Dostlar, həftəsonundan istifadə edib bu dəfə sərbəst yazı yazmaq istəyirəm. Sərbəst mövzular ləzzətli olur, ürəyin istəyən kimi yazırsan, yetər ki, yazanda ədalət hissini itirməyəsən. Fərqi yoxdur tərifləyirsən, ya tənqid edirsən. Nə edirsənsə et, ədalət hissini itirməmək lazımdır. Əgər onu itirməyərək kimisə, hətta söyürsənsə, o söyüş söyülənin halalıdır Qazanıb onu!
Yadınızdadırsa, bir dəfə “ölülər” haqqında status yazmışdım. Allah Mirzə Cəlilə rəhmət eləsin. Onun yaratdığı obrazlar hələ də yaşayır. Adam bilmir buna sevinsin, ya ağlasın. Mən sevinmirəm, amma əlimdən də bir şey gəlmir. Deməli, ildə 20-dən çox fərqli aktivlik edirik dostlarla birgə. Fikir vermişəm, əsasən də 4 böyük aktivlik zamanı illərin “ölüləri” dirilir. Mən və dostlarım, bu müddət ərzində ancaq işimizlə məşğul olub, arxadan atılan heç bir daşa cavab vermədik. Amma məni tanıyanlar bilir ki, mən digər həmkarlarımdan fərqli olaraq demokratik biri deyiləm. Daha doğrusu son zamanlar belə olmuşam Yığıb-yığıb bir bloq həsr eləyirəm, ömürlərinin axırına kimi olmasa da, 3-5 illik bəs edir. Məsələn, Marketinqdə Rəqsanə metodu, Çaynikbaş metodu, 3B1D metodu – bu tip insanlara həsr edilmiş yazılardır. Özümü onlara cavab yazaraq niyə yorum ki, bir yazı yazırsan ox kimi batır, vəssəlam. Həm yazmağın üstünlüyü ondadır ki, gələcək nəsil də sabah bu yazıları oxuyub elə adamları ilk baxışdan, ilk statuslarından tanıya biləcək. Onu deyirdim axı. İl ərzində 2 dəfə Marketing AİR, 2 dəfə Digital AİR, Milli Marketinq Forumu, Digital Marketing Conference kimi tədbirlərimizdən bir ay əvvəldən köhnə və müasir ölülər qımıldanmağa başlayırlar. Aralarında haqlı tənqid edənlər, tənqid və fikirləri ilə ümumi işimizə faydalı olanlar var. Onların heç birinin haqqına girə bilmərəm, əksinə fürsətdən istifadə edib hamısına təşəkkür edirəm. Bu yazını da o keyfiyyətə malik insanlar zatən üstlərinə almazlar. Üstünə alanlar onsuz səhərə kimi qımıldanacaqlar. Görəcəksiniz onları statuslarından zaddan Səhərə qədər 1 terabaytlıq ağırlıq hiss edəcəklər üzərlərində. Deməli, bu adamların ancaq bir amalı var – qara yaxmaq, fürsətdən istifadə edib mən də varam demək, özünü ucuz pr etmək və nəhayət paxıllıq. Hə, unutmamış, bir də bunların ətrafında quyruq bulayıb, ikili oynayanlar da var. Mənim gözümdə şəxsən onlar o birilərdən daha aşağı yerdədirlər. Çünki öz mövqeləri yoxdur. Yazım sərt olur bilirəm, amma məşhur lətifədə deyildiyi kimi “nağarax eləməliyik də” Deməli, bu adamlar əsasən işsiz-gücsüz adamlardır, “əşşi nəyimə lazım, onsuz işim-gücüm var” deyib bütün günü FB-də sülənirlər. Amma dindirsən, Trampda səhv tapacaq, Obamanın şəklini trollayacaq. Halbuki, duxu çatıb qulağının dibində jeklərinin müdirinə etiraz edə bilməz. Bir dəfə o adamlardan birini yolun qırağında gördüm. DYP saxlamışdı, ancaq ayaqları çöldə idi, digər bütün orqanları ilə sağ pəncərədən içəri girmişdi. Di gəl ki, statuslarına baxsan, “pul verməyin, rüşvət pisdir, hanı ədalət” və s. Nə isə. Heç bir iş görməyib ancaq işi-gücü o pisdir, bu pisdir, təlim boşdur, kitab boşdur. Daha fərqində deyillər ki, əslində boş olan başlarıdır. Heyf o bədəndən ki, o boş başları üzərində gəzdirmək kimi məsuliyyətləri var. O dünyada bədən öz haqqını o boş başdan tələb edəcək. Yenə də deyirəm ki, haqlı tənqidlərlə işim yoxdur. Amma “babam mənə kor deyib nə gəldisə vur deyib” məntiqi ilə az qala müzakirə sonunda “voopşe sən kim olmusan”a gətirib çıxaranlaradır sözüm. İndi fikir verdim ki, həmişə olduğu kimi girişim yenə uzun oldu. Özümdən asılı deyil. Əslində demək istədiyim başqa şeydir.
Bugün mən “kitab satıb pul qazanırlar” deyən adamlara son çıxan “Bugünün Marketinqi 2″ kitabı nümunəsində cavab vermək istəyirəm. Daha doğrusu mən heç nə yazmayacam, riyaziyyatı 5-ci sinifə qədər oxuyan hər kəs özü görəcək. Keçdik mətləbə.
“Bugünün Marketinqi 2″ kitabının dizaynı YELLO tərəfindən DMC konsepti əsasında pulsuz edilib. Son 1 il ərzində facemark.az saytında yazısı getmiş adamları hər biri ayrı olmaqla bir yerə yığan isə facemark işçisi Qəmzə xanım olub, ən az bu işə 3 gün sərf edib. Daha sonra mən bu yazılara uyğun fəsillər düşünüb, sonra yazıları tək-tək oxuyub düzəlişlər etmişəm. Minimum 3 iş günü də buna sayaq. Daha sonra Rasim Qaracaya (Alatoran nəşriyyatı) çap üçün faylı göndərmişəm. Deməli, 300 tiraj üçün Rasim müəllim Allah da şahiddir ki, 980 azn qiymət dedi. Ona ən yaxın təklif verən digər adam 1700 azn demişki 300 tiraj üçün. Rasim müəllimlə razılaşdıq. Dostlar, gəlin indi sadə riyaziyyata keçək.
- Kitab çapı – 980 azn. 300 tiraj olduğunu nəzərə alsaq, bir kitab 3.27 azn edir.
- Kitabın satış qiyməti isə hər yerdə standart 6 azn-dir.
- Siz hamıdan yaxşı bilirsiniz ki, içi Ali-Nino daxil kitab mağazaları 40% marja ilə işləyirlər. Bu o deməkdir ki, hər satılan 6 manatlıq kitabın 2.40 manatını (6×40%) mağaza götürür. Əgər kimsə online sifariş verirsə, o zaman həmin 2.40 çatdırılma xidmətinə verilir. Halbuki, online sifarişdə bu kitab yoxdur. Dedim, sadəcə biləsiz.
- Deməli, kitabın mayası 3.27 azn + 2.40 (mağaza faizi) = 5.67 azn.
- İlkin görünən qazanc 6 azn – 5.67 azn = 0.33 azn, yəni 33 qəpik. (p.s. bu hissədə yüngülvari məni gülmək tutur )
- Bu günə qədər hər bir adamın adı qeyd olunaraq deyə və sübut edə bilərəm ki, 50 ədəd hədiyyə edilib. Hələ bu 50-dən çoxdur ki, az deyil. 50 ədəd hədiyyə kitabın maya qiyməti, mənim üçün isə xərci 50×3.27= 163.5 azn
- Forum günü isə 27 ədəd BGM2 satıldı. Buradan qazanc 27×2.73= 73.71 azn. 2.73 azn bu halda bir kitabdan qalan gəlirdir.
- İndi hesablayaq. 223 kitab (300-50 hədiyyə – 27 konfrans satış) hamısı satılsa, 1 kitabdan 33 qəpiklə toplam 73.59 AZN qazanmış oluruq. (223×0.33) Bunlar da yəqin ki, minimum 6 aya satılar. Hələ ki, çapdan heç 1 ay keçməyib.
- Baxın, kitabda həmmüəllif olanlardan onlara kitab hədiyyə etmədiyim üçün inciyənlər də oldu. 3-4 nəfərdən başqa heç bir həmmüəllif kitabı PR belə etmədi. Heç gözləmirəm də. Bunu da onlar üçün etməmişəm. Amma mən onların da PR-na xidmət edən bu kitabın reklamı üçün fb-yə 30 usd pul qoymuşam. Bu da götürək 1.70-lə 51 azn edir.
- Hədiyyənin xərci 163.5 azn, fb reklam xərci 51 azn, qalan 223 kitab satılsa, qazanılan pul 73.59 azn, konfrans satış qazancı – 73.71 azn. (73.59+73.71) – 163.5 -51 = – 67.2 azn mənim “qazancımdır”.
- Əlavə xərclər də var. Kitab DMC günü birbaşa nəşriyyatdan Kempinskiyə taksi ilə göndərildi – 10 azn. Və bu kitabı şəxsən özüm öz maşınımla 5 satış nöqtəsinə aparmışam. Xərci nə qədərdi bilmirəm. Özünüz hesablayın, 3.5 motordu )))
Uzun sözün qısası, yerdə qalan 223 kitab satılsa hələ minimum -77.2 azn ziyandayam. İndi kinoda deyildiyi kimi “onu bağışlamaq olarmı” sözünü “kitab satıb pul qazanırlar” deyənlərə ithaf etmək olar, ya yox? Yox, düz demədim, daha doğrusu düz yazmadım. Bu haqq-hesab o adamlara ŞİLLƏ olmurmu?
P.S. Dostlar, mən çox istərdim ki, kitab yazıb, satıb pul qazanım. Bundan gözəl nə ola bilər ki. Kiminsə haqqına girmirəm, cibindən zorla pulunu almıram. Bəyənməyən zatən almamaqla cəzalandırır yazıçını, elə deyil? Amma onu da əla bilirəm ki, hələ bir müddət də kitabdan pul qazana bilməyəcəyik. Yuxarıdakı misalda isə əksinə xərcə düşürük. Bunların fonunda isə təhqir eşitmək, şərəfsizlik görmək insana xoş gəlmir. Bu qədər. O cür adamlara bu cür ŞİLLƏ də azdır. Dincəlin!