Facemark.az Gilan Otellər Qrupunun – CEO-su, noyabrın 2-də təşkil ediləcək Biznes İdarəçiliyi Forumunun (BİF) İdarəetmə sistemləri panelinin spikeri Elgün Məmmədovla olan müsahibəsini təqdim edir.
- Elgün bəy, biznesdə idarəçiliyi necə sistemləşdirmək lazımdır?
İstənilən biznes mühitini sistemləşdirmədən əvvəl ətraflı diaqnostika etmək lazım olduğunu hesab edirəm. Əks halda lazımsız bürokratiyaya gətirib çixara bilər ki, bu da öz növbəsində biznesin təkamülünü əngəlləyər. Diaqnostika zamanı biznesin, istər daxili, istərsə də xarici tələbləri nəzərə alınmalı, tələblərə uyğun struktur, prosedur qaydaları və hədəflər müəyyən olunmalıdır. Strukturda vəzifə və səlahiyyətlər bölgüsü detallı analiz olunub düzgün tətbiq olunmalıdır. Artıq bütün bu işlər görüldükdən sonra aidiyyatı üzrə satış, istehsal və maliyyə sahələri və s. özəy sahələri avtomatlaşdırılmalıdır. Təsərrüfat vahidinin ireraxiyasının ən üst kürsüsü mütəmadi yaradılan sistemin funksionallığını analiz və lazım gələrsə dəyişiklik etməsini zəruri hesab edirəm.
- Azərbaycanda otel biznesinin bu günü nə yerdədir və gələcəyini necə görürsünüz?
2000-ci illərin əvvəlindən və xüsusən son 3 ildə Azərbaycan Turziminin indeksi yüksəliş dinamikasındadır. Əslində, son illərdəki turizmin inkişafı ölkədə baş verən devalvasiyanın pozitiv təzahürü oldu. Nəticədə “ Kütləvi gəlmə” turizm seqmenti inkişaf edir ki, bu da öz növbəsində ölkəyə valyuta axınını təmin edir. Xatırlatmaq istərdim ki, “Kütləvi gəlmə turizm” seqmenti yalnız mehmanxana və aviaşirkətlərin deyil, turizmə aidiyatı olan bütün sahələrə, restoran, dükan, muzey və qoruqlar, hətta bu obyeklərlə ticarət dövriyyəsi olan digər sənayelər, zavodlar, fabriklər və kənd təsərrüfatı sahəsi də bəhrələnir.
- Ölkəmizdə otel sektoru üzrə mütəxəssis yetişirmi?
Bildiyimiz kimi Qonaqpərvərlik sahəsi ölkəmizdə yeni sahədir və bu sahəyə maraq artmaqdadır. 10 il əvvəlki dövr ilə müqayisə etsək, əlbətdə ki, vəziyyət qənaətbəxşdir. Yalnız bilirəm ki, bu istiqamətdə işlər gedir, Azərbaycan Turizm Universitetində oxuyan, otelçilik və ümumilikdə turizmə həvəsi olan istedadlı gənclərin sayı artmaqdadır.
- Niyə, Azərbaycanda 2-3 ulduzlu otellərin sayı azdır?
Son 3 ilə qədər ölkənin ortalama otaq doluluq faizi 50% keçmirdi və belə olduqda, 2 və 3 ulduz otellərin mənfəətliyi az olur, çünki otaqların satış qiyməti aşağı olur. Yalnız dövlət miqyasında ölkənin tanıtımı istiqamətində görülən işlər, yeni aviareyslərin cəlb olunması, visa şərtlərinin asanlaşdırılması və s. kimi təşəbbüslər ölkənin ortalama doluluq faizini artırmaqdadır və bu da öz növbəsində qeyd olunan dərəcədə olan otellərə maraq göstərən turistləri də cəld edəcəkdir.
- Zəhmət olmasa, otelçilik sektoruna gəlişinizdən danışardınız. Bu sahəni cəlbedici və maraqlı edən nədir?
2001-ci ildə universitetdə təhsil alarkən, asudə vaxtlarımı səmərəli keçirmək üçün çalışmaq qərarına gəldikdə, yeni sahə olduğuna görə otelçiliyi seçdim. Yalnız otellərdə çalışan həmkarlarım bilər, şəxsi və iş həyatı balansı ağır olan sahələrdən olmasına baxmayaraq bu işdən ayrılmaq elə də asan deyil. 2001- ci ildən bu günə qədər bir çox yerli və beynəlxalq otellərin müxtəlif departamentlərində çalışdım və bu səhədə ikinci təhsil aldım. Cazib olan tərəfi öz prizmandan izah etsəm; qonaqlara xidmət zamanı bizə olunan təşəkkür bizim kiçik qələbəmiz olmaqla yanaşı, insanlara və ətrafa yararlı olmaq hissi yəqin ki otelçiləri bu sahəyə bağlayır. Eləcə də, səyahətlər müxtəlif millətlərlərin nümayəndələri ilə çalışmaq bu sahəni özünəməxsus maraqlı edir.
- Rəsmi məlumatlara görə, Azərbaycana gələn turistlərin sayı ildən ilə artmaqdadır. Bu, ölkəmizdə otel biznesinin işinə necə təsir göstərdi?
Əslində, oteldə qonaqların olmaması və ya az olması müəssisəyə maliyyə çətinliyindən də çox zərər vurmuş olur. Çünki otelçi üçün ən yaxşı məktəb hələ otelin özüdür və otel nə qədər çox qonaq qəbul edirsə əməkdaşı da bir o qədər təcrübə toplayır və daha yaxşı xidmət göstərir. Yekunda qonaqlar oteldən xoş təəssüratla ayrılır. Qeyd etmək istərdim ki istənilən oteli unikal edən, onun dəddəbəli lobbisi və ya otaqları deyil onun təcrübəli əməkdaşlarıdır. Əlbəttə ki, yaşamaqda olduğumuz artım otellərin işinə hər tərəfli pozitiv təsir göstərir.
- Elgün bəy, BİF2018-dəki çıxışınızdan danışardınız. Hansı mövzu və məsələlərə toxunacaqsınız?
Burada seçdiyim mövzu Effektiv İdarəetmədir. Biznes idarəçilik məktəblərində bizə bir işi qurmaq və ya düzgün idarə etmək üçün bir çox vasitələr öyrədirlər. Yalnız hər bir biznes, həcmindən və sahəsindən asılı olaraq unikaldır və öyrəndiklərimizi qavradığımız kimi tətbiq etdikdə hər zaman ən yaxşı nəticəni əldə etməmiş oluruq. Bu səbəbdən təhsil və iş təcrübəsi zamanı idarətmənin necə daha effektiv edilməsi barədə öz görüşlərimi paylaşmaq istərdim.
- BİF2018-də iştirak etmək istənlərə nə sözünüz var? Zəhmət olmasa, bu kimi forumların biznesə əhəmiyyətindən danışardınız?
Bir otelçi kimi auditoriyaya yararlı olmaq və onlara lazım ola biləcək məlumatı ötürməyə çalışacam. Əminəm ki, aralarında məndən dəfələrlə təcrübəli insanlar olacaq. Yalnız başlamaqda olan investorlarla necəsə yardımım toxunarsa çox şad olaram. Şübhəsiz ki, bu kimi forumlar müxtəlif sahələrdən olan iş adamlarının fikir və təcrübə bölgüsü üçün səmərəli platformadır və ölkə iqtisadiyyatının inkişafı üçün zəruridir.