Məlum olduğu kimi qarşıdan 2014-cü il-At ilidir. Bəs görəsən At ili, ümumiyyətlə, Yeni il müxtəlif ölkələrdə necə qeyd olunur? Bu illə bağlı hansı maraqlı, qeyri-adi adətlər var? Qədim Çin-Yapon təqviminə görə, qarşıdan gələn 2014-cü il göy taxta at ilidir.



Bu nə deməkdir və bizi yeni ildə nə gözləyir? Məlum olduğu kimi at inadcıl və məğrur heyvandır. Odur ki, 2014-cü il birmənalı olmayacaq: çox güman ki, kifayət qədər çətin olmaqla yanaşı, əlbəttə ki, darıxdırıcı da keçməyəcək.



Karyera yüksəlişləri, taleyin gözlənilməz dönüşləri, ağlagəlməz imkanlar - bütün bunlar yeni ildə kifayət qədər çox olacaq. Yeni ili son dərəcə qeyri-adi şəraitdə qeyd etmək istəyənlərə Afrika, Cənubi AmerikaAvstraliyaya diqqət yetirməyi tövsiyə edərdik. Məsələn, keniyalılar yeni ilin gəlişini suda qarşılayırlar. Onlar hesab edirlər ki, həmin vaxt suda qalmaq bütün köhnə uğursuzluqları yuyub aparacaq və gələcək uğurlara yol açacaq. Sudanlılar da məhz bu prinsipə əsaslanaraq Nil çayı sahillərinə tələsirlər. Onlar da böyük Nilin bütün pislikləri yuyub aparacağını düşünürlər.



Onu da bildirək ki, Afrikada Şaxta baba deyil, Cara baba gəlir. Braziliya, Argentina kimi ölkələrdə “karnavalçılar” yeni ilin gəlişini ənənəvi olaraq təntənə ilə qeyd edirlər. Lələk və saxta brilyantlarla bədənlərini bəzəyərək dəbdəbəli bayram yürüşləri edirlər. Avstraliyada isə Şaxta baba dəniz dalğaları üzərində, sörfinq taxtası üzərində demək olar ki, çılpaq vəziyyətdə başında şlyapa ilə sahilə doğru gəlir. İtaliyanlar isə Yeni il gecəsi köhnə əşyaları, özü də birbaş pəncərədən tullayırlar. Bu, pal-paltarla yanaşı, miz, televizor və iri ölçülü texnika da ola bilər.



Apennin təmsilçilərinin düşüncəsinə görə, nə qədər çox köhnə əşya atarsansa, yeni ildə uğur bir o qədər çox hiss olunar. İspanlar isə köhnə ilin son dəqiqələrini üzüm yeməklə keçirirlər. Onların inancına görə, saat 12-ni vuran zaman (12 dəfə) 12 üzüm dənəsi yeyən şəxsin yeni ildə mütləq bəxti gətirəcək. Yeri gəlmişkən, bu heç də asan iş deyil. Çünki İspaniyada üzüm dənələri iri olur. Fransada Per Noel (Şaxta baba) Yeni il gecəsi gələrək uşaq başmaqlarında hədiyyələr qoyub gedir. İçərisində paxla gizlədilmiş pryanik kimə nəsib olarsa, həmin gün hamı onun əmrlərinə tabe olur. Paris əhalisi isə qəti surətdə Eyfel qülləsinə tələsirlər.



Fransızların dəmir gözəlçəsi eyni zamanda Qar qız rolunu da ifadə edir və yeni ilə keçən gecə o üzərinə bəzədilmiş işıqlarla bərq vurmağa və göz qamaşdırmağa başlayır. Bolqarıstanda Yeni il gecəsi gənclər yemək yedikdən sonra zoğal ağacından çubuqlar düzəldir və onu qırmızı sap, sarımsaq, qoz-fındıq, sikkə, qara gavalı və qurudulmuş meyvələrlə bəzəyirlər. Onlar bu çubuqlarla qonaq gedir, evlərə girir və ev sahiblərinin kürəyinə vururlar. İnanca görə, bu, kötəklənən şəxsə uğur, sağlamlıq və firavanlıq gətirir. Kolumbiyada Yeni il karnavalının baş qəhrəmanı – “Köhnə il” hündür taxtaların üzərində gəzib-dolaşır və uşaqlara məzəli əhvalatlar danışır.



Kolumbiyanın Şaxta babası sayılan Papa Paskual atəşfəşanlıq təşkil edir. Şimali Amerikada 1976-cı ildən Yeni ilin ilk gecəsində spirtli içki qəbul etməmək kimi ənənə mövcuddur. Nyu-York sakinləri Yeni ili “Tayms Skver”də, berlinlilər isə “Brandenburq” qapıları önündə qarşılayırlar. Kubada hamı Yeni il öncəsi bütün səhəngləri, vedrələri, tasları və kasaları su ilə doldurur və gecə yarısı hamısını pəncərədən bayıra atırlar. Onlar bununla köhnə ilə su kimi aydın yol arzu edirlər. Saat 12-ni vuran zaman isə 12 ədəd üzüm dənəsi yemək lazımdır ki, yeni ildə səni sülh və əmin-amanlıq müşayiət etsin.



Meksikada yeni ili atəşfəşanlıqla qarşılayırlar. Uşaqlara isə gecə yarısı dadlı pryanikdən hazırlanmış kuklalar hədiyyə edirlər. Yaponiyada yeni il gecəsi zınqırov ilə 108 dəfə zəng çalırlar. Hər zərbə isə bir nöqsana həsr olunur. Onların sayı altıdır: xəsislik, axmaqlıq, qəzəb və s. Lakin hər bir nöqsanın 18 çaları var ki, bu da ümumilikdə 108 edir. Myanmada yeni il ən isti vaxta düşdüyündən “su festivalı” ilə qarşılanır. İnsanlar bir-birinə su atırlar. Bu özlüyündə Yeni ildə bir-birinə uğurlar arzu etmək anlamına gəlir.Türkiyədə isə Yeni il qeyd etmək ənənəsi olmasa da, dünyəvi bayram hesab olunduğundan onu qeyd etmək də qadağan edilmir. Lakin bütün gecə boyu səs-küylü gəzintilər təşkil etmək tövsiyə olunmur. Bununla belə İstanbul və Ankara kimi iri şəhərlərdə bir çoxları Yeni ili qeyd edirlər.