Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Boğaziçi Universiteti Menecment və İqtisadiyyat klubunun təşkilatçılığı ilə 17-23 iyun tarixində sayca 15-ci “Brandmarker” İnternational Marketing Communications Congress keçirilmişdir. Qeyd edək ki, Azərbaycanda konqresin media partnyoru Facemark onlayn marketinq jurnalı olmuşdur. Marketinq konqresə Facemark nümayəndələri də qatılmışdılar. Facemark saytı vasitəsi ilə bu ilki Brandmarker konqresinə 35 nəfərə yaxın azərbaycanlı tələbə qoşulmuşdur. Brandmarker-ə qoşulmaq istəyən tələbələr Facemark saytı vasitəsilə xüsusi ərizəni doldurmalı və seçim turundan keçməli idilər. 15 ildir ki, İstanbulda keçirilən Brandmarker-də bu il Türkiyə, Azərbaycan, Ukrayna, İtaliya və Şotlandiyadan olan 150-yə yaxın tələbə iştirak etmişdir. Brandmarker həmişə olduğu kimi Türkiyənin ən qabaqcıl universitetlərindən biri olan Boğaziçində keçirilmişdir. Konqresə qoşulan bütün tələbələr universitetin kampusundakı yataqxanalarda yerləşdirilmişdilər. Onların gündəlik qidalanması, əylənməsi və İstanbulun mədəni-tarixi məkanlarını gəzməsi konqresin baş sponsorları olan Unilever, Cornetto, Fruttare və digərləri tərəfindən maliyyələşdirilmiş, Boğaziçi Universiteti Menecment və İqtisadiyyat klubu tərəfindən təşkil olunmuşdur.
1 həftəlik konqresin gündəlik planlaşdırılması qabaqcadan ciddi şəkildə aparılmışdır. Tələbələrin qəbulu və yataqxanalara yerləşdirilməsi 17 iyunda başa çatmışdır. 18 iyunda Brandmarker ’12-nin direktoru Barış Karahan açılış nitqini söyləmişdir. Bu dəfəki Brandmarker-in əsas mövzusu “Social media” olduğundan bu sahə üzrə dünyanın və Türkiyənin ən qabaqcıl şirkətlərindən nümayəndələr tələbələr qarşısında təqdimatları ilə çıxış etmişlər.
Konqresin birinci günü dünya şöhrətli biznesmen və marketinq ekspert BJ Cunningham və BBDO Turkey İcraçı Planlaşdırma direktoru Haluk Sicimoğlu təqdimatları ilə çıxış etmiş və konqres iştirakçıları ilə maraqlı diskusiya yaratmağa nail olmuşdular. Səhər yeməyindən sonra saat 10:00-da başlayan konqres 13:00-a qədər davam edir, daha sonra isə nahar fasiləsi elan edilirdi. Konqres hər gün saat 18:00-da Fruttare tərəfindən təqdim edilmiş “Case Competition”la bitirdi. İlk gündə tələbələrə keys haqqında məlumat verilir, ikinci gün onların sualları cavablandırılır, daha sonrakı gün onların keys üzərində işləməsi üçün xüsusi vaxt və məkan ayrılır, konqresin son günü isə təqdimat və işləri Fruttare şirkətinin nümayəndələri qarşısında göstərilirdi. Axşam yeməyindən sonra tələbələr qruplara bölünərək öz bələdçiləri ilə birlikdə müxtəlif əyləncəli oyunlarda və turlarda iştirak edirdilər. Brandmarker zamanı tələbələr üçün Topqapı Sarayı, Ayə Sofya və Boğaziçi turları təşkil olunmuşdur. 20 iyunda, yəni konqresin üçüncü günü Saffron Consultants-ın əsasını qoymuş Wally Olins çıxış etmişdir. Çıxışından sonra iştirakçılar onun şəxsi imzası olan kitabları əldə etmişdilər.
Qeyd edilməlidir ki, hər gün iştirakçılara İstanbulun ən görməli yerləri nəsib olurdu. Konqres zamanı onlar İstanbulun ən hündür binası Sapphire İstanbul, şəhərin ən qədim restoranlarından biri olan Sultanahmet Köftecisi, Boğaziçi kafesi, Coco Clementine və Frame klubları, Topqapı sarayı, Ayə Sofya, Bosfor Boğaz gəzintisi və digər yerlərdə olmuşlar.
Bütün Brandmarker konqresi keçirildiyi dövrdə iştirakçılara Coca-cola Company şirkətinin içkiləri, Fruttare və Cornetto şirkətindən dondurmalar, ETİ şirkətinin şirniyyatları paylanırdı.
Konqresin son günü, 22 iyunda iştirakçılar üçün Bosfor boğazında gəmidə böyük bir tədbir keçirilmişdir. Gecəyarısına qədər davam edən tədbir zamanı gəmi boğazda bir neçə dəfə dövr etmişdir.
23 iyun tarixində isə iştirakçıların təntənəli şəkildə sertifikatlarla mükafatlandırma mərasimi keçirilmişdir. Azərbaycandan getmiş 35 tələbənin hər biri vətənə sertifikatla geri dönmüşdür. İştirakçılar və tələbələr səbirsizliklə növbəti Brandmarker-i gözləyir!
Brandmarker 21012-dən şəkillər saytımızın facebook səhifəsində yayımlanmışdır.
Əliyar Hüseynov
Facemark qrup rəhbəri