Renault yeni növ ünvanlı reklam və onun istehlakçıya çatdırılması metodunu yaratdı. Şirkətin hazırladığı texnologiya, avtomobilin nömrə nişanının köməyi ilə onun model və markasını müəyyən edir, bundan sonra isə ekranda konkret sürücüyə ünvanlanmış reklam mətni görünür. Mətndə avtomobilin markası, rəngi və ya konfiqurasiyası göstərilir. Bununla fransızlar yeni “Renault Megane”a diqqət çəkmək istəyir. Hal-hazırda texnologiya London rayonlarının birində sınaqdan keçirilir.
“Automotiveworld.com”un yazdığına görə, sistem I-Spy adlı oyun əsasında yaradılıb. Bununla belə yaradıcılar əmin edir ki, reklam sürücüləri yoldan yayındırmayacaq, belə ki, reklamı yalnız stop xətdə işıqforu gözləyən sürücülər görəcək. Renault əmin edir ki, reklamın konkret sürücüyə ünvanlanmasına baxmayaraq, onun avtomobili ilə bağlı heç bir şəxsi məlumat saxlanılmayacaq və ya başqa bir yerə ötürülməyəcək. Avtomobili izləmə kameraları reklam lövhələrinə quraşdırılıb.