Facemark.az Rafiq Hunaltayın Böyük düşünə bilməmək mövzusunda köşə yazısını təqdim edir!


Böyük düşünə bilməyən adamlar haqqında fərqli vaxtlarda fərqli çevrələrdə müzakirələrimiz olub. Bu gün dostlarla müzakirə zamanı elə bu mövzu üzərindən maraqlı bir fikir səsləndi. Fikir bu idi ki, insana aşılanmalı olan ən vacib xüsusiyyət xarakterdir və böyük düşünə bilməmək də əslində xarakterdən qaynaqlanır. Çünki sonrakı bütün proseslər öz məcrasını ona qədər formalaşan xarakterdən götürür. Uşaqlıqdan bəlli elmlərin öyrənilməsindən daha çox xarakteri formalaşdıracaq istiqamətlərdə iş aparılmalıdır. Başqa bir mənbədən də oxumuşdum ki, insanın xarakteri maksimum 14 yaşına qədər formalaşmış olur. Höte deyirdi ki, ideyalar xarakterlərlə qovuşanda minillərlə dünyanı heyrətə gətirən hadisələr baş verir. Yəni ideya xaraktersiz sadəcə ideyadır.


Bütün bu deyilənlər onu sübut edir ki, “sonradan qazanıla bilən” vərdişlərə bilik daha çox aiddir, nəinki xarakter. Xarakterin mahiyyətini məncə, ən çox Mahatma Qandinin bu sözləri ifadə edir;


Düşüncələrinizə diqqət edin,


duygularınıza çevrilər…


Duygularınıza diqqət edin, davranışlarınıza çevrilər…


Davranışlarınıza diqqət edin,


vərdişlərinizə çevrilər…


Vərdişlərinizə diqqət edin,


dəyərlərimizə çevrilər…


Dəyərlərinizə diqqət edin,


xarakterinizə çevrilər…


Xarakterinizə diqqət edin, taleyimizə çevrilər…


Zəlzələdən ya vəlvələdən mərhələ-mərhələ adlayıb formalaşmış xarakter insanın bütün taleyini həll etmək iqtidarındadır.


Bura qədər başa düşdük ki, böyük düşünə bilməməkdə xarakterin təsiri çox güclüdür. Bəs böyük düşünə bilməmək nədir?


  • Burnunun ucundakı fürsəti görə bilməyib mücərrəd işlərə enerji sərf etmək
  • Bugün 5 manat qabağa düşməyi sabah 500 manat qazanmaqdan daha üstün hesab etmək
  • Uzunmüddətli planlar qura bilməmək, hətta xəyalını belə edə bilməmək
  • İnsani münasibətlərdə kiçik detallara ilişib gələcək fürsətləri qaçırmaq
  • Düzgün təhlil edə bilməmə səbəbindən yanlış insanlara və əşyalara, hadisələrə “investisiya” etmək
  • Yalnız alməmməd olmaq. Böyük adamların “verən əli” olur
  • Edilən yaxşılıqları çox tez unutmaq. Haradan gəldiyini unutmaq
  • Qısa müddətli uğurları uzun müddətli əlaqələrdən üstə çıxarmaq

Böyük düşünə bilməyən insanlar;


  • Onlara tərəf atılan hər bir addımı izah etməsən, dərk etmir, dəyərini anlamır.
  • Sizi başa düşmədiyindən daim sizi aşağı öz səviyyəsinə dartır.
  • Kömək istəmədikləri halda onlara yardım edənləri unudur və bunu həmin adamın sanki öhdəliyi kimi qəbul edirlər. Bu səbəbdən onlara kömək istəmədikləri müddətcə heç bir addım atmamaq lazımdır ki, dəyərsiz olmasın.
  • Çox irəlini düşünə bilmir. Ona görə də kiçik detallara ilişib qaldığı üçün böyük şəkli görə bilmir və buna görə də ona böyük şəkli göstərə bilən adamlar ətrafından yavaş-yavaş çəkilir.
  • Onlarla ortaq yol almaq qədər ikinci yorucu bir şey ola bilməz. Sizi daim geri çəkəcəklər.
  • Gələcək haqqında təsəvvürləri bugünu aşa bilmədiyindən plan, proqram, iddia, hədəf, prinsipiallıq onlarlıq deyil.
  • Bəzən bilmir, bilmədiyini də bilmir, biləndən öyrənməyi eqo edir, eqosunun altı boş olur.

İş həyatımda bir neçə dəfə bu cür adamlarla rastlaşmışam. Eyni zamanda dostlarımdan da bu cür adamların hərəkətləri haqqında çox eşitmişəm. Ümumiləşdirib bir cümlə ilə ifadə etsək, böyük düşünə bilməyən adamları yuxarı çəkəndə, özün aşağı düşürsən. Etməyin!