"Informa Telecom&Media" analitik şirkətinin dərc etdiyi hesabata əsasən, smartfonlar yalnız yeni funksiya və xüsusiyyətlərlə deyil, həm də qiymətləri ilə istifadəçinin ürəyinə və pul kisəsinə yol tapır. Şirkətin məlumatına görə, son illərdə əksər smartfon xətlərində ucuzlaşma qeydə alınıb. Bununla belə daha populyar aparatların qiyməti aşağı düşməyib.

Analitiklərin məlumatına əsasən, 2012-ci ildə smartfonların büdcəyə uyğun modellərinin qiyməti 150 dollar həddində olacaq. "Informa" şirkətinin proqnozuna əsasən, əgər hazırda bahalı smartfonların bazar payı təxminən 85 faizdirsə, 2017-ci ilədək onların payı 33 faizədək azalacaq.

Hazırda smartfon bazarında satılan aparatın orta qiyməti 152 dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2011-ci ildə 188 dollar təşkil edib.



Yalnız "Apple" və "Samsung" şirkətinin istehsalı olan aparatların qiyməti baha olaraq qalır. "Smartfon bazarı inkişaf edir və iki düşərgə arasında bölünməyə doğru gedir: birincilərə ən güclü aparat təminatı və funksiyaları birinci tətbiq etməyə çalışan yenilikçilər, ikincilərə isə yenilikçilərin hazırlamalarından istifadə edən davamçılar aiddir" – hesabatda belə qeyd edilib.



"IDC" analitik şirkətinin ötən həftə dərc etdiyi proqnoza əsasən, 2012-ci ildə smartfonların tədarük həcmi 717 milyona bərabər olacaq. Bu göstərici 2011-ci illə müqayisədə 45 faiz çoxdur. Bu halda, analitiklər bildiriblər ki, ümumilikdə mobil qurğu (telefon+smartfon) satışlarının həcmi 1 il ərzində cəmisi 1,4 faiz artıb. Bu göstərici istifadəçilərin əksəriyyətinin smartfonlardan istifadə etdiyindən xəbər verir. Analitik şirkətin proqnozuna əsasən, yeni il öncəsi partlayışı nəzərə alsaq, cari rübdə təxminən 224,5 milyon smartfon satılacaq və bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,5 faiz çoxdur.



"IDC" analitik şirkətinin proqnozuna əsasən, 2012-ci il ərzində smartfonlar üçün əməliyyat sistemləri arasında "Android" platformasının bazar payı 68,3 faizə bərabər olacaq. Sonrakı yerdə "iOS" (18.8 faiz), "BlackBerry" (4,75 faiz) və "Windows Phone 7/8" (2,6 faiz) platformaları yerləşir. "IDC" analitikləri hesab edir ki, növbəti 4 il ərzində "Windows Phone" sistemi ən sürətli inkişaf edən platforma olacaq və 2016-cı ilədək onun bazar payı təxminən 11,4 faiz təşkil edəcək. 2016-cı ilədək "BlackBerry" platformasının bazar payı təxminən 4.1 faiz təşkil edəcək.