Xüsusi tədbirlərin təşkili üzrə Azərbaycanın aparıcı agentliyi olan P World rəhbərliyindən aldığımız məlumata görə, Azərbaycanın ən böyük Marketinq tədbiri olacaq “Marketing Kingdom Bakı 2” 2014-cü il Aprel ayının 10-11-də Bakıda baş tutacaq.
P World-un Qlobal İcraçı Direktoru, best-seller yazıçı və TV prodüser Kosta Petrov maraqla gözlənilən tədbirlə bağlı fikirlərini bölüşərək 2014-cü ildə baş tutacaq bu tədbirə dünyanın ən qabaqcıl Marketinq və Kommunikasiya ekspertlərini dəvət edəcəklərini bildirib. Cənab Kosta onu da əlavə edib ki, tədbirin iştirakçıları “Beyonce ilə işləmək necə bir hissdir” , “Uilliam və Keytin toy mərasimi üçün mətbuat kampaniyasına nəzarət nə anlama gəlir” və ya “Microsoft, Jumeirah Group, Tate Museum və HP kimi böyük korporasiyalar öz qlobal Marketinq strategiyalarını necə yaradırlar” kimi dünyanın ən çox maraq doğuran Marketinq hekayələrini dinləmək şansı əldə edəcəklər.
Tədbiri Nar Mobile - Platinium Sponsor kimi, PAŞA Bank - Gold Sponsor kimi və HRC (İnsan Resursları Şirkəti) - Eksklüziv İR Partnyoru kimi dəstəkləyirlər.
İki günlük möhtəşəm Marketinq şousu PepsiCo şirkətinin Marketinq Şöbəsinin rəhbəri Sebastian Micozzinin Marketinqdə tərəfdaşlığın əhəmiyyətinə dair xüsusi təqdimatı ilə başlayacaq. Tədbir ərzində regional marketoloqlar Böyük Britaniyada Tate Museum şirkətinin “Məzmun Planlaşdırması”, HP şirkətinin “Portfel Marketinqi”, Microsoft şirkətinin “Eksperimental Marketinq” və Şahzadə Çarlz və eyni zamanda Uilliam və Harrinin keçmiş Mətbuat Katibi olmuş Kolin Harrisin “Nüfuzun İdarə edilməsi” haqqında təqdimatlarını da dinləyə biləcəklər.
Marketing Kingdom Bakı 2 tədbiri həmçinin dünyada iki ABŞ prezidenti, Britaniya Kraliçası və Böyük Britaniyanın Baş Naziri ilə işləmiş yeganə şəxs olan Meri Co Yakobinin “İmicin Yaradılması” barəsində xüsusi təqdimatını iştirakçılara təqdim edəcəkdir. Xatırladaq ki, Meri Co Yakobin bu yaxınlarda BP-nin Meksika Körfəzi ilə bağlı böhranlı əlaqələrini həll etməkdə mühüm rol oynamışdır.
Hər il dünyanın beş müxtəlif ölkəsində reallaşdırılan Marketing Kingdom tədbiri Avropanın ən böyük Marketinq hadisəsi hesab olunur. 2013-cü ildə Azərbaycanda ilk dəfə keçirilən sözügedən tədbirdə 300-dən artıq nümayəndə iştirak etmişdir.
Tədbir eyni zamanda Magazine Boutique Baku, trend.az, day.az, The Economist, mak.az, AIESEC Azerbaijan, facemark.az və Zerkalo qəzetinin dəstəyi və tanıtımı ilə həyata keçirilir.