“Nar Donor” sosial layihəsi Cannes Lions Beynəlxalq Reklam Festivalında “Gümüş Şir” (Silver Lion) mükafatına layiq görüldü. Nar Mobile mobil operatoru Fransada keçirilən ənənəvi “Cannes Lions” festivalında uğurunu qazandı.
Mobil operatorun “Y&R Moscow” agentliyi ilə birgə hazırladığı “Nar Donor” sosial layihəsi 61-ci dəfə təşkil edilən bu mötəbər reklam festivalının “Mobil” kateqoriyasında “Gümüş Şir” (Silver Lion) mükafatına layiq görüldü.
Xatırladaq ki, Nar Mobile mobil operatorunun bu sosial layihəsi ölkədə mövcud olan qan donoru çatışmazlığı probleminin həlli istiqamətində atılmış bir addımdır. Layihə çərçivəsində“Android” ƏS-li smartfonların bir-birinə enerji ötürməsi üçün istehsal olunan “Nar Donor” kabelləri layihəni simvolizə etmişdirlər. 2014-cü ilin Aprel ayında həyata keçirilən layihə çərçivəsində Nar Mobile və Mərkəzi Qan Bankı, Bakı şəhərində qanköçürmə aksiyalarını təşkil etmişdir. Azərbaycan ictimaiyyətinin əhəmiyyətli bir hissəsi bu xeyirxah təşəbbüsə dəstək vermiş, 15 000-dən artıq Facebook istifadəçisi kampaniyanın bu sosial şəbəkədəki səhifəsini bəyənmişdir.
Nəticədə toplanan donor qanı 4 dəfə artmış, bir sıra şirkətlər kampaniyaya qoşulmaq üçün Qan bankına müraciət etmişlər. Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan Nar Mobile, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində Nar Mobile daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.