Avqust ayının 28-də “Excelsior” hotelində “AtaBank” dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay International" şirkəti ilə təntənəli şəkildə tərəfdaşlıq müqaviləsi imzalamışdır.


Tərəfdaşlıq çərçivəsində AtaBank-ın bankomat və POS-terminallarında, emissiya etdiyi kartların sayına görə dünya lideri olan "UnionPay İnternational" kartları ilə əməliyyatlar etmək mümkün olacaq.


Qeyd edək ki, 2002-ci ilin mart ayında Çin Dövlət Şurası və "Çin Xalq Bank"ı tərəfindən təsis edilmiş "UnionPay İnternational" şirkəti emissiya etdiyi kartların sayına görə və kartlar üzrə tranzaksiyaların həcminə görə liderdir.


UnionPay dünyanın 162 ölkəsində xidmət göstərir. Kartlarının ümumi sayı 5 milyarddan artıqdır, bunlardan 70 milyonu Çin sərhədlərindən kənarda, dünyanın 40 ölkəsində emissiya olunub.


1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 % yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Göstəricilərinə görə Azərbaycanın lider banklarından biridir. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəni, 81 ATM və 18,000 POS-terminalı əhatə edən xidmət şəbəkəsi vasitəsilə fəaliyyət göstərir və korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.



“AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyevin çıxışı



Hörmətli media nümayəndələri, hörmətli qonaqlar!


Mən də sizi salamlayır, dəvətimizi qəbul edib gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm!


Əvvəla qeyd etmək istərdim ki, AtaBank artıq 25 ildir ki, bank sektorunda fəaliyyət göstərir və bu illər ərzində kifayət qədər ilklərə imza atıb. Əsasən bank kartları sahəsində bir çox yeniliklər ölkəmizdə ilk dəfə məhz AtaBank tərəfindən tətbiq olunub.


Hazırda bankımızın Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəni, 81 ATM və 18,000 POS - terminalı əhatə edən xidmət şəbəkəsi fəaliyyət göstərir. Artıq uzun illərdir ki, 100 faiz yerli kapitala malik olan AtaBank bütün korporativ və fərdi müştərilərinə müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri və sənədli əməliyyatlar kimi xidmətləri təklif edir.


Bankımızın müştəri bazasına yalnız Azərbaycanın deyil, ümumilikdə regionun iri şirkətləri daxildir. Bundan əlavə, AtaBank iqtisadiyyatın əksər sahələrində, sənaye, turizm, inşaat, kənd təsərrüfatı, ticarət və xidmət sferasi kimi müxtəlif sektorlardakı şirkət və təşkilatların kreditləşdirilməsini həyata keçirir.


“AtaBank” göstəricilərinə görə Azərbaycanın lider banklarından biridir. Bank 144.7 mln. cəmi kapitalı ilə ölkə bankları arasında 4-cü mövqeyi tutur. Bank aktivləri əvvəlki illə müqayisədə 30.4% artaraq 609.9 mln. manat təşkil edir və bu göstərici üzrə AtaBank ölkənin 31 bankı arasında 9-cu yerdədir. Fiziki şəxslərin müddətli əmanətləri 225,4 mln. manat təşkil edir ki, bunun sayəsində AtaBank ölkə bankları arasında 6-cı mövqeyi tutur.


Və bu gün AtaBank daha bir yeniliyə imza ataraq dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay International" şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayır. Güman edirəm ki, bu mühüm hadisə ölkəmizin bank sektorunun inkişafına xüsusi təkan verəcək.


Qeyd etmək istərdim ki, 2002-ci ilin mart ayında Çin Dövlət Şurası və "Çin Xalq Bank"ı tərəfindən təsis edilmiş "UnionPay İnternational" şirkəti emissiya etdiyi kartların sayına görə hal-hazırda dünyada birinci, kartlar üzrə dövriyyəyə görə isə ikinci yerdədir. UnionPay dünyanın 162 ölkəsində xidmət göstərir və ümumilikdə 5 milyarda yaxın kart emissiya edib.



Bildiyiniz kimi, Mərkəzi və Şərqi Asiyada böyük bir dövlət olan Çin, tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi və təsiri olan ölkə kimi hər zaman diqqəti cəlb etmişdir. Çindən məsafəcə uzaqda yerləşən Azərbaycan arasında münasibətlərin təşəkkülü qədim tarixi köklərə malikdir. Tarix boyu Çindən başlayan Böyük İpək yolu Azərbaycandan keçməklə Şərqi Asiya ölkələri ilə ticarət, iqtisadi və mədəni sahədə əlaqələrin yaradılmasına geniş imkanlar açmışdır.


Ulu öndərimiz, Ümummilli liderimiz Heydər Əliyev Çinin beynəlxalq siyasi və iqtisadi işlərdə böyük rol oynadığını və islahatlar keçirilməsində Çinin təcrübəsinin öyrənilməsinə Azərbaycanın maraq göstərdiyini dəfələrlə çıxışlarında qeyd edib. 1991-ci ildən etibarən Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə əlaqələr qurulmağa başladı. İkitərəfli sazişlər və protokollar imzalandı ki, bunlar da siyasi, iqtisadi-ticarət, mədəni sahələrdə əməkdaşlığın güclənməsinə ciddi təkan verdi.


Bu sahədə, Ümummilli lider Heydər Əliyevin, daha sonra isə Respublika prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına ardıcıl rəsmi səfərləri Azərbaycanın Şərq siyasətində mühüm addım olmaqla yanaşı onun Çin ilə əlaqələrində də yeni mərhələnin başlanğıcını qoydu. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası dünyanın ən böyük dövlətlərindən biri olan Çin Xalq Respublikası ilə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.


Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf edir.


Müasir dövrümüzdə Çin Xalq Respublikası böyük potensiala malik olaraq ən müasir texnologiyalar tətbiq edərək yüksək sürətlə tərəqqi edir. Bu gün Çin Milli Neft Korporasiyası, ümumilikdə Çin şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edirlər. Bu sahəyə böyük sərmayə qoyurlar. Çin şirkətlərinin neft layihələrində iştirakı ilə Azərbaycanda neft hasilatı artır.


2016-cı ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi təqribən 1 mlrd. ABŞ dolları olub. Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 5-ci, ixracda 10-cu, idxalda isə 3-cü ölkədir. Ötən il Azərbaycandan Çinə ixracının həcmi 5,1 dəfə artaraq 272 mln. ABŞ dolları, idxal isə 38% artaraq 704 mln. ABŞ dolları təşkil edib. 2017-ci ilin ilk 6 ayında da artım dinamikası davam edib və ölkələrimiz arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 395,6 mln. ABŞ dolları təşkil edib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdə Çin Xalq Respublikası ilə münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır və öz növbəsində Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına köməklik göstərəcəyini qeyd edib. Biz də AtaBank olaraq öz növbəmizdə bu ikitərəfli münasibətlərin daha da inkişaf etməsi istiqamətində çalışırıq və xüsusi ilə qeyd etmək istərdim ki, bu gün Azərbaycan bankları arasında POS-terminal şəbəkəsində lider olan AtaBank , emissiya etdiyi kartların sayına görə dünya lideri olan "UnionPay İnternational" şirkəti ilə əməkdaşlıqdan qürur duyur. Tərəfdaşlıq çərçivəsində bu gündən etibarən "UnionPay İnternational" kartlarının sahibləri AtaBank-ın bankomat və POS-terminallarında istənilən kart əməliyyatlarını həyata keçirə biləcəklər.