında görmək və onların çıxışlarını dinləmək şansımız olacaq.
4. Zirvədə iştirak etmək istəyən şəxslərə və oxuculara nələr demək istəyərdiniz?
İştirakçıları çox maraqlı və təkrarsız bir tədbir gözləyir. “Zirvə” öz panalleri, moderatorları, spikerləri və iştirakçıları ilə ölkə mühasibatlığına dəyər qatacaq. Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, əyalətlərdəki həmkarlarımızın marağını və diqqəti nəzərə alaraq onların da tədbirdə iştirakı üçün texniki şərait yaradılacaq və beləliklə “Vergi və Mühasibatlıq Zirvəsi” bütün həmkarlarımızı əhatə edə biləcək.
1. Elvin bəy, digər forumlarda maraqla qarşılanan “Xalqın spikeri” formatı bu zirvədə də olacaqmı?
"Xalqın spikeri" formatı bizə auditoriyanın, hədəf kütlənin və forum keçirilən sahənin insanlarının nəbzini tutmaq imkanı verir. Bu baxımdan mən düşünürəm ki, xalqın spikeri formatı bütün biznes sahəsini əhatə edən forumalarımızda tətbiq edilməlidir və seçilən spikerlərdən mütləq bir və ya ən az iki nəfər izləyicilər o sahənin insanları tərəfindən seçilməlidir. Bu səbəbdən keçirəcəyimiz zirvədə də bu formatı tətbiq etməyi planlayırıq.
2. Ölkəmizdə demək olar ki, hər sahə ilə bağlı müxtəlif forum və konfranslar keçirilir. Vergi və mühasibatlıq sahəsinə maraq nə dərəcədədir?
Bəli, qeyd etdiyiniz kimim ölkəmizdə hər sahə üzrə forumlar və müzakirə formatında tədbirlər keçirilir. Biz "Facemark" MMC və "Business Management School" MMC olaraq da biznes idarəçiliyinin müxtəlif sahələri üzrə ona yaxın ölkəmiqyaslı tədbirlər keçirməkdəyik. Bütün sahələrdə əslində bu cür fikir mübadiləsi, təcrübə paylaşımı və müzakirə mühiti olan forum və zirvələrin təşkilinə ehtiyac var. O cümlədən də mühasibatlıq, vergi və maliyyə sahəsində. Biz bu forumu hələ elan etdiyimiz ilk gündən böyük maraqla qarşılandı. Başa düşdük ki,əslində düzgün seçim etmişik və sonadək də belə maraq olacağına inanırıq. Bu səbəbdən zirvənin möhtəşəm keçəcəyinə əminik.
3. Zirvədə iştirak etmək istəyən şəxslərə və oxuculara nələr demək istəyərdiniz?
Bu cür xüsusi sahələr üzrə olan forumlar bizlərə həmin sahə üzrə ölkədəki gedişatın hansı istiqamətdə olduğunu öyrənmə imkanını verir. Bu həm bizim dünyagörüşümüzü artırır, həm də bu sahədəki çatışmazlıqları bizə göstərir. Gələcək karyeramızı planlayarkən hansı istiqamətlərə üstünlük verəcəyimizi öyrədir. Düşünürəm ki, bu kimi tədbirlərdə həm təcrübə mübadiləsi etmək, trendləri öyrənmək, həmçinin, bu sahə üzrə çalışan insanlarla əlaqələrimizi genişləndirmək üçün hər kəs bu bu kimi tədbirləndən faydalanmalıdır.
Təşəkkür edirik!