Hewlett-Packard (HP) şirkəti cari ildə planşetlərin istehsalını bərpa edəcəyini rəsmən bəyan edib. Lakin şirkətin planlarına webOS əməliyyat sisteminin bazasında işləyən qurğuların istehsalı daxil deyil, çünki HP bazara yeni Microsoft Windows 8 platforması əsasında planşetlər təqdim etməyə hazırlaşır.


Məlum olduğu kimi, 2011-ci ildə tələbatın aşağı olması səbəbindən ABŞ istehsalçısı webOS əməliyyat sisteminin idarəetməsi ilə işləyən TouchPad planşetlərinin istehsalını dayandırmaq məcburiyyətində qalmışdı. Sonradan şirkət webOS-un başlanğıc kodunu açmaq və onu Open Source layihəsinə çevirmək niyyətində olduğunu bildirib.  
 
Lakin KİV-də tez-tez HP-nin planşetlər bazarına qayıtması planları barədə məlumatlar yer alırdı və bu yaxınlarda şirkətin baş direktoru Meq Uitman Şanxayda keçirilən Global Influencer Summit 2012 konfransında çıxışı zamanı bildirib ki, planşetlərin istehsalı şirkət üçün strateji baxımdan mühüm addımdır ki, bunun sayəsində istehsalçı öz satışlarını artıra bilər, DailyComm yazır.  

Sonradan çıxış etmiş şirkətin vitse-prezidenti Tod Bredli yeni HP planşetləri üçün əməliyyat sistemi qismində Microsoft-un yeni platformasından istifadə etməyi planlaşdırıldığını açıq şəkildə qeyd edib.