“Cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib”.



Facemark.az APA-ya istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.



“Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb”, - nazir deyib.



S.Şərifov qeyd edib ki, bu ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: “Azərbaycanda iqtisadiyyatın resessiya tempi bir il ərzində 3,9 faizdən 0,6 faizədək azalıb. Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, ÜDM-nin 1,2 faizi qədər profisit (artıqlıq) əldə olunub”.



Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycanın qeyri-neft sektoru da 2,5 faiz artıb: “Qeyri-neft ixracının stimullaşdırılması nəticəsində xarici ticarət balansında 4,4 milyard dollar həcmində müsbət saldo yaranıb”.



Qeyd edək ki, rəsmi olaraq manat dollar qarşısında 11,4% möhkəmlənib. Fevralın əvvəli rəsmi məzənnə 1,92 səviyyəsinə qalxmışdı.