Mart ayının əvvəlində Bakı şəhərində ekologiya, sosial və korporativ idarəetmə mövzusuna həsr olunmuş ilk konfrans baş tutub.
Facemark.az "APA-Economics"ə istinadən xəbər verir ki, tədbirin təşkilatçısı GEM ESG Consulting şirkəti prosesin əsas iştirakçıları olan dövlət strukturları, qeyri-dövlət təşkilatları, kiçik, orta və iri biznes, transmilli şirkətlər, xaricdən dəvət olunmuşlar da daxil olmaqla elm adamları, təhsil müəssisələri, KİV-ləri bir araya gətirib. Tədbirə Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA), ADA Universiteti, UN Global Compact dəstək göstəriblər, Pasha Holding, Azərlotoreya ASC, Coca-Cola, Azercell Telecom şirkətləri isə onun baş sponsorları olublar.
Tədbirdə açılış nitqi ilə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bizneslərin “yaşıl iqtisadiyyat”da rolunun artırılması və korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsinin önəmini qeyd edib. Bildirib ki, biznes subyektlərinin korporativ sosial məsuliyyət (KSM) tədbirləri təkcə cəmiyyət üçün deyil, həm də şirkətlər üçün faydalıdır. Azərbaycanın biznes icması tarixi irsi davam etdirərək fəaliyyətlərində korporativ sosial məsuliyyət prinsiplərinə diqqət göstərir. “COVİD-19” pandemiyası, Vətən Müharibəsi dövründə, eləcə də bu yaxınlarda qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı yerli sahibkarlar dəstək tədbirlərində fəal iştirak ediblər. KOBİA KSM yanaşmasını daim təşviq edir, bu sahədə müxtəlif proqram, layihə və təşəbbüslər həyata keçirir.
Sonra açılış sözləri ilə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, millət vəkilləri Vüqar Bayramov və Soltan Məmmədov, BMT-nin Qlobal Kompakt proqramının Azərbaycandakı rəhbəri Samir Məmmədov çıxış ediblər.
Sonra söz tədbirin baş sponsorlarına verilib. Azərlotoreya ASC İdarə Heyətinin sədri cənab Zafer Reisoğlu “Ən yaxşı təcrübələr” mövzusundan danışıb, Azercell Telecom-un Tərəfdaşlarla münasibətlər şöbəsinin direktoru xanım Nigar Şixlinskaya “Telekom sektorunda KSM fəaliyyətləri” mövzusunda çıxış edib, Pasha Holdinqin KSM mütəxəssisi xanım Bəyim İbrahimova “Əlaçı layihəsi”ndən bəhs edib, Coca-Cola şirkətinin Qafqaz & Mərkəzi Asiya ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru cənab Elşad Fərzəliyev isə “Biznes ESG məsələlərini nə üçün diqqətdən qaçırmamalıdır?” mövzusunda məsələlərə toxunub.
Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin katibliyinin rəhbəri cənab Elmar İsayev, “Ekoloji, sosial və korporativ idarəetmə (ESG) təşəbbüsü üzrə strateji baxış” və LUMUN Holdinqin marketinq şöbəsinin müdiri xanım Günay Əkbər “Bizneslərin qərarvericilikdə ətraf mühitə və sosial məsuliyyətə inteqrasiya etməsi” mövzularında çıxış ediblər.
Konfrans öz işini panel sessiyalarda ESG-nin müxtəlif aspektlərinə dair maraqlı çıxışlar və müzakirələrlə davam etdirib. Təbir müddətində bu sahədə, davamlı tikinti, gender məsələləri, ictimai səhiyyə, bank sahəsində dayanıqlılıq və digər mövzularda təhsilin səviyyəsinin yüksəldilməsinin vacibliyinə dair təqdimatlar göstərilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin “Ətraf mühitin mühafizəsi və korporativ sosial məsuliyyətin təşviqi”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələrinin “Yaşıl nəqliyyata keçid kontekstində avtomobil nəqliyyatının infrastrukturu”, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Məsuliyyətli biznes davranışı layihələrində QHT-lərin rolu" mövzularında hesabatları dinlənilib.
Azərbaycanda biznesin tarixən sosial məsuliyyətli olduğunu hamımız bilirik. Doğrudur, o zamanlar bu belə adlanmırdı, amma o dövrün mesenatları öz ölkələrinə, şəhərlərinə, həmvətənlərinə fayda verməyə böyük səy göstərirdilər. Konfransın bir hissəsi məhz bu mövzuya həsr olunmuşdu. Müstəqil ekspert və tarixçi cənab Fuad Axundov məhz “Azərbaycanın qadın mesenatları” mövzusunda təqdimatla çıxış edib.
Konfrans çərçivəsində, həmçinin rəsm əsərlərin satışı da təşkil olunub. Əldə edilən bütün vəsait aztəminatlı ailələrə yardıma sərf olunub.
Qeyd etmək lazımdır ki, GEM ESG Consulting şirkətinin məqsədi davamlılıq siyasətinin işlənib hazırlanması, iş prinsiplərinə daxil edilməsi və həyata keçirilməsi yolunda biznes sahələrinə yardımın göstərilməsidir. Şirkət Ətraf mühitin mühafizəsi, yaşıl iqtisadiyyat, sosial siyasət məsələlərində geniş ekspertiza potensialına sahibdir. Bu işlərə ölkəmizin və dünyanın ən yaxşı mütəxəssislərini cəlb edir, beləliklə də ətraf mühiti ən yüksək səviyyədə qoruyub gələcək nəsillərə miras qoymağa çalışır.
Yaxşı ESG qiymətləndirməyə iddialı biznes üç kateqoriyada inkişaf standartlarına uyğun olmalıdır: sosial, idarəetmə və ekoloji.
Ekoloji prinsiplər şirkətin ətraf mühitə qarşı nə qədər diqqətli olduğunu, təbiətə verdiyi zərərin azaldılması üçün nələr etdiyini müəyyənləşdirir.
Sosial prinsiplər şirkətin əməkdaşları, təchizatçıları, müştəriləri, tərəfdaşları və istehlakçılarına göstərdiyi münasibətdir. Standartlara cavab vermək üçün iş şəraitinin yaxşılaşdırılması üzərində işləməli, gender balansına əməl etməli və ya sosial layihələr maliyyələşdirməlidir.
İdarəetmə prinsipləri şirkərin idarə edilməsinin keyfiyyəti prinsiplərinə xitab edir: şəffaflıq, hesabatlılıq, rəhbərliyin əməkhaqqıları, ofislərdə sağlam ab-havanın təmin edilməsi, səhmdarlarla münasibətlər, rüşvətxorluqla mübarizə sahəsində atılmış addımlar.