Rafiq Hunaltay: "Çox istedadlılar, təhsillilər var ki, zəhmətə alışa bilmədikləri üçün heç bir şey əldə edə bilmirlər"



Uğurlarına zəhmətinin sayəsində imza atıb. Deyir ki, istedad insanla bərabər doğula bilər, təhsili sizdən asılı olmayan səbəblərdən də əldə edə bilərsiniz, amma zəhməti heç bir şeylə əldə etmək olmur, o, sonradan qazanılan xüsusiyyətdir. Müsahibimiz 7 il “İdeal” parfüm və kosmetika mağazaları şəbəkəsinin marketinq departamentinin rəhbəri işləmiş, hazırda isə tam fərqli sahədə marketinq fəaliyyəti ilə məşğul olan Rafiq Hunaltaydır (Vəliyev). Rafiq Hunaltay həm də Azərbaycan Dövlət İqtisad Universitetində marketinqdən dərs deyir.


Oradan başlayaq ki, bir neçə ay əvvəl 7 il işlədiyiniz və marketinq sahəsində özünüzü təsdiqlədiyiniz İdeal parfüm və kosmetika mağazaları şəbəkəsindən ayrıldınız. Buna səbəb nə oldu?


Belə bir fikir var ki, insan bir yerdə çox işləməməlidir. Amma mən bu fikirlə razılaşmıram. Sadəcə, insan bir işi çox görməməlidir. Bir iş yerində 10-15 il işləyə və müxtəlif iş görərək həyatınıza rəng qata bilərsiniz. İş o zaman maraqsız olur ki, iş mühiti sizə heç nə vermir. Məsələn, sizin iş yerinizdə hər şey var, amma sizə heç nə öyrətmir. Mütləq bu iş yerini dəyişmək lazımdır. Məndə də belə oldu. Hiss etdim ki, şirkətimə lazım olan qədər effektiv iş sərgiləyə bilmirəm.


Kosmetika, parfümeriya sahəsindən fərqli bir sahəyə keçmək çətin olmayacaq ki? Ümumiyyətlə, marketoloq hər bir sahədə marketoloqluğunu etməlidirmi?


Təbii ki, tərəddüdlər var. Amma istənilən halda yeni işə başlayanda çox rahat olmur. İnsan 7 ildə gəldiyi yolu və yaxud gördüyü komfortu həmin anda yeni iş yerində görə bilməz. Konkret marketinqə gəlincə, hansı sahədə olmasına baxmayaraq, marketoloq satmağı bacaran insandır. Marketoloq məhsulu bazara itələyir, bazarda onu irəlilədir və satışını həyata keçirir. Düzdür, məhsulun nə olmasının üstünlükləri var. Amma ümumən sektoru dəyişmək marketoloqun biliyini daha çox artırır.


Bizdə şirkət rəhbərlərinin əksəriyyəti marketoloqdan nəticəni tez tələb edirlər. Bu, düzgündürmü?


Bu, bizim şirkətlərin ən böyük səhvidir. Çünki onlar illərlə qurmalı olduqları, amma qurmadıqları bir şeyin qısa müddətdə effektini görmək istəyirlər. Müştərilər çox rahatlıqla deyil, iynənin ucu ilə bircə-bircə yığılır. Müştərilərə yaxşı xidmət göstərəndən sonra onlar sizin gəzən reklamınıza çevrilir və bu formada beyinlərdə müsbət imic yaranmağa başlayır. Tez effekt görmək ziyanlıdır və insanı daha çox yanlış yola apara bilər. Çünki marketinq həm də beyinlərdə şirkət haqqında brend imici formalaşdırır. Tez effekt görmək istəyən insanlar hər şeyi satışla ölçənlərdir. Satış varsa, marketinq yaxşıdır, yoxdursa pisdir. Halbuki satış qısamüddətli prosesdir. Qısamüddətli prosesdə satışın artması bəlkə uzun müddətli ərəfədə şirkətin strategiyasına ziyandır. Bir sözlə, marketinqin məqsədi qazanmaq, satışın məqsədi isə satmaqdır. Bunlar fərqli şeylərdir və şirkət sahibləri bu amilə diqqət etməlidirlər.


Bəs təxmini olaraq marketoloqdan nə qədər müddətə nəticə gözlənilməlidir?


Bu, tamamilə individual məsələdir, hansısa qaydaya əsaslanmır. İşin spesifikasına əsasən, bu, 3 ay da, 6 ay da və ya 1 həftə də ola bilər. Məsələn, sizin adi bir “çağrı mərkəzi”niz yoxdursa, 3 ay ərzində müştərilərə ən yaxşı “çağrı mərkəzi” xidməti göstərəcəyinizə iddia edə bilməzsiniz. Bir sözlə, alt yapınız buna hazır deyilsə, sizin iddia etməyiniz çox tezdir. Çünki məsələ təkcə avadanlıqda deyil. Son texnologiyaları pulla ala bilərsiniz, məsələ onu işlətmək, onunla davranmaq, müştəri ilə davranış qaydalarını bilməkdədir. Həmin texnologiyaları işlədə bilən kadrların yetişməsi də əsas məsələdir. İnsanların 4 ildə ali məktəbdə öyrənmədiyini şirkət 2-3 ayda öyrətmək istəyir, bu da çətinlik yaradır. Hər şey bir-biri ilə əlaqəlidir. Bu gün Azərbaycan şirkətlərində çalışanların 90 faizi işi işdə öyrənir. İşi işdə öyrəndiklərinə görə iş həm təcrübə siçanı, həm səhv etmək məkanı olur. Bu baxımdan qısa müddətdə effekt gözləmək, marketinqi sıxmaq olmaz. Təbii ki, işi müddətsiz də buraxmaq düzgün deyil, heç bir sahibkar ona getməz. Sadəcə, ilk öncə nələrsə alt yapı olaraq hazırlanmalıdır. Əgər o yoxdursa, növbəti pilləkən haqqında düşünə bilməzsən. Birinci pilləkəni çıxmamiş, heç vaxt üçüncü pilləkən haqqında düşünmək olmaz.


Azərbaycada marketinq ixtisası üzrə bakalavr və magistr pilləsində təhsil alandan sonra Türkiyədə Anadolu Universitetinin Xalqla ilişkilər və tanıtım bölümündə təhsilinizi davam etdirmisiniz. İndi isə Azərbaycanda doktoranturada oxuyursunuz. Marketoloq işləmək üçün həmin sahədə təhsil almaq vacibdir?



Çox vacibdir. Amma dünyada, eləcə də Azərbaycanda uğurlu marketoloqların hamısının sözügedən sahə üzrə təhsili yoxdur. Bunun obyektiv və subyektiv səbəbləri var. Marketinqin üstünlüyü ondadır ki, təkcə elm deyil, həm də sənətdir. Bu sahədə bacarıq, duyarlılıq lazım olduğuna görə bu bacarığı özündə hiss edən başqa sahənin adamları da öz üzərlərində işləməklə uğur qazana bilərlər. Cəmiyyətin hara getdiyini hiss etmək vacibdir. Bu baxımdan bir çox adamlar var ki, çox gözəl marketinq taktikalarından istifadə edirlər, amma işlətdikləri taktikanın adını bilmirlər.


Tələbə vaxtı bir çox qəzetlərdə analitik yazar kimi çalışmısınız, qəzetlərlə əməkdaşlıq etmisiniz. Marketoloq kimi jurnalist olmağınız köməyinizə çatırmı?


Jurnalistika elə bir sahədir ki, bir az insandan o işə həvəs, mütaliə istəyir. Tələbə vaxtı daha çox mütaliə edir və fikirləşdiklərimi yazırdım, yaza-yaza da təkmilləşirdim. Bir də başımı qaldıranda gördüm ki, 200-dən çox yazım çıxıb.

Jurnalistikanın marketoloq kimi işimdə köməyimə çatmasına gəlincə, marketoloq öz fikrini ifadə edə bilmirsə, bu, çox böyük problemdir. Marketoloq fikrini ifadə etməyi, inandırmağı, fikir formalaşdırmağı və fikrə təsir etməyi bacarmalıdır. Bu xüsusiyyətlərin bir çoxu adətən yaxşı jurnalistlərdə cəmləşir və jurnalistin sözügedən keyfiyyətləri marketoloqa çox kömək olur. Siz rəhbərinizə, öz işçilərinizə ideyanızı başa sala, izah edə bilmirsinizsə, müştərilərinizi necə inandıracaqsınız.


İndi də boş durmur, bloger kimi marketermeherrem.com saytınızda yazırsınız...


Hesab edirəm ki, müxtəlif peşələrdə çalışan insanlar mütləq yazmalıdırlar. İndi daha o dövr deyil ki, yazını ancaq jurnalistlər, müəllimlər, professorlar, alimlər yazsınlar. İşləyə-işləyə həm də yazmalıyıq. Yazmalıyıq ki, bizdən başqaları da faydalansınlar. Bu gün peşəkar insanlar var ki, yazmadıqlarına görə faydanı yalnız özlərinə və şirkətlərinə verirlər. Amma yazan adamlar başqalarına da faydalı olurlar.


Marketer Məhərrəm imzasıyla yazırsınız. Yəqin bu adın maraqlı tarixçəsi var...


Universitetin birinci kursunda oxuyanda müəllimlər heç kimi tanımırlar. Tanımadıqlarına görə səs salan tələbənin adını öz bildikləri kimi çağırırlar. İqtisadi coğrafiya fənnindən səs salanda müəllim adımı bilmədiyindən dedi ki, “Məhərrəm, sakit ol”. Ondan sonra yoldaşlarım məni Məhərrəm deyə çağırmağa başladılar. Mən də yazmağa başlayanda bu imzadan istifadə etdim, dedim, görün, Məhərrəm necə marketoloq olur. Ümumiyyətlə, bloqumda marketinqlə yanaşı, ictimai mövzulardan da yazıram. Marketoloq Məhərrəm öz üzərində işləməyi, oxumağı sevir və heç vaxt “öyrədirəm” demir, bildiklərini paylaşır. Hesab edir ki, özündən başqa bir nəfərə də faydası varsa, nə gözəl.


Bloqunuzda marketoloqun tarixi, psixologiyanı, bir də ədəbiyyatı bilməli oluğunu yazmısınız. Tarixlə ədəbiyyatın marketinqlə hansı əlaqəsi var?


Universitetlərin heç biri marketinq ixtisaslarında psixologiyanı layiqli şəkildə tədris etmir. Marketinq ixtisası üzrə təhsil alanlar cəmi bir semestr psixologiya keçirlər. Halbuki psixologiyanı bilməyən heç vaxt yaxşı marketoloq ola bilməz. Çünki marketoloq insanlarla işləyir. İnsanların 90 faizi, hətta, bir çox hallarda hamısı hissləri ilə davranır, məntiqləri ilə onu müdafiə etməyə başlayırlar. Millət olaraq da emosionalıq, hisslərimizlə davranırıq. Bu baxımdan Şərq insanının, bizim millətin müştəri kimi davranışlarını bilməliyik.

Ədəbiyyata gəlincə, indiki dövr marketoloqdan kreativlik, fikrini gözəl ifadə tələb edir. Kopiraytinq (copywriting - “reklam və təbliğat mətnlərinin yazılması”) marketinqin bir sahəsidir. Kopirayter (copywritter) ədəbiyyatı bilməsə, reklam mətnlərini hazırlayarkən düzgün cümlə qurmağı, kreativ yanaşmanı, söz oyununu, fikrini daha düzgün ifadə etməyi bacarmaz. Kampaniyalarda hansısa kino deyimlərindən istifadə edilir. Bunların hamısı ədəbiyyatdan qaynaqlanır. “Ho var ,dağa qaldırar, ho var, dağdan endirər”. Sözün deyiliş tərzindən, cümlənin qurulmasından çox şey asılıdır. Mütaliəsi olmayan adam durğu işarələrində, cümlənin quruluşunda səhvlər edir.

Marketinqin tarixlə əlaqəsinə gəlincə, bizim insanlar tarixi hadisələrə çox həssasdır. Yəni, bu gün bayraq günüdürsə, marketoloq bilməlidir ki, bunun mahiyyəti nə deməkdir və bundan marketinq üçün necə istifadə edə bilər. Marketinq bir ölkənin tarixində baş verən hadisələrə duyarsız qalmamalıdır. Tutaq ki, bu gün 20 Yanvar faciəsinin ildünümüdür. Gərək siz o tarixin millət üçün olan önəmini anlayasınız ki, həmin gün aktivlik etməyəsiniz, başsağlığı verəsiniz, yaxud gedib şəhidləri ziyarət edəsiniz. Bunlar sizin şirkət haqqında müsbət imic formalaşdırır, o deməkdir ki, siz məhsulunuzu bu millətə satırsınızsa, onun sevincinə də, kədərinə də şəriksiniz. Bu baxımdan tarixi bilmək vacibdir.


Azərbaycan Dövlət İqtisadiyyat Universitetində dərs deyirsiniz, həmçinin sözügedən sahədə dərslik kimi istifadə edilə bilən kitablar yazmısınız. “Bu günün marketinqi” adlı kitabınız yeni çapdan çıxıb. Kitab barədə məlumat verərdiniz...




2011-ci ildən fəaliyyətə başlayan və marketoloqların köşə yazılarının getdiyi www.facemark.az online marketinq saytının təsisçisiyəm. Yaxın 4 il ərzində həmin saytda yazısı çıxan 33 müəllifin 130 yazısını topladıq və “Bu günün marketinqi” deyilən kitab çıxartdıq. Müəlliflərin hər biri müxtəlif şirkətlərdə çalışırlar. Onların yazdıqları nəzəri əsaslı olsa da, nəzəri ağırlıqlı deyil, çox praktikdir. Düşünürəm ki, Azərbaycanda marketinqlə bağlı ikinci belə praktik kitab yoxdur. Bu sahəyə gəlmək istəyənlər, eləcə də hazırda marketinqdə çalışanlar üçün bütün informasiyanı bir əldən, bir mənbədən oxumaq üçün çox yaxşı vasitədir.


Uğurlu marketoloqsunuz. Uğurunuzun sirri nədədir?


Uğurlu deməyim, amma nəyəsə nail olmuşamsa, bunun səbəbkarı istedad, təhsil deyil, ilk növbədə zəhmətimdir. Çox istedadlılar, təhsillilər var ki, zəhmətə alışa bilmədikləri üçün heç bir şey əldə edə bilmirlər. Zəhmət çəkməyə həvəsli olmadıqlarından istedadları da, bilikləri də batıb gedir. İstedad insanla bərabər doğula bilər, təhsili sizdən asılı olmayan səbəblərdən də əldə edə bilərsiniz, amma zəhməti heç bir şeylə əldə etmək olmur. O insanla doğulmur, sonradan qazanılan xüsusiyyətdir.







Lalə Musa Qızı


Kaspi qəzeti: http://kaspi.az/news.php?id=25117