Sony şirkəti Sharp ilə maye-kristal ekranların (LCD) istehsalı ilə məşğul olan Sharp Display Products birgə müəssisəsini tərk edəcək. Bu barədə şirkətin saytında yerləşdirilən pres-relizdə deyilir.  


Bu qərar Sony üçün maliyyə itkilərinə səbəb olmayacaq. Belə ki, şirkət əvvəlcədən biznesə yatırdığı müəssisədəki 10 milyard yen (126 milyon ABŞ dolları) məbləğində payını Sharp-a həmin qiymətə satacaq. Sharp Display Products birgə müəssisəsindəki səhmlərin 7,04 faizi Sony korporasiyasına, qalanı Sharp şirkətinə məxsusdur. 
Qeyd edək ki, iki yapon şirkətindən ibarət birgə müəssisə 2009-cu ildə yaradılıb və Sakay şəhərində yerləşir. Müəssisənin aqibəti cari ilin mart ayında Sony istehsala yeni sərmayələr yatırmaqdan imtina etdikdən sonra məlum olub. 
Sony televizorlar üçün öz gücünə maye-kristal ekranlar buraxmaq deyil, digər istehsalçılardan almağı planlaşdırır və tədarükçülərdən birinin Koreya istehsalçısı Samsung-a məxsus S-LCD şirkətinin olacağı bəllidir.