Bu günlərdə sosial media ictimaiyyəti qara camaat arasında çox reytinqli olan bir verilişin yayılan kadr arxası görüntülərini müzakirə edir. Görüntülərdə səhnələrin qurama olduğu, insanların hissləri ilə pul uğruna oynanıldığı aydın görünür. Hətta bir həkim studiyaya gətirilən xəstənin ayağa qalxmaması üçün ona uyuşdurucu iynə vurmağı aparıcıya təklif edir. Geniş rezonans doğuran bu kadrların hər hansı bir şəkildə üzə çıxacağı aydın idi. Çünki yerin də qulağı var. Bu verilişdə hər şeyin səhnələşdirildiyi, hətta aparıcının insanlara duyğusal görünmək üçün mələk donuna girdiyi haqqında çox əvvəllər danışılırdı. Bu haqda çoxdan eşitmişdim. Amma eşitmək ayrı, görmək ayrı.
Azərbaycandakı bizneslərin yalan üzərində qurulma halları olduqca çoxdur. Bu azalan da olsa, ümumi tendensiyadı. Məsələn, əgər kostyum almaq istədiyirsinizsə, and içirlər ki, "italyanski"di. Hansı ki, çoxu elə burda-Bakıda tikilir. Məsələn, ərzaq satan bir çox şirkət milləti aldadır ki, məhsulları yerli maldır, hansı ki, ya hər şeyi xaricdən gəlir sadəcə burda paketlənir, ya da elə xaricdə paketlənib gəlir. Məsələn, bazara yeni girmək istəyən şirkət milləti aldadır ki, bu şirkət xarici şirkətin nümayəndəliyidi. Əslində şirkət ya azərbaycanlınındı, qeydiyyatdan xaricdə keçib, ya da ümumiyətlə, xariclə heç bir əlaqəsi yoxdu. Mebel almaq istəyirsinizsə, hamısı "turetski"di. Bizdə sex mebeli filan yoxdu. O sexlər elə-belə işləyir, özləri üçün. Hələ "kitayski" paltarları türk adıyla sırıyanları demirəm. Adicə bal almaq istəyirsinizsə, özü evində aparatla şəkər tozundan düzəldə-düzəldə, Qax balı adıyla təqdim edir. Yalan üzərində biznes uzun müddətli olmur. Amma hələki bu tendensiyalar azalan xətlə də olsa, davam edir. Bəs niyə davam edir? Deməli,
1) Hər şey alternativə bağlıdır. İnsanlar seçim edərkən alternativlərə baxmalı olurlar. O alternativlərin arasında dürüst olanı yoxdursa, məcburiyyətdən də olsa, müştəri olurlar. Ya da dürüst olan qiymət və şərait baxımından əl çatmazdır. Məlum veriliş haqqında bir çox status rastıma çıxdı. Ən çox yayılanları da “guya, o biri verilişlər, çox düzdü?” və ya “bu verilişdə yalanlar çox olsa da, faktiki bir çox adam itirdiklərini tapa bilmirdi, imkanı yox idi, amma bunlar tapırlar” kimi statuslar oldu. Deməli, nə imiş, alternativsizlik imiş. Bu verilişdə indiki yayımlandığı kanalın etik qərarı ilə dayandırılmasa, ola bilsin reytinqlərini kəskin itirməyəcək. Amma bu hal dürüst bir alternativlə qarşılaşana qədər davam edə bilər.
2) Hər bir işin təməli halallıq və dürüstlük üzərində atılmalıdır. Amma biz görürük ki, bir çox biznes oğurluq pullarla qurulur. Dövlətdən oğurlanan pullarla, başqa insanlardan oğurlanan pullarla. Təməli yalan, oğurluq üzərində olan biznes sahiblərindən dürüstlük prinsiplərinə sədaqətli olmağı da gözləyə bilmərik.
3) Müştərilər özü də dürüstlük arxasıyca qaçacaq tiplər deyillər. Çünki, bir çoxu həyatını yalan üzərində qazanmış tiplərdi. Kimisi, pulla diplom alıb, kimisi rüşvət alıb pul qazanır, kimisi elə öz biznesində müştərilərinə yalan danışır, kimisi işlədiyi şirkətdə “otkat” almaqla məşğul olur, kimisi vergini az ödəmək üçün gəlirlərini az göstərib dövlətə yalan danışır, kimisi də hansısa “talkuçka”dan aldığı malı “tarqovu”dan almışam adı ilə təqdim edib, yalan danışır. Bu tiplərdən yalana reaksiya verməyi gözləyə bilmərik. O gün öz dilimizdə düzgün danışa bilməyən bir şirkət nümayəndəsini sosial mediada tənqid etmişdim. Amma bütün günü vətəndən, millətdən, türklükdən danışanların bir çoxu “bəli, sən düz deyirsən” deyə bilmədi. Buna cəsarət etmədilər. Çünki, fikirləşirlər ki, sabah iş üçün ora müraciət edə bilərlər, hansısa layihəyə sponsorluq üçün onlara müraciət edə bilərlər, hardasa, onlara işi düşə bilər. Bu istəsək də, belədi, istəməsək də.
4) Müştərilər arasında çirkaba batmayanları olsa da, onların da bir çoxu heç nəyin dərininə getmir, aldanmamaq üçün heç nə etmir. O qədər şəxsi problemləri var ki, indi heç həmin problemlər haqqında düşünməyə vaxtı yoxdur. Onda qalsın ki, nəyin dürüst nəyin səhv olduğunu ayırd etməyə vaxt itirməyə.
5) Müştərilərin zəkası və səviyyəsi doğru ilə yalanı, yaxşı ilə pisi, müsbətlə mənfini ayırmağa bəs etmir. Bizdə təhsil səviyyəsi aşağı olduğundan, təhsil sistemi insanı düşünməyə məcbur etməkdən çox, əzbərləməyə məcbur etdiyindən müştərilər arasında düşünə bilmə çox aşağıdır.
Yalanı pisləməklə bağlı olan atalar sözlərini xatırlayaq, “yalan ayaq tutar yeriməz”, “yalan 40 gün çəkər”, “düz əyrini kəsər”, “yalançının evi yandı, heç kim inanmadı”, “düz elə düz də qalar”, “ən böyük biclik düzlükdü” və s. Bu qədər yalanı pis qəbul edən bir cəmiyyətdə yalanın bu qədər çox yayılması da təəccüblüdür, deyə bilməyəcəm. Çünki, bir yerdə hansı nəsnə çox pislənirsə, bilin ki, orda həmin nəsnə çox yayılıb. Dürüstlüyün həyat prinsipi olduğu heç yerdə, dürüstlük bu qədər təriflənmir. Heç yadımdan çıxmır, 2012-ci ildə-cavan vaxtlarımda ölkədə qida məhsulları üzrə ən böyük şirkətlərdən birinə iş intervyusuna getmişdim. Rekruitment xidmətinin girişinə belə yazılmışdı: “Bizdə heç kimi, pulla, tapşırıqla işə götürmürlər”. Eynən belə yazılmışdı. Böyük həflərlə yazılmışdı. Plakat boyda yazılmışdı. Sonradan mənə məlum oldu ki, ora elə əksəriyyəti ya pulla, ya da tapşırıqla götürürlər.
Bəs nə edə bilərik? Mən şəxsi düşüncələrimi yazıram. Razılaşmayanlar özü bilər.
1) Məhrumiyyətlərə dözməyi öyrənməliyik. Bizi bir yerdə aldadırlarsa, həmin yerin də alternativi yoxdursa, həmin ehtiyacımızı ödəməyək. Nə olur olsun həmin yerdən imtina etmək məhrumiyyətlərdən biridir. Məhrumiyyətlərə dözməyi bacaran birini heç kim yalana məcbur edə bilməz. Yalanı ona görə danışmamalıyıq ki, daha rahat yaşaya bilək. Hər an yalanımızın üstünün açılacağı qorxusuyla yaşamayaq.
2) Biznesimizi dürüstlükdən güzəşt etmədən qurmalıyıq. Bu da bir məhrumiyyətdi. Çünki, düşmənlərimiz çox olacaq. Ancaq düşünək ki, bizim yalan üzərində qurduğumuz iş, doğru ilə qarşılaşana qədərdi. O doğru da hər an, hər yerdə qarşımıza çıxa bilər. Bəs, onda niyə işimizi belə qısa müddətli, qeyri-müəyyənliklər üzərində quraq? Bəlkə əvvəli çətin, amma axırı çox vaxt yaxşı olana tərəf gedək?
3) Düşünməyi öyrənməliyik. İnanın ki, düşünməyi bacarmaq dünyada ən böyük silahdı. Düşünə bilsək, təhlil edə bilsək, heç kimi bizi aldada bilməyəcək. Yalan üzərində qurulan bütün işlər də öz-özünə sabun köpüyü kimi yoxa çıxacaq. Onda biz daha keyfiyyətli yaşayacağıq. Çünki, tələb yoxdursa, təklif də yoxdur.
4) Həyatımıza yalan qatmamalıyıq. Öz həyatımızda dürüst olsaq, yalandan istifadə etməsək, yalan bizə daha pis təsir edəcək. Yalanı eşitməyə belə səbrimiz olmayacaq. Bizə yalan danışanlar artıq qarşılaşacağı reaksiyanı əvvəldən bildiklərindən qorxa-qorxa yalan danışacaqlar. Bəlkə də, danışmaqdan qorxacaqlar. Yalanı tərgiqsələr, biz yenə daha keyfiyyətli yaşayacağıq, daha rahat yaşayacağıq
Həqiqətən də, hər yalanın ömrü doğru ilə qarşılaşana qədərdi.