Facemark.az "Digital Marketing Conference" 2023 təşkilatçılarından Kamal Allazov ilə müsahibəni təqdim edir!
- Kamal bəy, bildiyiniz kimi, bu il ölkəmizdə VI dəfə Rəqəmsal Marketinq Konfransı (DMC) keçiriləcək. DMC21 zamanı sizi spiker olaraq görmüşdük, indi isə "Facemark" MMC ilə birlikdə təşkilatçı qismindəsiniz. DMC23 zamanı bizi hansı yeniliklər gözləyir? və necə oldu ki, birlikdə əməkdaşlıq qərarına gəldiz?
- DMC21 çıxışımdan sonra təşkilatçı qismində Rafiq bəylə tanışlığımız baş tutdu. Növbəti tədbir üçün Rəqəmsal Marketinq ilə bağlı kontentin zənginləşdirilməsi istiqamətində müzakirə etmişdik. Qərara gəldik ki, 2023-cü ildə tədbirin təşkilatçılığını birgə işləyək. DMC23 üçün Rəqəmsal marketinq ilə bağlı innovativ və müasir həlləri əhatə edən, sahibkarları və senior mütəxəssislər üçün çox faydalı olacaq məzmunla gəlməyi planlamışıq.
- Konfransın bu ilki konsept mesajı "Rəqəmsal Minimalizm" olaraq təyin olunub. Rəqəmsal termininə tez-tez rast gəlirik, bəs rəqəmsal minimalizmi necə izah edə bilərsiniz?
- DMC23 üçün konsept “Rəqəmsal Minimalizm” adlanır. Bunun arxasında rəqəmsal mühitdə istifadəçi davranışlarının minimalizm istiqamətinə meyl etməsi dayanır. İnformasiya bolluğu nəticəsində müştəri qərar vermə prosesi də olduqca mürəkkəbləşir və rəqəmsal marketinq mütəxəssisləri üçün burada bir sıra yeni metodlar meydana çıxır. Omnikanal strategiyalar və müştəriləri internet mühitində 360 dərəcə əhatə edə bilmək üçün yeni rəqəmsal həllər ilə qarşılaşırıq. Tədbirdə bu konseptin izahını verməklə yanaşı düşünürük ki, müxtəlif sektorlar üzrə rəqəmsal marketinqi öz bizneslərinə adaptasiya edə bilmiş sahibkar və ekspertləri də tədbirə spiker qismində dəvət edək.
- Hazırki müasir dünyada sosial media demək olar ki, günümüzün çox hissəsini təşkil edir. Bəs belə bir dünyada sizcə, rəqəmsal minimalizmi tətbiq etmək asandır mı? Hansı amillərə diqqət etsək həyatımıza minimalizmi daxil edə bilərik?
- Fərdi istifadəçilər olaraq biz rəqəmsal vasitələrlə, yəni sosial mediya, çat platformları və vebsaytlarla izlədiyimiz məzmunları filterləyə bilərik. Ancaq bizə faydalı olan, fərdi və biznes inkişafımıza dəyər qatan məzmunları izləməklə internetdəki lazımsız məlumatları azalda bilərik. O cümlədən insan münasibətlərini qorumaq məqsədilə rəqəmsaldan müəyyən gün və saatlarda uzaq qalmağı seçə bilərik. Bu zaman rəqəmsal mühitdə öz davranışlarımızı da kənardan analiz etmək fürsətimiz olacaq və vaxtı daha səmərəli istifadə edə biləcəyik. Məhz minimalizm yanaşma bu filterləmə prosesi ilə başlayır.
- Hazırda yerli şirkətlərimizin rəqəmsallaşması sizi qane edir mi? Dəyişən dünyanın sürəti ilə ayaqlaşmaq, daha da inkişaf etmək üçün hansı addımlar atılmalıdır?
- Qlobal səviyyədə məsələyə yanaşsaq, qane etmir. Bunun önündə bir sıra təşkilatı, o cümlədən maariflənmə ilə bağlı səbəblər var. Lakin düşünürəm ki, bir çox beynəlxalq praktikanı, innovativ həlləri biz yerli şirkətlərə tətbiq edə bilərik. Necə ki, 30-dan çox brendlə işlədiyim müddətdə müasir metodların tətbiqini həyata keçirə bilmişəm. Lakin bu bütün bizneslərdə eyni səviyyədə baş vermir. Peşəkarların ixtisaslaşma səviyyəsi artdıqca düşünürəm ki, bu proses daha da sürətlənəcək. Atılacaq addımlar şirkət əməkdaşlarını təlimlərlə təmin etmək, rəqəmsal alətlərlə və yeniliklərlə daim tanış olmaq və praktikada bunları həyata keçirməkdir.
- Rəqəmsal Marketinq Konfransında hansı panellərin olacağı nəzərdə tutulub? Panel mövzuları və spikerlər bəllidir mi? Moderator və spiker seçimləri nəyə əsasən təyin olunacaq?
- DMC23 üçün panelləri sessiya, Davos müzakirə formatı və müsabiqə olmaqla 3 hissədən ibarət olaraq planlaşdırırıq. Spikerlər üçün müəyyən etdiyimiz bir siyahı mövcuddur. Çalışacağıq ki, sektorda illərdir çalışan və peşəsinə həm akademik, həm praktiki metodlarla yanaşaraq dəyər qatan əməkdaşlara burada yer verək. Hazırda spikerlərlə bağlı danışıqlar gedir, yekunlaşdığı təqdirdə bu barədə paylaşım edəcəyik.
- Sizcə, davos yoxsa debat formatlı panellər daha çox sevilir?
- Düşünürəm ki, bu mövzuya və müzakirə mahiyyətinə görə dəyişir. Xüsusən Rəqəmsal mövzularda ardıcıllıq önəmli olduğu üçün bir peşəkarın fasiləsiz danışması bəzən lazım gəlir. Qarşılıqlı debat formatı daha çox praktiki mövzu ətrafında müxtəlif fikir və təcrübə alış-verişi üçün daha əlverişlidir. Bu baxımdan hər iki format effektiv istifadə oluna bilər.
- Sponsor, tərəfdaş və ya dəstəkçi olmaq istəyən şirkətlər üçün bu konfrans nə kimi fürsətlər vəd edir? Eyni zamanda konfransa qatılan iştirakçılar nə əldə edə bilər?
- İştirakçı şirkətlər üçün DMC23 rəqəmsal innovasiyalar barədə maariflənmə əhəmiyyəti kəsb edir. Sponsor şirkətlər üçün də düşünürük ki, ölkədə rəqəmsalın inkişafı ilə adlarının yan-yana hallanması, sektorda bu inkişafa töhvə verməkləri korporativ imic üçün çox mühümdür. Dəvət edəcəyimiz spikerlərin çıxış mövzuları bir-biri ilə əlaqəli və koordinasiyalı şəkildə olacağı üçün bu DMC tədbirində iştirakçılar və sponsorların olduqca maraqlı kontentlə qarşılaşacaqlarını ümid edirik. Bunun üçün hazırlıqlarımız gedir. Tədbirin keyfiyyətli olması, iştirakçıların ekspert və mütəxəssislərdən ibarət olması netvörkinq cəhətdən də xüsusi bir dəyər qatacaq.
Təşəkkür edirik!