Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərgiz İsmayılova Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor təyin olunub.



Məlumat üçün bildirək ki, N.İsmayılova bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura üzrə isə Niderland Krallığının Maastrixt Universiteti ilə ADA Universitetinin birgə “Executive MBA” (EMBA) proqramında təhsil alıb. O, həmçinin London Biznes və Maliyyə Məktəbinin (LSBF) “İdarəetmənin inkişafı” proqramının məzunudur.


Nərgiz İsmayılova İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “British Petroleum”, “SOCAR Downstream Management” və digər qurumların benefisiarı olduğu müxtəlifspektrli institusional quruculuq, idarəetmə sistemləri və bacarıqların inkişafını hədəfləyən proqram və layihələr üzrə 10 ildən artıq təcrübəyə malikdir. O həmçinin İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), Dünya Bankı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və digər beynəlxalq təşkilatlar tərəfindən icra olunan layihələrdə çalışıb. Nərgiz İsmayılova həm də 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi olub.


Nərgiz İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması şöbəsinin müdiri və TİF-in İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb.