Apple şirkəti LTE dördüncü nəsil rabitə texnologiyasını dəstəkləyən iPad planşet kompüterinin modifikasiyasının “iPad Wi-Fi + 4G" adını "iPad Wi-Fi + Cellular" ilə əvəzləyib. Dəyişiklik yalnız sonuncu nəsil planşetə aiddir, çünki məhz həmin qurğuda 4G texnologiyası dəstəklənir.  


Dəyişiklik şirkətin reklam materiallarına toxunub və planşetin hazırda dünyanın müxtəlif ölkələrində 4G texnologiyası olmadan satıldığı əksər rəsmi internet-mağazalarına aiddir. Müvafiq dəyişikliklər ötən bazar günü edilib, Cnews yazır.
 
Şirkət qurğunun adını istifadəçilərin şikayətinə görə dəyişib. Yeni iPad yalnız ABŞ və Kanadanın dördüncü nəsil şəbəkələrinə qoşula bilir. Məsələn, aparat 4G şəbəkəsi üçün Avstraliyada istifadə olunan 1800 meqahers tezlik diapazonuna uyğun deyil.  
Digər ölkələrin sakinləri 3G şəbəkəsinə qoşulmaqla kifayətlənməli olsalar da, planşetin reklamında və Apple-ın saytında 4G sözü qeyd edilirdi.