Rusiyada keçirilmiş futbol üzrə Dünya Çempionatı dövründə (DÇ-2018) ölkəyə gələn qonaqlarının ümumi sayı 6,8 milyon nəfər təşkil edib. Bunun yarıdan çoxu (3,4 milyon nəfəri) isə xarici turistlər olub.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu isə Rosturizmin proqnozlarından təxminən 3 dəfə çox olub. Belə ki, xidmət proqnozlaşdırırdı ki, DÇ-2018 dövründə ölkəyə 1 milyon nəfər turist gələcək. Ümumi statistika ilə bağlı məlumatları isə Rosturizmin rəhbəri Oleq Safonov deyib.


Rosturizmin məlumatına görə, DÇ-2018-in dövründə şəhər 2017-ci ilin analoji dövrü ilə müqayisədə 40% daha çox qonaq qəbul edib. Turistlərin ən çox ziyarət etdiyi şəhər isə paytaxt Moskava olub. Şəhərə gələn turistlərin ümumi sayı 3 milyon nəfər olub ki, bunun da 2 milyon nəfəri əcnəbilər təşkil edib. Moskvaya ən çox gələn turistlər isə Çin ( 223,2 min nəfər), ABŞ (167,4 min nəfər), Almaniya (81,6 min), Niderland (61,9 min), Fransadan (45,1 min) olub.


DÇ-2018-in effekti hələ bir neçə ildə turistlərin sayında özünü göstərəcək. Bu isə il ərzində ölkəyə gələn xarici turistlərin sayının 18%, daxili turistlərin sayının isə 10-26% böyüməsinə şərait yaradacaq.


Oleq Safonov isə deyib ki, DÇ-2018 Rusiya ilə bağlı yanlış miflərin və streotiplərin üstündən xətt çəkilməsində önəmli rol oynayıb: “DÇ-2018-in Rusiyada keçirilməsi ölkənin imici üçün strateji əhəmiyyətli hadisə olub. Çempionatın keçirilməsi bizə imkan verdi ki, Rusiya həqiqətləri haqqında daha doğru məlumatları ölkəmizə gələn xaricilərə göstərə bilək”.