Marketer Məhərrəmin fantastika janrında proqnozu. Oxuyun, vaxt gələcək, şahid olacaqsınız.



Texnologiya əsridir. Xalxın uşağı min oyundan çıxır. Problem də ondadır ki, bir çoxları da bu oyundan təkərə düşüb “mən də edəcəm” deyirlər. Amma anlamırlar ki, dünyaya trendləri supergüclər gətirir. Pokemon Go kimi oyun əminəm ki, hansısa inkişaf etməkdə olan ölkədən çıxsaydı bu qədər maraq olmazdı. Necə deyərlər kasıb kişinin bığları da gülməli görünür. Amma güclü birində bığ kişilik, cəsarət, xarakter simvoludur. Həyata bu gözdən baxanda bir az yaşamaq da asan olur.



O gün bir saytda oxuyuram ki, bəs yaxın 10 ildə insanlar daha çox telefon asılılığından əziyyət çəkəcəklər. Mən isə başqa cür düşünürəm. Yaxın 10 ildə insanlar telefon asılılığına düşməyəcək, əksinə elə telefonun özünə çevriləcəklər. Qəribə gəlməsin. Kopoğlunun dünyası bizə “olmaz” dediyimiz hər şeyi “gördün necə olur?!” dedizdirməyi bacarıb. Yaxın illərdə bilirsiniz necə olacaq? Adamı əməliyyat edib telefonun mexanizmini onun içinə yerləşdirəcəklər. Beləcə o telefonu gəzdirməyə ehtiyac qalmayacaq. Adam özü telefon olacaq. Ürəyin, məsələn, Samsungun təzə modelini istəyəndə gedib qəpik-quruşa özünü əməliyyat etdirib içindəki İphonu çıxarıb təzə Samsunq qoyduracaqsan.



Bu ərəfələr də banklar zad kampaniya edəcəklər. Nə bilim, “Samsung Galaxy 18 al, əməliyyatın pulunu 6 aya ödə” zad :) Klinikiların birinci mərtəbəsi telefon dükanı, ikinci mərtəbəsi resepşn, 3-cü mərtəbəsi əməliyyat otağı olacaq. Bazarda çoxlu ikinci əl “qarından çıxmış” telefonlar satışda olacaq. Sevgililər bir-birilərinin telefonunu dəyişdirəcəklər. Əl-ələ tutub əməliyyata gedəcək, bir-birilərinin telefonunu dəyişməklə sevgilərini sübut edəcəklər. Uzi aparatları təzə çıxan telefonların diaqnostikasını daha baha edəcəklər. Telefonlar köhnəldikcə isə təzə çıxan uzi aparatları onları göstərməyəcək. Gərək mütləq telefonu dəyişəsən. Bu da marketinq gedişi, Azərbaycanda həkimlərlə telefon dükanlarının təzə “fırıldağı” olacaq. İllər ötdükcə maxinasiyalar da texnoloji olaraq yenilənəcək.



Yaxşı, deyək bu telefonları türkün məsəli, “içimizə yerləşdirdilər”. Sonra nə olacaq? Necə işləyəcək. Çox sadə. Ayda, kvartalda bir gedib qısa muayinədən keçəcəksən. Görüm ekranı çartlayıbmı, mədə ilə toqquşmayıb ki, su keçməyib ki zad. :) “Zaryadka” işi də çox rahat olacaq. Hələlik 2 yolla olacaq. Biri oturduğun yerdə “razetka” varsa, sənin blutuzunla razetkanın blutuzunu cütləşdirəcəksən, yığmağa başlayacaq. Yəni anlayacağınız razetkalar da daha blutuzla işləyəcək. Kabelə, şnura ehtiyac olmayacaq. İkinci yol isə bugünkü “powerbank” məntiqinin təkmil versiyası olacaq. Yəni insan özü oturanda blutuzla, vayfayla qoşulub artıq enerji yığa biləcək. Bədəndə bir yerdə onlar depolanacaq. Sonra məsələn, dostunla görüşmüsən deyək. Zaryadkan azdısa, əlini onun çiyninə qoyub ondan enerji almağa başlayacaqsan. Amma bu real razetka blutuzundan daha az yığacaq. Sonra tədbirlərdə powerbank promoter qızlar olacaq. Qəşəng olacaqlar. Batareya şirkətləri qəsdən qəşəng qızları seçəcəklər ki, camaat yalandan da olsa, əlini qızın çiyninə qoymaq üçün gəlsin, guya zaryadka eləsin telefonu. Event, model şirkətləri də bu inkişafdan payını alacaq. Aha, zaryadka məsələsi də belə həll olacaq.



İndi keçək daxili iş sistemlərinə. Sağ əlini qaldıracan gözünün önündəki displeydə mesaj qutusu çıxacaq, gözünlə adamı seçəcən və ona əlinin üstündə, dizində, nə bilim üfuqi hər yerdə lazer klavyelərdən istifadə etməklə mesaj yazacaqsan. İndi insanlar bir-birini qorxutmaq üçün, əsasən də oğlanlar necə dodaqlarını qabağa verib “muçqurur a” ondan vzv atmaq üçün istifadə ediləcək. Gözünün önündə adamı seçib dodağınla muçqurdunsa, adama vzv gedəcək. Öskürəndə gələn zəngə “I am busy, call me later” tipli bir şey, asqıranda “I can not talk now” zad, ağzınla eeee eləsən isə “müsait değilim” demək olacaq. Şəkil çəkmək də maraqlı olacaq. Məsələn, yanından qəşəng qız keçəndə eynəyini bir az əlinlə aşağı doğru gətirib o adama baxdınsa, “print screen” edəcək. Şəkil çəkmək üçün isə mütləq eynək lazım olacaq. Eynəyin şüşəsi meqapiksellərə görə dəyişəcək. Burada da eynək satanların bəxti gətirəcək. Sonra məsələn, qabağa gedə-gedə dalı çəkə biləcəksiniz. Amma dalı çəkən kameranın meqapikseli bir az aşağı olacaq.



Ciblərimiz fləş kart, micro card, hard disk rolunu oynayacaq. Əlini cibinə salanda eynəyində telefonun fləş kartı çıxacaq, oradan mahnı zad seçib əlinlə cibində play-i basacaqsan. Sonra sevimli nömrələrə qısa yol düymələr də olacaq. Əlini ürəyinin üzərində tutmaqla avtomat sevimli nömrələrə zəng edəcək. Atanızı məsələn ürəyin sol, ana sağ, sevgiliniz, yoldaşınızı isə ürəyin ortasına doğru tutanda yığa biləcəksiniz. Nə gizlədim, adamlar bir-birinə “trupkabaş” kimi incə və guya mənalı zarafatlar da edəcəklər.



Aha, bəs telefonu koda necə qoyacağıq?! Çox sadə. Olduğunuz yerdən asılı olmayaraq müxtəlik koda qoyma metodları olacaq. Məsələn, ekran kilidi üçün sol ayağınızı bir dəfə yüngül yerə vuracaqsınız. Kilidi kodla açmaq istəyirsinizsə, 2 ayağınızı da yerə basmalısınız eyni anda. Kodu isə bayaqkı kimi eynəyin ekranında gözünüzlə yığırsınız. Telefonu pinə salmaq üçün isə əyilib qaxlmalısınız. Pin yaddan çıxıb bərpa etmək istəsəz bir kruq qaz yerişi getməli olacaqsınız. Telefonu zavod nastroykalarına salmaq üçün isə münasib bir yerdə 1 dəq uzanıb eynəkdən o menyuya keçmək lazım olacaq.



Mobil operatorlar meqabaytlı internetləri çörəyin, siqaretin içində satacaqlar. Çörəyi yedikcə içindəki meqabayt avtomat qarnınızdakı telefona yüklənəcək. Və ya siqareti çəkdikcə. Ucuz siqaret alsanız, internetiniz tez-tez kəsiləcək. Burada da siqaret satanlar yaxşı qazanacaq. Kontur göndərmək də rahat olacaq. Kontur göndərmək istədiyiniz adam yanınızdadırsa, bir qapaz, bir təpik bəs edəcək. Saya görə konturun miqdarı da dəyişəcək. Uzaqdadırsa, o zaman adını çəkib əlinizin şəhadət barmağını boğazınıza çəkəcəksiniz (məni boğaza yığıb ifadəsini göstərən işarə yəni) Bu da belə. Başqa nə qaldı. Diktafona keçmək üçün qulağınızdan iki dəfə çəkəcəksiniz HD keyfiyyətdə səs yazacaq. Burnunuzu tutub 10 saniyə qalsanız, telefonunuz Siz suya girəndə, hamamda zadda da işləyəcək. Google-a girmək üçün bir az başınızı yuxarı tutub sağ gözünüzü azca qıymanız kifayət edəcək. İnternet açılana kimi gözünü qıymalısınız, yoxsa, bəbək içəridə elə hey fırlanacaq, “loading” işarəsi kimi.



Son söz əvəzi



Nə bilim, bildiyiniz telefonu bir insana düzgün yerləşdirəcəklər. Və insan telefondan asılı olmayacaq. İnsan elə telefonun özü olacaq. Sadəcə o gün gələnə kimi bir az dözmək lazım olacaq. Olan isə bu ana qədər telefon üstündə dalaşan, ayrılan, söz-söhbəti düşən adamlara, dostlara, sevgililərə, ər-arvada olacaq. O ana qədər tərəflərdən kimsə onun yanında yazışdığı üçün dalaşıb ayrılmış, kimsə saatlarla onun içinə girib çıxa bilmədiyinə görə dalaşmış, kimsə də gizlin-gizlin min bir adamla yazışdığı üçün sevgilisindən ayrılmışdı. Hətta oxuyuram deyib, telefonla qurtdalandığına görə evdə atası, dərsdə müəlliməsi tərəfindən döyülənləri demirəm. Eybi yox, hər dövrün bir qurbanı olmalıdır. O dünyada buna görə onların cəzası olmayacaq. Texnologiyanı görmədiklərinə görə nə günaha, nə savaba yazılacaq.



Əziz dostlar, başınızı qaldırın. Başı aşağı qabağa getmək olmur. Qaldırın, görün göyün üzü nə gözəldir. O gözəlliyə görə bir ömür asfalta baxmağa dəyərmi? Çıxın o telefonun içindən. Atalarımız o vaxt “oyan qəflət yuxusundan” deyib şer yazırdılarsa, bugün gərək “çıx o telefonun içindən” deyib qoşma, gəraylı, təcnis, dodaqdəyməz yazsınlar. Nə qədər olar axı.


P.S. Zaryadkam bitir, gedim telefonu qoşum gəlirəm :) :) :)



P.P.S. Yazıda müxtəlif dillərdə olan sözlərdən yeri gəldi-gəlmədi istifadə edilmişdir. Buna görə müəllif məsuliyyət daşımır. Yazının da müəllif hüquqları qorunmur, əksinə vəhşicəsinə pozulur. Salamat qalın.



P.P.P.S. Bəyəndinizsə, paylaşın ki, hamının xəbəri olsun, sonra demədi deməsinlər.