Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fariz Əhmədov elm və innovasiya məsələləri üzrə prorektor vəzifələrinə təyin olunub.

Məlumat üçün bildirək ki, Fariz Saleh oğlu Əhmədov 1983-cü ildə Gəncə şəhərində anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr təhsilini almışdır. 2003-2005-ci illərdə isə Türkiyə Respublikasının Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda “İdarəetmə və Təşkilatlandırma” ixtisası üzrə magistr dərəcəsi, 2006-2010-cu illərdə isə həmin universitetdə doktorantura təhsili almış və “Azərbaycanın milli rəqabət gücü: TOWS matrisi və almaz modeli ilə bir analiz” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.


Elmi fəaliyyətimə Sakarya Universitetində Sosial Elmlər İnstitunda elmi işçi olaraq başlamış və şəhərlərin brendləşməsi ilə bağlı müxtəlif layihələrdə iştirak etmişdir.


Pedaqoji və idarəetmə fəaliyyətinə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) davam etmişdir. 2010-2014-cü illərdə UNEC-in “Türk Dünyası İqtisad” fakültəsində müəllim, baş müəllim, dosent və kafedra müdiri müavini vəzifələrində, 2014-2017-ci illərdə universitetin “İqtisadiyyat və İşlətmə” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2017-2023-cü illərdə UNEC-in “Beynəlxalq Magistratura və Doktorantura” Mərkəzinin direktoru təyin olunmuş, 2023-cü ildən etibarən isə UNEC-də Elm və İnnovasiya məsələləri üzrə prorektor vəzifəsində çalışır.


Fariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Dosent” elmi adı almış və elə həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibi olmuşdur. 2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə "Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmiş, elmi-pedaqoji və universitetin idarə edilməsində səmərəli fəaliyyətlərinə görə UNEC-də dəfələrlə “Fəxri Fərman”la təltif olunmuşdur.


Dünyanın nüfuzlu elmi platformalarında (Web of Science, SCOPUS) indekslənən jurnallarda 10-dan çox, digər beynəlxalq elmi jurnallarda isə 30-dan çox elmi məqalənin müəllifidir. Həmçinin, dünyanın müxtəlif ölkələrində təşkil olunmuş elmi konfranslarda 20-dən çox məruzə ilə çıxış etmiş, Google Scholar akademik platformasında H indeksi 9 və i9 indeksi 9-dur. Bir çox nüfuzlu elmi konfransların və elmi jurnalların elm və təşkilat komitələrinin üzvü və sədri olaraq fəaliyyət göstərmiş, ölkəmizdə ən nüfuzlu elmi konfranslardan biri olan “İqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların” (ISCEMR) beynəlxalq elmi konfransın təsisçisi və sədridir.


“Strateji İdarəetmə”, “Tədqiqat Metodları” və “Biznesdə Strateji İdarəetmə”, “Keyfiyyət İdarəetmə Sistemi”, adlı kitabların həmmüəllifi, Türkiyədə nəşr olunan “Ulusal Rekabet Gücü Teorileri ve Ölçülməsi” monoqrafiyasının müəllifi, “Qlobal İqtisadiyyatda Yeni İstiqamətlər”, “Türk Dünyasında Yeşil ve Dönüşüm Ekonomisi: Geçiş İçin Yol Haritası” və “Exploring The Green Economy: Issues, Challenges, and Benefits” adlı kitabların elmi redaktoru olmuşdur. Bundan əlavə, “Qarabağ və Şərqi Zəngəzurun İqtisadi İnkişafında İnvestisiyaların Rolu”, “Qarabağ və Şərqi Zəngəzurun İqtisadi Potensialının Sektoral Qiymətləndirilməsi”, “Qarabağda Biznes Mühiti və Kiçik və Orta Biznesin İnkişafı”, “Rəqəmsal Marketinq və Sosial Media”, “Elektron Ticarət və Elektron İxracat”, “Bir Əsrin İqtisadi Portreti”, “Yaşıl İqtisadiyyat”, “Yaşıl İqtisadiyyat və Dayanıqlı İnkişaf”, “UNEC-Elmmetrik Göstəricilər” adlı kitabların layihə rəhbəri və idea müəllifi olub. Həmçinin, dünyaca nüfuzlu iqtisadçı alimlər Michael P. Todaro və Stephen C. Smith tərəfindən yazılmış “İqtisadi İnkişaf” (Economic development) kitabının 13-cü nəşrinin SOCAR Midstream Operations şirkətinin dəstəyi ilə kitabın Azərbaycan dilinə tərcüməsinin elmi redaktoru və layihə rəhbəri olmuş, bir tədris metodiki vəsait və 5 tədris proqramının müəllifidir.


Dünya Bankı, UNDP, Erasmus+ layihələri ilə yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, SOCAR Midstream, Paşa Holdinq, KOBİA, Veysəloğlu və bir çox şirkətlər tərəfindən dəstəklənən layihələrdə rəhbəri və koordinatoru olaraq çalışmışdır.