Bu yaxınlarda Qafqaz Universitetinin bağlanması haqqında xəbəri yəqin ki, eşitməyən qalmayıb. Mən məsələnin siyasi tərəflərinə qarışmıram. Səhvdir, düzdür, tələsik addımdır, deyil bu mövzulara girmədən öz növbəmdə Qafqaz Universiteti haqqında fikirlərimi paylaşmaq istəyirəm. Bu arada onu deyim ki, nurçu falan da deyiləm Onlarla heç bir əlaqəm yoxdur. Nə də onlara aid olduğu deyilən hansısa məkanı bitirib, hansısa işlərində çalışmışam. Amma o liseylərdən gərək əlimi vicdanıma qoyub deyim ki, bir nəfər pis insan tanımamışam. Xeyli dostlarım var, hamısı da savadlı, alicənab. Bəli, savadlı və alicənab. Bugün də onlarla dostluq edirəm, onlarla həm də fəxr edirəm. İnsanın yaxşı dostları olmasa, dünyada ondan kasıb adam yoxdur. Gərək adam doğru hesab etdiyini deməkdən çəkinməsin. Bu belə.
Qafqaz Universiteti ilə bağlı hələ universitetdə oxuduğum illərdən ancaq xoş sözlər eşitmişəm. Bu bloq yazımda mən hər şeyi bir kənara qoyub Qafqaz Universitetindən bizim təhsil sistemi nələri öyrənməlidir haqqında yazacam. Bağlandı, əl dəyişdirdi fərq etməz bir təcrübənin öyrənilməsi üçün kifayət qədər uzun zaman fəaliyyət göstərdilər. Bəs onlardan sırf təhsillə bağlı nələri öyrənməliyik.
Qafqaz Universitetində rüşvət yox idi
Universitetə yeni girmişdim – İqtisad Universitetinə. Bu o vaxtlar idi ki, rektor yeni dəyişmişdi, xəbər yayılmışdı ki, daha rüşvət olmayacaq falan. Amma bu çox az çəkdi, sonra sağ olsunlar hər şey “axarına düşdü”. Hələ o vaxtdan hamı ağız dolusu danışırdı ki, Qafqazda rüşvət yoxdur. Bir nəfər də imtahanı özü oxumasa keçə bilmir. Təbii ki, eşitmişdik ki, çox da sıxmırlar bəzən, amma əsla rüşvət yoxdur. İllik təhsil haqqı var, vəssalam. Bizə qəribə gəlirdi ki, necə ola bilər axı hamı oxusun. Özümüzdə görməmişdik axı. Baxın, mən 2003-cü ildə universitetə daxil olanda qrupumuzda 23 nəfər var idi, onların 21 nəfəri pulsuza daxil olmuşdu, 1 nəfər pullu, 1-i də sonradan bizə köçürülmüşdü. Bu o deməkdir ki, 21 nəfər kifayət qədər savadlı uşaqlar idi. Amma ilk kursun elə ilk semestrindəki “teatr”dan sonra o 21 nəfərin ən az yarısı, 2-ci semestrdə bir daha yarısı, 2-ci kursdan isə 2-3 nəfəri çıxmaq şərtilə demək olar ki, hamı dədə-baba qaydası ilə məsələsini həll edirdi. Başları yox idi?! Əlbəttə var idi. Sadəcə müəllimlər öyrətmək üçün dərs demirdilər, imtahanı da kəsmək üçün keçirirdilər. Müəllimin o niyyətini də görəndə istər-istəməz hamı sona qədər mübariz ola bilmirdi. Məktəbdən yeni çıxmış şagird, müəllim qışqıranda qorxurdu. 5-ə bilməsə də, 4 yazmaq olar dediyimiz bütün tələbələr sıxışdırılırdı. Get-gedə əzmi də sınırdı, birdəfəlik başını buraxırdı. Azlıq çoxluğa tabedir. Bizdə pul verəndə heç kim utanmırdı. Əksinə kimsə yığım prosesində iştirak etməyib mən özüm verəcəm deyirdisə, ona qəribə baxırdılar, simic, demoqoq falan deyirdilər. Nə ölməli vaxtlar idi e deyirəm – simic özü də. Bəli, Qafqaz Universitetində isə bunlar yox idi. Hələ mən bildiyim 2003-də. Aradan 10 ildən çox vaxt keçdi, indi tam obyektiv demək lazımdır ki, 10 il sonra UNEC-də rüşvət demək olar ki, yığışdırılıb. Ədalət müəllimin əzmini çox yüksək qiymətləndirirəm, dəyişikliyi gözü ilə görən biri kimi ancaq alqışlayıram. Amma 10 il keçdi də. 10 ildə neçə min insan “narxozu” yox, orda öz gələcəyini “bitirdi”. Bugün onların çoxu yəqin ki, əziyyət çəkirlər. Biz kaş ki, o vaxtdan QU-dan rüşvət almamağı öyrənəydik.
Qafqaz Universitetində müəllim-tələbə münasibəti bir başqa cür idi
Məktəbdə 6-cı sinifdə oxuyanda litseyə imtahan verib keçməmişdim. 2-3 balım çatmamışdı. Çox pis olmuşdum. Qismət ki, orta məktəbi 207-də bitirdim. Onda qonşuda falan litseydə oxuyanlardan eşidəndə ki, müəllimləri ilə futbol oynayırlar, mənə qəribə gəlirdi. Bizim məktəbin müəllimlərində elə şey yox idi. Sonra universitet gəldi, burada müəllim-tələbə münasibətləri bir az daha qabarıq üzə çıxdı. Müəllimlərin hamısına təbii ki, aid deyil, xahiş edirəm yozmayın oxuyanda. Amma əksər müəllimlərin niyyətində sizi kəsmək var idi deyə heç bir əlavə aktivlik, əlavə enerji və əlavə nəsə bilik təcrübə verilməsindən söhbət gedə bilməzdi. Mən cırmaqlaya-cırmaqlaya bütün dərslərimi özüm oxumuşam, iqtisadda dalaşmadığım 2-3 müəllim var idi, qalan hamısı ilə dalaşıb qara kəmər almışdım Niyə? Çünki verdikləri suallar mənim nə qədər bildiyimi yoxlamaq üçün yox, “görüm hansında ilişəcək” məntiqi ilə verilirdi. Ona görə də müəllimlərə qarşı qəribə antipatiya var idi. Bunları yazmaq həqiqətən də çox ağırdır. İndi özüm də müəlliməm. Bunun nə demək olduğunu çox yaxşı başa düşürəm. Həqiqəti olduğu kimi demək lazımdır, kimi aldadırıq ki. Müəllim ilk dərsinə auditoriyaya daxil olanda uşaqlar 2 yerə bölünürdü. Birinci qrup uşaqlar müəllimin rüşvətə meyli olub-olmaması haqqında mərc edirdilər, ikinci qrup isə rüşvətin miqdarından və tapşın keçib-keçməməsindən mərcləşirdilər. Bu idi ilk təəssürat.
Sizə bir hadisə danışım. 1-ci kursda bir az aktiv idim, heç kim və heç nə vecimə deyildi. Sözü gömrüksüz guppuldadırdım. Amma həm də bütün dərslərimi oxuyurdum. Siyasi tarix imtahanında yüksək qiymət aldım, bu ərəfədə dekanımız içəri girdi. Siyasi tarix müəllimi başladı məni dekana tərifləməyə ki, bəs xaricə belə uşaqları göndərmək lazımdır zad. Dekan hə-hə elədi çıxdı getdi. Sonra yadıma gəlmir aradan nə qədər keçdi, kimisə universitetdən qovmuşdular, dekan da əlində həmin uşağın əmrini koridordakı lövhədən asmağa gedirdi və yolda qarşılaşdıq. Salamdan sonra əlindəki əmri mənə göstərib bic-bic güldü. Nə demək istədiyini təbii ki, başa düşdüm. Amma məni başqaları ilə səhv salmışdı Hələ irəlidəki kurslarda onu çox çərlədəcəkdim.
Yəni əziz dostlar, o yerdə ki, münasibətlərdə tərəflər nəyəsə məcbur olur, hələ məcbur olduğu şey yumşaq desək xoşa gəlməyən şeydir, o münasibət heç vaxt normal olmaz, it-pişik kimi olar. Bir müəllimimiz 5-ci gün uşaqdan pulu alıb ki, 1-ci gün gələrsən yazacam. 6-cı gün marketə gedəndə yolda yıxılıb rəhmətə getmişdi. Qızı da bizim universitetdə işləyirdi. Uşaq gəlib qızına məsələni danışmışdı, qızı isə “mən nə bilim düz deyirsən, onu qaldırıb soruşa bilmərəm axı” demişdi və uşağın pulu da beləcə batmışdı. Bu söhbət təbii ki, yayılırdı. Bunu eşidən adam, tələbə xatirəsində nə saxlayardı ki. Amma Qafqaz universitetinin müəllimlərinə diqqət edin xahiş edirəm. Müəllimdən öncə insandırlar. Səmimidirlər. Mən yenə deyirəm hər şeyi bir kənara qoyaq gəlin təhsilə, müəllimliyə, insanlığa diqqət edək. Bir evin 2 oğlu belə mühitdə fərqli adam olurdu. Qardaşı litseydə oxuyub, özü adi məktəbi bitirən var idi. Aralarında fərq o qədər idi ki. Demək ki, insan məsələsi deyil, mühit, sistem məsələsidi. Necə olur ki, x universitetində rüşvət verən müəllimlərin savadsız deediyi tələbə, Qafqazda pulsuz bitirə bilirdi. Sən vurmadın, mən yıxılmadım. Bəs necə oldu? Mümkün deyil axı. Qafqazda müəllimlər tələbələrlə dost idilər, müəllimlərini sevirdilər. Ciddi deyirəm, hələ mən oxuyan vaxtlarda Qafqazda konfranslara zada qatılardıq. Bizdəkilərin çoxu quş xatirinə keçirilirdi çünki. Orada müəllimlər ilə tələbə arasındakı münasibətə o qədər paxıllıq edirdik ki. Eh dərd birdir ki, hansını deyəsən.
Universitet idarəçiləri məmur deyildi
Bir dəfə dostumuz Yevlaxlı İlkin dedi ki, bəs Qafqaz Universiteti marketoloq, reklam sahəsində çalışan menecerlərlə görüşmək istəyir. Qəribə gəldi mənə, amma getdik. Bu haqda bir dəfə yazmışam, ona görə qısa mətləbə keçəcəm. Bizi rektor öz otağında qəbul etdi. Dedi ki, Siz cavansınız, bizim bir az vaxtımız keçib, siz indi marketoloqsunuz, bilirsiniz insanlar nə istəyir, biz də təhsil sahəsində çalışırıq. Nə edək ki, abituriyentlər bizi seçsinlər. Bəli, bizdən təvazökarlıqdan uzaq olsa da kömək istəyirdilər. Heç bir universitetin marketinq şöbəsi olmayan vaxt bunu qurmuşdular. Universitetin n qədər dərnəkləri, sosial fəaliyyətləri var idi. Real bazarda real rəqabət aparırdılar. Fərqli sektorlardan gələn menecerlər olaraq hərə bir fikir dedi, əlindən gələni bu səmimiyyət qarşısında etməyə çalışmışdıq. Bilirsiniz niyə? Çünki əvvəllər belə şey görməmişdik. Biz ancaq eşitmişdik ki, məsələn neft akademiyasında rektoru koridorda görmək olmaz, tələbəni görsə idi qovurdu universitetdən. Biz eşitmişdik ki, rektora uyğunsuz sual verən tələbəni bezənə kimi süründürürdülər. Biz eşitmişdik ki, rektor yox a, onun 2-ci, 3-cü müavini ilə görüşmək, dərdinə çarə tapmaq müşkül məsələdir. Ahmet Saniç idi rektor, uşaqlar deyirdi ki, hamı kimi növbəyə durur nahar vaxtı tələbələrlə birlikdə. Gəlin açıq danışaq da, bu bizdə yoxdur axı. Artistilik eləməyə nə lüzum var. Biz axı o qədər səmimi ola bilmirik. Mən ancaq öz gördüyümdən deyə bilərəm. Bizdə dekanlar belə hər fürsətdə tələbəyə o an üçün ondan üstün statusda olduğunu gözünə soxmağa çalışırdı. Bizdə univeristet bilmir ki, onun tələbələri hardadır, necədir. Mənim məktəbimin heç xəbəri olmadı mən hara girdim, necə girdim. Amma Qafqazda oranı ilk bitirən tələbənin belə indi harda işlədiyini, nə işlə məşğul olduğunu bilirdilər. Tez-tez görüşlər təşkil edirdilər.
Deyə bilərsiniz ki, məqsədləri vardı falan. Yaxşı onu qoyuram bir tərəfə, bəs Siz onda niyə bunu etmirdiniz ki. Bəs bilmirdiniz ki, boşluq davam etdikcə, onu da Siz doldurmadıqca, kimsə çıxacaq və bunu edəcək?! Yaxşı şeyləri bu qədər il içərisində niyə götürmədik ki? Biz hər şeyə birdən keçid etmək istəyirik, amma bu mümkün deyil. Sən başqasının 10 ilə keçdiyi yolu 1 ilə keçə bilməzsən. Bəlkə 6-7 ilə keçərsən, amma 1 ilə 100% yox. Onun üçün də toxumları vaxtında atmaq lazımdır. Ata bilmiriksə, bunu edənlərdən öyrənməliyik.
Dostlar, Qafqaz universitetinin bağlanmasına üzüldüm. Amma yəqin ki, bundan sonra özümüz məcbur olub daha yaxşı şeylər yarada biləcəyik. Buna çox ümid edirəm. Çünki çox şey istəmirəm. Mən də güclü dövlətin güclü vətəndaşı olmaq istəyirəm. Öyrənməyən tələbə öz gələcəyini, öyrənməyən ailə öz taleyini, öyrətməyən təhsil isə bütün gələcəyi məhv edir. Daha gözəl və güclü Azərbaycan üçün faydalı olmalıyıq. Ola bilməyəndə sadəcə zərərli olmamaq da faydalı olmaq kimi bir şeydir.
Növbəti dəfə daha faydalı olmaq diləyilə…