Fevralın 23-də STEAM İnnovasiya Mərkəzində infotur təşkil olunub.


Facemark.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunub. İnfoturda media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.



İştirakçılara əvvəlcə mərkəz barədə məlumat verilib. Bildirilib ki, “STEAM Azərbaycan” layihəsinin davamı olan STEAM İnnovasiya Mərkəzinin məqsədi şagirdlərin potensial və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəbli və tələbələr XXI əsr bacarıqlarını – kreativlik, əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər.


Qonaqlar mərkəzdə ideya emalatxanası, “Rəqəmlərlə havada” adlı uçuş simulyatoru, eləcə də “Sfera üzərində elm”, “İlluziyalar və fiziki eksponatlar”, “Virtual reallıq”, “Sadə proqramlaşdırma” və digər məkanlarla tanış olublar.


İnfotur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.