Atdığı uğurlu addımlar sayəsində adını dünyanın ən zəngin adamları siyahısına yazdırmağı bacaran Ceff Bezosun son günlər verdiyi açıqlamalar diqqət çəkib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, gələcəkdə insanların çoxunun dünyadan kənarda doğulacağını düşünən Bezos, "Gələcək Yer kürəsi qorunan milli park kimi zaman-zaman ziyarət edilən bir yer olacaq" -deyə bildirib.
Uzun müddətdir kosmosla məşğul olan Bezos əvvəlki açıqlamalarında dünyadakı şəhərlərin nüsxələrinin şüşə qəfəsə düzüldüyü kimi planetlərdə də hazırlanacağını və insanların bu qəsəbələrdə yaşayacağını bildirmişdi. “Blue Origin” kosmos daşıma şirkətinin qurucusu Bezos bizim üçün qeyri-mümkün görünən xəyalları gerçəkləşdirmək üçün çalışır. Belə unikal biznesi saxlamaq, heyrətamiz büdcələrlə işləmək; yüksək intellekt və üstün uzaqgörənlik, eləcə də təxəyyül tələb edir. Bu səbəbdən Bezosun açıqlamaları böyük diqqətə layiqdir.
Bezosun son açıqlamasında, yəni Yer kürəsinin zamanla qorunan milli parka bənzəyəcəyi ilə bağlı dediyi sözlər bizi düşündürür ki, kosmosun uzaq planetlərində doğulacaq insanlar indiki insanları böyük paxıllıq və bəlkə də qəzəblə xatırlayacaqlar. Ceff Bezos kosmos daşımalarına sərmayədar olsa da, Qlazqoda keçirilən COP26 İqlim Dəyişikliyi Sammitində təbii yaşayış yerlərinin bərpası və qida sistemlərinin transformasiyası üçün 2 milyard dollar töhfə verəcəyini vəd edərək bəşəriyyətin gələcəyinin Günəş sistemində olduğuna inananları təəccübləndirə bilər.
Ancaq başa düşmək lazımdır ki, buna inanmasına baxmayaraq, iqlim dəyişikliyi ilə bağlı addımlar atmağa davam etməsi Bezosun Yer kürəsini ən qiymətli planet olaraq görməsi və bizim töhfələrimizlə Yer kürəsini qoruya biləcəyinə inanması ilə bağlıdır.