Ölkəmizdə təhsilin inkişafına mühüm önəm verən Kapital Bank korporativ sosial məsuliyyəti çərçivəsində növbəti faydalı əməkdaşlığa başlayıb. Belə ki, bu gün Kapital Bankla Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.



Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən memorandum bankın əməkdaşları, universitetin tələbə-müəllim heyətinin iştirakı ilə Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tərəfindən imzalanıb. Sənədə əsasən universitetdə Kapital Bank tərəfindən ixtisaslaşdırılmış "Elektron Bankçılıq" laboratoriyası yaradılacaq. Birgə əməkdaşlıq çərçivəsində yüksək akademik göstəriciləri ilə seçilən tələbələrə təqaüd verilməsi, tələbələrin bankın müxtəlif struktur bölmələrində təcrübə keçməsi, birgə elmi-texniki konfransların təşkili, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.



Qarşılıqlı əməkdaşlığın ilk addımı kimi bu gün "Made in Azerbaijan" müsabiqəsi də elan edildi. Müsabiqənin şərtlərinə əsasən, təhsil aldığı müəssisədən asılı olmayaraq bütün tələbələr 12 Aprelə qədər Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını biznesideya@unec.edu.az ünvanına göndərməlidir. Münsiflər heyətinin qərarına əsasən seçilən ilk 3 biznes ideyanın sahibləri mükafatlandırılacaq.



Kapital Bank Azərbaycan Dövlət İqtisad Universiteti ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində tələbələrin daha keyfiyyətli təhsil alması üçün müxtəlif innovativ layihələrin həyata keçirilməsini planlaşdırır.



Ətraflı: www.kapitalbank.az, facebook.com/kapitalbank