Yahoo! şirkətinin veteranı, böhran vaxtında şirkətdən gedərək, biznes mələyinə və yeni layihələr üçün mentora çevrilmiş şəxslə müsahibə.
Veb-layihələr vasitəsilə pul qazanmağın mümkünlüyü barədə ekspertlər müxtəlif fikirlər irəli sürürlər. Əksər hallarda o şəxslər uğur qazana bilmirlər ki, onlar öz biznesini hansısa iri şirkətdə və ya dövlət qulluğundakı fəaliyyəti ilə eyni vaxtda həyata keçirməyə çalışırlar. O şəxslər ki, insanlar və biznesin daxili prosesləri barədə unudaraq, hansısa ideya arxasınca qaçırlar. Şirkətin böhrandan yaxa qurtarmaq üçün necə işləməli olduğu, insanların öz karyera yüksəlişini necə təmin etməli olması barədə biz veb-layihələr veteranı Marvin Liao ilə danışırıq.
Liaonun adı AngelList-də (angel.co) «biznes mələkləri» ilə yeni açılan layihələri birləşdirən portalda çəkilir.
Müstəqil fəaliyyətə başlamazdan əvvəl Liao on il Yahoo! Şirkətində çalışıb, Avropa, Orta Şərq və Afrikada bazarların genişləndirilməsi üzrə bölmənin kommersiya direktoru olub. Hazırda Liao bir neçə internet-şirkətin müşahidə şuralarının üzvüdür və öz vəsaitlərini yeni ideyalara da yatırır. Liao həmçinin Avropa və ABŞ-da biznes-sürətləndirici proqramları üzrə mentordur.
Siz on ildən artıq bir müddət ərzində Yahoo!-da çalışmısınız. Bu müddət ərzində sizin veb-texnologiyalar barədə təsəvvürləriniz necə dəyişib?
Şirkətdə fəaliyyətim dövründə mən öyrəndim ki, hər beş ildən bir texnoloji sıçrayış baş verir. Biz portallardan axtarış saytlarına, sosial mediaya doğru hərəkətin şahidi olmuşuq. İndi isə mobil əlavələrə doğru istiqamətlənməni müşahidə edirik. Pul vəsaitlərinin həcminə və bazarda nüfuza baxmayaraq, iri şirkətlər üçün liderliyi qoruyub saxlamaq çətindir. Platformalar və məlumat ötürülməsi yolları ildırım sürəti ilə dəyişir. Daimi olan yalnız odur ki, istehlakçılar getdikcə daha çox şeyləri bilir və anlayırlar. Öz istifadəçilərinə gündəlik həyatda hörmət etməyən və onları dəstəkləməyən istənilən şirkət az müddət ərzində süquta uğrayacaq.
Sizin keçmiş işəgötürəninizi hazırkı böhran vəziyyətinə gətirib çıxaran hansı səhvlər idi?
Yahoo! Bir çox mənada biznes-proseslərin və strategiyanın olmasının böyük uğur qazanmağa kömək etdiyi, lakin böyük dəyişikliklər dövründə ümumi inkişafa mane olduğu İT şirkətlərə bənzəyir.
Bundan əlavə, direktorlar şurasının həddindən artıq səriştəsiz olması da öz rolunu oynadı. Belə ki, şirkətdə yeni ideyalarla qarşıdurma meydana gəlmişdi. Zənnimcə, ən böyük səhvlərdən biri də uzunmüddətli sərmayə yatırmaq və eksperiment etmək arzusunun olmamasıdır. Biz biznesin inkişafından daha çox Uoll-Stritin (fond birjası) tələbatlarının ödənilməsinə, rüb ərzində lazımi göstəricilərə nail olunmasına diqqət yetirirdik.
Öyrəşdiyiniz işi ataraq öz biznesinizlə ilə məşğul olmaq çətin deyildi ki? Bu istiqamətdə ilk olaraq hansı addımları atmısınız?
Heç bir iş asanlıqla başa gəlmir. Mənimlə Yahoo!-da yaxşı davranırdılar. Mənim nisbi sabitliyim var idi, lakin eyni zamanda hiss edirdim ki, özümü hansısa yeni bir sahədə sınamalıyam. Axı, İT şirkətində fəaliyyət üçün on il yarım böyük bir müddətdir. Xoşbəxtlikdən, mənim qənaət edib yığdığım məbləğ var idi və mən bunun hesabına nə işlə məşğul olacağımı müəyyən edənə qədər istirahət edə, oxuya və çoxlu sayda konfranslara gedə bilirdim. Yahoo!-nun keçmiş əməkdaşları şəbəkəsi dünyada ən iri və ən yaxşı şəbəkələrdən biridir. Bu insanlara ən kiçik həcmli yeni layihələrdən tutmuş, iri media agentliklərinə qədər hər yerdə rast gəlmək olar. Mənim üçün zəruri olduqda bu insanlarla fikir mübadiləsi aparmaq faydalı oldu.
Sizcə, MDB ölkələrində tez inkişaf edən şirkətlərin yaranması və formalaşması üçün hansı perspektivlər var?
Çoxlu mühəndislərin olduğu MDB məkanında biliyi, yaradıcı yanaşması, işləmək həvəsi olan texniki mütəxəssislərin sayı çoxdur. Hazırda bu bilik və bacarıqların biznes vərdişləri ilə birləşdirilməsi prosesi gedir. Nəticədə maraqlı şirkətlər meydana gəlir.
Qərb biznes-modellərinin MDB ərazisində istifadə oluna biləcəyi ilə razısınızmı?
Ümumiyyətlə, bu fikirlə razıyam. Elektron ticarətlə məşğul olan şirkətlər logistika və ödəniş sistemləri sahəsində yerli reallıqlara uyğunlaşdırıldıqdan sonra, kifayət qədər yaxşı işləyirlər. MDB ərazisində veb-şirkətlərin əksəriyyəti (Yandex, Mail.ruvə s.) Qərb analoqların surətidir. Onların diqqəti yerli tələbatlar üzərində cəmləşib və ona görə də, bu tələbatları dünya miqyaslı qurumlardan daha yaxşı ödəyə bilirlər.
Hazırda veb-layihələrin monetləşdirilməsi üçün internet-reklamdan savayı hansı üsullar aktualdır?
Hazırda aktiv inkişaf edən elektron ticarət və tərəfdaş marketinqi da aktualdır. Layihənin məzmunca keyfiyyətli olması rəqabətdə üstünlüklər verir və geniş auditoriyanı cəlb etməyə imkan yaradır. ABŞ-dakı Thrillist buna yaxşı nümunə ola bilər (kişilər üçün həyat tərzi və müxtəlif şəhərlərdəki yeni restoranlar, barlar, mağazalar üzrə axtarış). Belə ki, şirkət həm reklamdan, həm də yaxşı uyğunlaşdırılmış Jackthreads (yalnız şəbəkə üzvləri üçün kişi geyimləri satışı) elektron ticarət mağazasından xeyli gəlir götürür.
İnsan hansı keyfiyyətlərə malik olmalıdır ki, Siz onu işə götürəsiniz?
Biznesdə həm ideya, həm də yaxşı komandanın olması vacibdir. Amma komanda son dərəcə vacib əhəmiyyətə malikdir. Peşəkar aclığı və şövqü, insanın kollektivdə işləmək, nəyi isə dəyişmək arzusunu, çoxlu işləməyə hazır olmasını çox dəyərləndirirəm. Digər bir vacib cəhət isə öz səhvlərini etiraf etmək bacarığıdır.
Marvin Lyao 2013-cü il 4-5 aprel tarixlərində Bakıdakı Four Seasons mehmanxanasında keçiriləcək Marketing Kingdom Baku tədbirində çıxış edəcək. Tədbirin təşkilatçıları P World və Azercell Telecom şirkətləridir. Əlavə məlumat üçün tədbirin rəsmi saytını ziyarət edin: http://www.thepworld.com/pevents/event/43/marketing-kingdom-baku.