Meta-nın Twitter (X) rəqibi Threads, iyulun 6-da istifadəyə verildikdən qısa müddət sonra əhəmiyyətli sayda istifadəçiyə çatdı, lakin platformaya maraq tezliklə azaldı. Çünki Threads hələ də bəzi aspektlərdə əskik idi və istifadəçilərin tələblərinə tam cavab verə bilmirdi. Bu səbəbdən platformada hər gün yeniləmələr edilməyə davam edilir.



Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, veb versiyasını təqdim edən platforma indi ingilis və ispan dilli ölkələrdəki istifadəçilərə yazılar arasında axtarış imkanı verməyə başlayıb. Meta-nın CEO-su Mark Zukerberq platformadakı bir yazıda funksiyanın indi "əksər" ingilis və ispan dilli ölkələrdə əlçatan olduğunu və tezliklə daha çox ölkə olacağını söylədi.



Threads bu funksiyanı ilk dəfə avqust ayında Avstraliya və Yeni Zelandiyada sınaqdan keçirməyə başladı. İndi ABŞ, Meksika, Kanada və Böyük Britaniya kimi bir çox ölkədə mövcuddur. Sözügedən yeniləmə platformadakı yazılar arasında X-də olduğu kimi müəyyən açar sözlə axtarış etməyə imkan verir. Əvvəllər Threads yalnız istifadəçilər arasında axtarışa icazə verirdi.



Meta sözçüsü, açar söz axtarışının həm mobil proqramlara, həm də yeni istifadəyə verilmiş veb tətbiqinə inteqrasiya olunduğunu söylədi. Bu funksiyanın ölkəmizdə nə vaxt aktiv ediləcəyi hələlik bəlli deyil.



Meta son vaxtlar Threads-a funksiyalar əlavə etməkdə kifayət qədər aqressivdir, lakin şirkətin belə bir yolu izləməsi təəccüblü deyil. Çünki qısa zamanda yüz minlərlə istifadəçiyə çatan platforma həm mövcud istifadəçilərin daha aktiv olmasını, həm də platformaya yeni insanların qoşulmasını istəyir.