İyul ayında istifadəyə veriləcək 8-ci km stadionunun kommersiya adının satılmasının şərtləri açıqlanıb
AFFA beynəlxalq təcrübəni nəzərə alaraq, balansında olan stadionlardan daha da səmərəli istifadə etmək məqsədilə Bakı şəhəri, B. Nuriyev küçəsi, 2397-ci məhəllədə (şərti olaraq 8-ci km stadionu) inşa olunan, 11000 nəfər azarkeş tutumuna malik, təbii ot örtüklü stadionun kommersiya adını açıq sorğu üsulu ilə satmaq qərarına gəlib. Bu barədə AFFA-nın rəsmi saytında yerləşdirilən məlumatda bildirilir. Stadionlardan səmərəli istifadə edərək kommersiya adının satışı futbolda böyük nailiyyətlər əldə etmiş ölkələrin təcrübəsində mövcuddur. Bu mənada Almaniyada “Alyans Arena”, “Kommerzbank Arena”, İngiltərədə “Emireyts Stedium”, “Ribök Stedium”, Türkiyədə “Türk Telekom Arena” və digər stadionları qeyd etmək olar.

2012-ci ilin iyul ayında istifadəyə veriləcək 8-ci km stadionundan Azərbaycan milli komandası, eləcə də müxtəlif yaş qruplarından ibarət yığmalar, Premyer Liqa komandaları, AFFA-nın bayrağı altında təşkil olunan liqalarda çıxış edən komandalar istifadə edəcək, stadionda təlim-məşq toplanışlarını və rəsmi oyunlarını keçirəcək. Bu mənada stadionun kommersiya adını əldə edən şirkət böyük üstünlüklərə malik olacaq.

8-ci km stadionunun kommersiya adının açıq sorgu yolu ilə satılmasının şərtləri aşağıdakılardır:
- Kommersiya adının ilkin satış qiyməti – ƏDV-siz bir il üçün 500 000 manat;
- Kommersiya adının əldə edilməsi ilə bağlı bağlanacaq müqavilənin minimum müddəti – 3 il;
- Təkliflər sorğusunun təqdim edilmə müddəti – 45 gün