Oktyabrın 28-də ATGTİ-nin qərargahında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), “Kainat” Tədris Mərkəzi və “İdeal perfumery&cosmetics” şirkətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “İdeal məntiq” olimpiadasının təqdimat mərasimi keçirilmişdir.



Tədbiri giriş sözü ilə ATGTİ-nin sədri Şahin İsmayılov açaraq bildirmişdir ki, Azərbaycanda bu istiqamətdə olimpiada ilk dəfədir ki, keçirilir. Ölkəmizin sosial-iqtisadi sahədə gündən-günə inkişaf etməsi nəticəsində həm dövlət, həm də özəl qurumlarda işçi qüvvəsinə olan ehtiyacın forması dəyişir. Artıq mütəxəssislərdən tələb olunan kriteriyalara universitet təhsili kifayət etmir. İndi hər bir işçi dövlətin və ya çalışacağı şirkətin ümumi siyasətini bilməli, bazarı məntiqi analiz edə bilmək qabiliyyətinə malik olmalıdır. Bunları əsas tutaraq universitet tələbələri arasında olimpiadanın keçirilməsi qərarına gəldik. Məqsəd tələbələrin idraki qabiliyyət və düşüncələrini dəyərləndirmək, onların məntiqi təhsilə maraqlarını artırmaqdır. Sosialyönümlü olimpiada Azərbaycanın bütün bölgələrini əhatə edəcəkdir. Yaxın gələcəkdə orta məktəblərdə də bu qəbildən olimpiadalar təşkil etməyi nəzərdə tutmuşuq.


Daha sonra “Kainat” Tədris Mərkəzinin direktoru, olimpiadanın təşkilat komitəsinin rəhbəri İlqar Ağakişiyev olimpiada haqqında iştirakçılara ətraflı məlumat vermişdir. O bildirmişdir ki, olimpiada iki mərhələdən ibarət olacaqdır. Birinci mərhələnin qalibləri (təxminən 100 nəfər) ikinci mərhələdə güclərini sınayacaqlar. Birinci turdan keçmiş bütün tələbələr mükafatlandırılacaqlar. Mükafat fonduna Türkiyədə pulsuz magistr təhsili, kompyuter, mobil telefon, fotoaparat, elektron lüğətlər və s. daxildir.


Sonra söz olimpiadanın baş sponsoru “İdeal perfumery&cosmetics” şirkətinin nümayəndəsi Rafiq Vəliyevə verilmişdir. R.Vəliyev öz çıxışında bildirmişdir ki, bu tədbir “İdeal perfumery&cosmetics” şirkətinin maliyyələşdirdiyi ilk sosial yönümlü layihə deyildir. “Biz daim marifləndirici layihələrdə fəal iştirak edirik.”


Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.