Dünyanın ən dəbdəbəli avtomobillərinin istehsalçısı olan “Rolls-Royce Motor Cars” şirkəti nəfis səyahətin əsl sənət olmasına bələddir. Müştərilərini dəbdəbə ilə əhatə etməyə cəhd göstərən şirkət ən güclü modelin – “Rolls-Royce Wraith” sahibləri üçün eksklüziv yol çantaları və çemodanları kolleksiyasını hazırlayıb.



İdeyanın müəllifi “Rolls-Royce Bespoke” şöbəsinin dizayneri Maykl Braydendir (Michael Bryden). Onun studiya həmkarları isə “Rolls-Royce Motor Cars” şirkətin dizayn üzrə direktoru Cayls Teylorun rəhbərliyi altında sözügedən ideyanı həyata keçiriblər. Kolleksiyaya iki “Grand Tourer” çemodanı, üç “Long Weekender” çantası və axşam geyimi üçün “Garment Carrier” çexolu daxildir. Hər bir aksessuarın quruluşu ətraflı düşünülüb ki, onlar “Rolls-Royce Wraith”in yük yerində ideal yerləşdirilir. “Rolls-Royce” avtomobili kimi kolleksiyadan olan hər bir əşya da müştərinin istəyinə əsasən sifarişlə hazırlanır.



Baqaj aksessuarları kolleksiyasının üzərində işləyərkən dizaynerlər məsləhət üçün ən tələbkar müştərilərin əşyaları ilə düzgün rəftar etməyi bacaran insanlara, dünyanın ən nəfis otellərin idarə başçılarına müraciət ediblər. Erqonomik aksessuarlar iş adamları və şirkət rəhbərləri üçün olduqca önəmlidir, çünki onlar günün əksər vaxtını yolda keçirirlər. Onlar üçün baqaj əşyaları sadəcə dəbli aksessuar deyil, həmçinin özləri ilə səfərə götürə biləcək evin bir hissəsidir.



“Bespoke” şöbəsinin dizayneri Maykl Brayden bildirib: «“Wraith Luggage” kolleksiyası altı məhsuldan ibarətdir ki, hər birində “Rolls-Royce” avtomobilinin unikal estetikası canlandırılıb. Aksessuarların hazırlanmasında qabaqcıl texnologiyalardan və müasir materiallardan istifadə olunub və ustalıqla brendə aid təkrarolunmaz tərzdə həyata keçirilib. Nəticədə, yeni kolleksiya olduqca yüksək keyfiyyətli alınıb. Həm də nəzərə almaq lazımdır ki, sözügedən kolleksiya xüsusilə “Rolls-Royce Wraith” – dünyanın ən “centlmen qran-turizmosu” üçün hazırlanıb



“Wraith Luggage” kolleksiyası ilə “Rolls-Royce”un nadir gözəlliyi səyahətçini yolboyu müşayiət edəcək. Hər bir çantanın eksteryeri 1911-ci ildən etibarən avtomobillərin kapotunda yerləşdirilən əfsanəvi “Vəcd ruhu” heykəlciyin təsviri ilə tanınacaq.



“Rolls-Royce Motor Cars” şirkətinin baş direktoru Torsten Müller-Otvos (Torsten Müller-Ötvös) qeyd edib: “Maykl Braydenin kolleksiyası bir daha onu vurğulayır ki, bizim dizaynerlər ser Henri Roysun tanınmış vəsiyyətinə əsaslanırlar: ”Mövcüd olanlardan ən yaxşısını götürün və daha yaxşısını yaradın. Ən yaxşısı yoxdursa, onu özünüz yaradın”. Yeni kolleksiyanın hər bir elementi sahibin individuallığını vurğulayır, onlar nəfis və müasirdir, bundan başqa, onları işlətmək olduqca xoşdur”.



“Wraith Luggage Collection” aksessuarlarını “Rolls-Royce Motor Cars” şirkətinin rəsmi diler mərkəzlərində əldə etmək olar.