Dünyanın nəhəng sosial şəbəkəsi Facebook ABŞ-da əsas birja hərracları başa çatdıqdan sonra çərşənbə günü sərmayədarlar üçün şirkətin səhmlərinin ilkin yerləşdirilməsi (IPO) ərəfəsində yayılan rəsmi broşur dərc edib. Broşura əsasən, Facebook və onun cəlb etdiyi banklar şirkətin kapitallaşmasını 95,9 milyard dollar məbləğində qiymətləndirirlər. Facebook tərəfindən səhmlərin ilkin yerləşdirilməsi bütün internet-şirkətləri arasında ən iri həcmlisi olacaq, Cybersecurity yazır.


IPO zamanı sosial şəbəkənin bir səhminin dəyəri 28 dollardan 35 dollaradək qiymətləndirilə bilər. Şirkət qarşıdakı IPO çərçivəsində bütün səhmlərinin 10 faizindən çoxunu satmağı planlaşdırır ki, bu da sosial şəbəkəyə təxminən 12 milyard dollar qazandıracaq.
Facebook-un təsisçisi və rəhbəri Mark Sukerberq IPO-dan sonra da şirkətə nəzarəti özündə saxlayacaq, çünki digər səhmdarlarla razılaşma sayəsində səhmlərin 57,3 faizi ondadır.
Ümumilikdə M.Sukerberq maksimal dəyəri 17,6 milyard dollar qiymətləndirilən dövriyyəyə buraxılmış səhmlərin 31,5 faizinə sahib olacaq.
Xatırladaq ki, əvvəllər Facebook il ərzində mədaxilin 4 milyard dollar olduğunu elan etmişdi. Analitiklər sosial şəbəkənin IPO-da səhmlərin yerləşdirilməsini uğurla başa vuracağı təqdirdə, kapitallaşmanın təxminən 24 ədəd illik mədaxilə bərabər olacağını bildirilər. Bu isə hətta internet-şirkət üçün çoxdur. Müqayisə üçün qeyd edək ki, Google vaxtilə 5 ədəd illik mədaxil dəyərində qiymətləndirilmişdi.
IPO-dan sonra Facebook məbləği 75 milyard dollara yaxın olacaq A və B dərəcəli 2,14 milyard dollarlıq adi səhm əldə edəcək. Qalan hissəni isə məhdud səhmlər, opsionlar, eləcə də Instagram əlavəsinin alınması üçün əvvəllər buraxılan səhmlər təşkil edir. Beləliklə, səhmləri ümumi bazası 2,74 milyard ədəd, ümumi dəyəri isə qiymətin yuxarı həddinə görə 95,9 milyard dollar olacaq.